ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Yağan intensiv yağışlar bəzi ərazilərdə yaşayan ailələrə ciddi ziyan vurdu. Bu hadisələrdən sonra sənədsiz tikilən evlər məsələsi yenidən gündəmə gəldi. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov isə mətbuata müsahibəsində bildirib ki, sənədsiz evlərə su verilməyəcək.
Sənədsiz evdə yaşayan şəxslərin su ilə təminatı dayandırıla bilərmi? Bu qərar hüquqi cəhətdən uyğundurmu? Vətəndaşlar bu zaman nə etməlidir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında vəkil Cavanşir Qasımzadə bildirdi ki, sənədsiz evlərin su təminatı məsələsi həm qanuni, həm də insani tərəfdən çox mürəkkəbdir:
"Hüquqi baxmıdan bir şəxs abonent kimi qeydiyyatdadırsa və su pulunu vaxtında ödəyirsə, onun suyunu kəsmək qanunvericiliyə uyğun deyil. Çünki mövcud qanunlar suyun dayandırılmasını yalnız borc və ya qəza halları ilə əlaqələndirir. Lakin yeni tikilən və sənədi olmayan evlərə su xəttinin çəkilməməsi dövlətin şəhərsalma qaydalarına əsasən tətbiq etdiyi bir məhdudiyyətdir. Su insanın yaşaması üçün ən vacib ehtiyac olduğu üçün onun tamamilə kəsilməsi yaşamaq hüququna zidd hesab oluna bilər. Vətəndaşlar belə vəziyyətlə qarşılaşdıqda ilk növbədə yerli sukanal idarələrinə, daha sonra məhkəməyə müraciət edərək xidmətin bərpasını tələb etməli və ya evlərinin sənədləşdirilməsi üçün hüquqi proseslərə başlamalıdırlar. Eyni zamanda, kollektiv müraciətlər etmək də problemin həllinə kömək edə bilər. Əsas məqsəd bu məsələnin sosial gərginlik yaratmadan qanun çərçivəsində həll edilməsidir".
NURİYYƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.