AZ

BDU ilə Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı, 14 aprel, AZƏRTAC

Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torma və Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin rektoru Hasan Çarafın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Elçin Babayev Azərbaycanın Macarıstanla dostluq münasibətlərinin təhsil, elm və mədəniyyət sahələrində də uğurla inkişaf etdiyini vurğulayıb. O, BDU-nun Macarıstanın ali təhsil müəssisələri ilə əməkdaşlıqda, memorandumların imzalanmasında, ikili diplom proqramlarının hazırlanmasında maraqlı olduğunu qeyd edib. Rektor Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti ilə iqtisadiyyat, mühəndislik, riyaziyyat, süni intellekt, kibertəhlükəsizlik kimi sahələr üzrə geniş əməkdaşlıq və birgə tədqiqat aparmaq imkanlarının olduğunu diqqətə çatdırıb.

Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin rektoru Hasan Çaraf BDU ilə akademik əməkdaşlığın qurulmasının önəmini vurğulayıb, bunun hər iki universitet üçün geniş perspektivlər aça biləcəyini qeyd edib.

Görüşdə BDU ilə Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti arasında elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatların aparılması, ortaq konfransların təşkili və bir sıra ixtisaslar üzrə ikili diplom proqramlarının həyata keçirilməsi imkanları müzakirə olunub.

Sonda BDU ilə Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

 

Seçilən
13
azertag.az

1Mənbələr