Almaniyada vətəndaşların nasist əcdadlarını axtara biləcəyi xüsusi axtarış sistemi yaradılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniya KİV məlumat yayıb.
Almaniyada fəaliyyət göstərən qəzetlərdən biri vətəndaşlara öz ailə keçmişlərini araşdırmaq imkanı verən yeni bir axtarış xidməti istifadəyə verib.
Alman və Amerika arxivləri ilə əməkdaşlıq çərçivəsində yaradılan bu platforma vasitəsilə 12 milyondan çox sənəd üzrə məlumatlar yoxlanıla bilər.
Sənədlər əsasən 1925-1945-ci illəri əhatə edən nasist partiyasına üzvlük məlumatlarını özündə əks etdirir.
Yeni sistem sayəsində istifadəçilər sadəcə əcdadlarının adını axtarış bölməsinə daxil edərək, ailə üzvlərinə aid ola biləcək üzvlük kartları və ya fotoşəkillər kimi sənədlərin olub-olmadığını öyrənə bilərlər.
Qeyd edək ki, əvvəllər bu cür məlumatları əldə etmək üçün rəsmi inzibati sorğular göndərmək tələb olunurdu. İndi isə proses rəqəmsallaşaraq daha əlçatan hala gətirilib.
Xuraman Etibarlı
İnterpress.az