Türkiyədə təhsil işçiləri tətil qərarı alıblar.
"Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb bu gün Şanlıurfada bir liseyə 18 nəfərin yaralanması ilə nəticələnən silahlı hücumun edilməsidir.
Xatırladaq ki, səhər saatlarında texniki peşə liseyinin keçmiş şagirdi Ömer Ket adlı 19 yaşlı gənc silahla məktəbə hücum edib.
“Hürriyetçi Təhsil və Elm İşçiləri Həmkarlar İttifaqı” 15-16 aprel tarixlərində bütün ölkə məktəbləri üzrə iki günlük tətil aksiyası keçirəcəyini açıqlayıb. Qurum hesab edir ki, Siverekdə müəllim və şagirdləri hədəf alan bu hücum məktəblərdə təhlükəsizliyin təmin olunmamasının birbaşa nəticəsi olub.
Aksiya təşkilatçıları məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və konkret addımların atılması üçün bütün təhsil işçiləri birləşməyə çağırılır.
Təşkilatın sədri Kadem Özbay bildirib ki, Siverek liseyində baş verən silahlı hücum məktəblərdə təhlükəsizlik sisteminin iflasa uğradığını göstərir.
Onun sözlərinə görə, “ən təhlükəsiz məkanlar olması gərəkən məktəblərdə müəllimlərin öldürülməsi, şagirdlərin yaralanması qəbuledilməzdir”. Özbay əlavə edib ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, zəruri tədbirlərin görülməməsi məsul şəxslərin məsuliyyətsizliyini ortaya qoyur.
Təhsil ictimaiyyəti məsələ ilə bağlı Yusuf Tekini də istefaya çağırıb.
Telegram kanalımız