AZ

Böyük Qayıdışın şəhərsalma modeli: Qarabağın və Şərqi Zəngəzurun sıfırdan qurulan dayanıqlı arxitekturası

Bakı, 14 aprel, AZƏRTAC

Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı tarixi Zəfər regionda təkcə yeni geosiyasi reallıqlar yaratmayıb, həm də misilsiz quruculuq erasına keçiddə mühüm rol oynayıb. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa işləri öz miqyasına və tempinə görə müasir dünya tarixinə "Azərbaycan modeli" kimi daxil olmaqdadır. Bu nəhəng prosesin ana xəttini müasir, dayanıqlı və rəqəmsal texnologiyalara əsaslanan şəhərsalma konsepsiyaları təşkil edir. Otuz illik işğal dövründə yerlə-yeksan edilmiş şəhər və kəndlərimiz indi “sıfırdan” inşa edilərək, dünyanın ən müasir urbanizasiya standartlarının tətbiq edildiyi tikinti meydançasına çevrilib.

İşğaldan azad edilmiş ərazilərdə tətbiq olunan bu innovativ şəhərsalma modelləri ölkəmizin qlobal urbanistika sahəsindəki nüfuzunu daha da artıraraq, Bakının 2026-cı ildə keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etməsinə zəmin yaradıb. Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı tərəfindən dəstəklənən bu möhtəşəm tədbirə ev sahibliyi etməsi, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Azərbaycan təcrübəsi, xüsusilə post-münaqişə dövründə şəhərlərin sürətli və dayanıqlı bərpası nümunəsi forum çərçivəsində dünya ictimaiyyətinə təqdim olunacaq. WUF13 platforması vasitəsilə Azərbaycan özünün “ağıllı şəhər” və “yaşıl enerji” zonaları konsepsiyalarını qlobal urban inkişaf gündəliyinə inteqrasiya etmək imkanı qazanacaq.

AZƏRTAC azad edilmiş ərazilərdə həyata keçirilən yeni şəhərsalma siyasətinin prioritetlərini, strateji hədəflərini və əldə olunan mühüm nəticələri təhlil edir.

Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərinin geniş vüsət almasının əsas səbəblərindən biri hələ ötən əsrin 1990-cı illərindən başlayan işğal və talan nəticəsində şəhərlərimizin tamamilə xarabalığa çevrilməsi, bütün infrastrukturun məhv edilməsidir. Bu vəziyyət Azərbaycan qarşısında dünyada bənzəri az olan bir çağırış qoydu: şəhərləri bərpa etmək deyil, onları məhz sıfırdan qurmaq.

Azad edilmiş ərazilərin dirçəldilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılan möhtəşəm Qələbədən dərhal sonra dövlət siyasətinin mərkəzinə çevrildi. Dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” bu prosesin genişmiqyaslı yol xəritəsini müəyyən etdi. Strateji əhəmiyyəti nəzərə alınaraq, Böyük Qayıdış prosesi Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərinə daxil edildi. Bu mərhələ yalnız fiziki bərpa prosesi deyil, həm də regionun yeni urban inkişaf modelinin formalaşdırılmasıdır. Layihələr “ağıllı” şəhər və kənd konsepsiyaları, yaşıl enerji zonaları və inklüzivlik prinsipləri üzərində qurulub. Memarlıqda milli ənənələrə sadiqliklə müasir urbanistika standartlarının vəhdəti isə aparılan bütün işlərdə əsas meyar kimi qəbul edilir.

Azərbaycanın tətbiq etdiyi bu yeni şəhərsalma konsepsiyalarının beynəlxalq müstəvidə təqdimatı dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Son illərdə Ağdam, Zəngilan və Xankəndidə keçirilən Azərbaycan Milli Şəhərsalma forumları Qarabağın təkcə bərpa meydanı deyil, həm də qlobal urban inkişaf mərkəzinə çevrildiyini sübut etdi. Prezident İlham Əliyev bu forumları azad edilmiş ərazilərin inkişaf trayektoriyasını müəyyən edən mühüm platformalar kimi səciyyələndirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edərək, həm də dünya şəhərsalma elminə yeni yanaşmalar təqdim edir. Bu təşəbbüslər artıq milli çərçivəni aşaraq, beynəlxalq əməkdaşlıq və bilik mübadiləsi mərkəzinə çevrilib.

Dövlət başçısının qlobal miqyasda bəyan etdiyi bu prinsiplər artıq yerlərdə – hər yaşayış məntəqəsində “ağıllı şəhər” həlləri şəklində tətbiq edilir. Bunun ilk nümunəsi Zəngilanın Ağalı kəndidir. Fərdi yaşayış evləri, yüksəksürətli internet, Günəş panelləri və digər texnoloji həllər Ağalını regionun ən müasir yaşayış məntəqələrindən birinə çevirib. Bu müasir yanaşma digər qəsəbə və kəndlərin inşasında da fundamental əsas götürülür.

Kəndlərin dirçəlişi ilə yanaşı, şəhərlərin Baş planları da ardıcıl şəkildə təsdiqlənir. Ağdam, Füzuli, Şuşa, Kəlbəcər və digər şəhərlərin 2040-cı ilədək inkişafını nəzərdə tutan planlar tarixi irsi qorumaqla müasir infrastrukturu məharətlə birləşdirir. Regionu dünyaya bağlayan Füzuli, Zəngilan və Laçın Beynəlxalq hava limanları, həmçinin “Zəfər yolu” daxil olmaqla salınan magistrallar bölgənin həm daxili, həm də logistik gücünü artırır.

İnfrastrukturun bu sürətlə qurulması, öz növbəsində, Böyük Qayıdış prosesini ciddi şəkildə sürətləndirib. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 80 mindən çox insan yaşayır və fəaliyyət göstərir. Bu göstərici Böyük Qayıdışın yalnız kağız üzərində deyil, real həyatda və insanların gündəlik məişətində uğurla icra olunduğunun bariz nümunəsidir.

Məskunlaşma prosesi ilə paralel olaraq, bölgədə iqtisadi aktivlik də mütəmadi artmaqdadır. Ağdam Sənaye Parkında artıq 1000-ə yaxın daimi iş yeri yaradılıb və bura regionun yeni sənaye mərkəzinə çevrilib. Buraya yatırılan 150 milyon manata yaxın sərmayə qeyri-neft sektorunun inkişafına mühüm töhfədir. Qardaş ölkələr – Özbəkistan və Qazaxıstanın dəstəyi ilə Füzulidə inşa edilən məktəb və yaradıcılıq mərkəzi isə beynəlxalq həmrəyliyin və ortaq tarixin ən gözəl nümunələrindən sayılır.

Lakin bütün bu nəhəng nailiyyətlərin fonunda azad edilmiş ərazilərin bərpasında ən böyük maneə minalanmış torpaqların təmizlənməsidir. Ərazisinin böyük hissəsi işğal edilən və yerlə-yeksan olunan Ağdam “Qafqazın Xirosiması” adlandırılıb. Füzuli rayonu isə minalanma səviyyəsinə görə ən kritik bölgələrdəndir – burada 100 mindən çox mina basdırılıb. İşğaldan azad edilmiş bütün ərazilərdə isə basdırılmış mina sayı 1 milyondan çoxdur. Bu vəziyyət insan təhlükəsizliyi baxımından ciddi çətinlik yaratsa da, minaların təmizlənməsi, elektrik, su və rabitə xətlərinin bərpası kompleks şəkildə davam etdirilir. Həmçinin monitorinqlər zamanı bəzi su hövzələrində aşkarlanan ağır metallarla çirklənmə kimi ekoloji problemlər də dövlətin diqqət mərkəzindədir.

Yekun olaraq qeyd etmək olar ki, azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən şəhərsalma siyasəti Azərbaycanın yeni inkişaf modelinin əsas sütunlarından biridir. Bu model yalnız dağıntıların bərpasına deyil, həm də müasir, dayanıqlı və innovativ inkişaf mühitinin formalaşdırılmasına xidmət edir. Böyük Qayıdış çərçivəsində həyata keçirilən layihələr Qarabağı ölkənin ən perspektivli inkişaf zonasına çevirməklə yanaşı, uzunmüddətli perspektivdə Azərbaycanın regional inkişaf modelinin əsas dayaqlarından birinə çevriləcəkdir.

Müxbir - Ceyhun Xəlilov

 

Seçilən
14
4
azertag.az

5Mənbələr