AZ

TDT-nin üzv ölkələri Azərbaycanın uğurlu təcrübəsindən də yararlana bilərlər



Tarixə "şər imperiyası" kimi düşən keçmiş Sovetlər Birliyinin (SSRİ) dağılmasından 35 il keçsə də, lakin postsovet respublikalarından bəzilərində rus dilində şəhər və kənd adları, gorbagor Leninin adını daşıyan yaşayış məntəqələri hələ də qalmaqda davam edir. Həmin respublikalardan biri də Qırğızıstandır. Bu respublikada rus dili ikinci rəsmi dil olmaqla yanaşı, rus dilində şəhər və kənd adları da çoxluq təşkil edir. Qırğızıstanın paytaxtı Bişkek şəhərində Lenin, Sverdlovsk, Pervomaysk, Oktyabr adlı rayonlar hələ də qalmaqdadır. Lakin ötən 35 il ərzində qırğız liderləri bu acınacaqlı vəziyyətin aradan qaldırılması və desovetizasiya işinin aparılması, yer adlarının, küçə və prospektlərin adlarının milliləşdirilməsi istiqamətində demək olar ki, heç bir addım atmayıblar. Yalnız hazırkı prezident Sadır Japarov son illərdə ilk dəfə bu məsələyə ciddi şəkildə diqqət yetirməyə başlayıb.

Belə ki, Sadır Japarovun prezident vəzifəsinə başladığı 2021-ci ildən etibarən ölkədə artıq 15-dən çox yaşayış məntəqəsinin adı dəyişdirilib. O cümlədən, Çuy bölgəsindəki "Voyenno-Antonovka" məntəqəsi Kojomkul, İssık-Kul bölgəsindəki "Semyonovka" məntəqəsi isə Kojoyar-Ata adlandırılıb. Hazırda bu istiqamətdə proses davam edir. Qırğızıstan hökuməti rus dilində olan kənd adlarının dəyişdirilməsini 2027-ci ilin sonuna qədər başa çatdırmaq niyyətindədir. Bu barədə prezident Sadır Japarov Oş vilayətinin Alay rayonunda sakinlərlə görüşündə bildirib.

Görünən budur ki, Qırğızıstanın dövlət başçısı yer adlarının dəyişdirilməsi (daha doğrusu, milliləşdirilməsi) və qıpçaq-türk adlarının qoyulması prosesinin davam etdirilməsi məsələsində qətiyyət və prinsipial mövqe ortaya qoymaq qərarına gəlib. Bu, alqışa layiq addımdır. Qırğızlar bu məsələdə bir xeyli gecikmiş olsalar da, ancaq əsas məsələ siyasi iradənin mövcudluğudur. Dövlət başçısı bu məsələni öz nəzarətinə götürübsə, deməli, yaxın gələcəkdə Qırğız Respublikasında yer adlarının tamamilə milliləşdirilməsi və derusifikasiya prosesinin başa çatdırılması istiqamətində ciddi nəticələr əldə olunacaq.

Hərçənd ki, Qırğızıstan hökumətinin bu addımlarının Rusiya tərəfindən təpki ilə qarşılanacağı və rus şovinist-millətçi dairələrinin bu türk dövlətini hədəfə alacağı da istisna deyil. Belə ki, Sadır Japarovun rus dilində olan yer adlarının dəyişdirilməsi ilə bağlı sözügedən açıqlamasına Azərbaycanın və bütövlükdə Türk dünyasının qatı düşmənlərindən biri kimi tanınan rusiyalı siyasətçi, Rusiya Dövlət Dumasının MDB ölkələri iş üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulinin aqressiv reaksiyası da bir daha onu göstərir ki, Kremlin postsovet ölkələrinin daxili siyasətinə qarışmaqdan əl çəkmək fikri yoxdur. Çox təəssüf ki, Zatulin kimi neoimperialistlər hələ də dərk edə bilmirlər ki, yer adlarının milliləşdirilməsi hər bir müstəqil postsovet respublikasının suveren hüququdur.

Yeri gəlmişkən, istər Qırğızıstan, istərsə də Mərkəzi Asiyanın hazırda Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olan digər respublikaları bu sahədə Azərbaycanın uğurlu təcrübəsindən də yararlana bilərlər. Biz bu sahədə hələ müstəqilliyin ilk illərindən etibarən önəmli işlər görmüşük. Latın əlifbasına keçidimizlə və Sahil bağındakı “26 Bakı komissarı” abidə-kompleksini demontaj etməyimizlə (2009-cu ildə) isə bu prosesi bütövlükdə uğurla tamamladıq. Ancaq Mərkəzi Asiyadakı dost və qardaş ölkələrimiz isə hələ bu sahədə çox iş görməlidirlər. Latın əlifbasına keçmək də onların qarşısında dayanan aktual məsələlərdən biridir. Çünki bu addımlar atılmadan ortaq əlifba və ortaq dil hədəflərimizi gerçəkləşdirmək mümkün deyil.

Əlisahib Hüseynov Azərbaycan Həmrəylik Komitəsinin sədri
Seçilən
14
1
newscenter.az

2Mənbələr