AZ

“Daldan atılan daş”… uzağı Zəngəzur qatarının relslərinə dəyə bilər...

Bu gün, 14 apreldə Azərbaycandan Ermənistana növbəti yük qatarı yola düşüb. Belə ki, Bakıdan İrəvana 22 vaqon (1298 ton) dizel yanacağı göndərilib. Məlumata görə, eyni zamanda, Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti yük daşınması həyata keçirilib. Bildirilir ki, 4 vaqondan ibarət, ümumi çəkisi 240 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınacaq.

Əlaqələrin bərpa olunmasından bəri Azərbaycandan Ermənistana ümumilikdə 6312 ton dizel yanacağı, 979 ton Aİ-92 markalı benzin və 2955 ton Aİ-95 markalı benzin, Azərbaycan üzərindən tranzit keçməklə Rusiyadan Ermənistana 23,9 min ton taxıl, 1100 tondan artıq gübrə və 68 ton qarabaşaq məhsulu daşınıb. Buraya Qazaxıstandan daşınan taxılı da əlavə etsək, Ermənistanın Azərbaycanın açdığı tranzit olundan və ölkəmizin sülhməramlı mövqeyindən kifayət qədər bəhrələndiyini söyləmək olar. Təsadüfi deyil ki, davamlı şəkildə Azərbaycana təşəkkür edən Nikol Paşinyan bu əlaqələrin Ermənistan üçün böyük faydalarından danışır, seçki təbliğatında bu faktordan istifadə edir. Yanacağın qiymətinin aşağı düşməsi, inhisarçılığa zərbə vurulması kimi arqumentlər Ermənistanın hazırki hökumətinin işinə yarayır.

Azərbaycan

Paşinyan hələ “kadastr sənədi” olmayan Ermənistanın xəritəsini yaxasından açıb, mahal-mahal gəzir ölkəni, seçicilərlə görüşür, Azərbaycanla sülh və əməkdaşlığın ermənilər üçün normal gələcək vəd etdiyini çəkinmədən deyir. Bu günlərdə Paşinyan “Biz iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyuruq və bu, Ermənistanla Azərbaycan arasında qurulan sülh prosesi ilə bağlıdır. Yaxın gələcəkdə TRİPP layihəsinin (Zəngəzur dəhlizi-red) başlanması ilə bağlı mühüm hadisələr gözləyirik”-deməklə daha inamlı təsir bağışladı. O qeyd edib ki, Ermənistan blokadanı qaldırıb. “Azərbaycan vasitəsilə Ermənistana yük daşıması mümkün olub, lakin bu, Gürcüstan vasitəsilə oldu. TRİPP reallaşdıqdan sonra bu, Azərbaycan və Ermənistan arasında birbaşa reallaşacaq”, - Paşinyan Zəngəzur dəhlizinin ölkəsi üçün nə qədər önəmli layihə olduğunu bir daha nəzərə çatdırıb.

Düzdür, belə bir ərəfədə Rusiyameyilli qüvvələr, revanşistlər yenə də ortalığı qarışdırmağa çalışırlar. Təsadüfi deyil ki, erməni ekspertlər də bu barədə xəbərdarlıqlar edir. Məsələn, siyasi ekspert Samvel Meliksetyan deyib ki, Rusiya iyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl Ermənistanı şantaj etməyə başlayıb. Meliksetyan “Tramp marşrutu”ndan bəhs edib və iddia edib ki, “Tramp marşrutu” proqramının (və ya Zəngəzur dəhlizinin) həyata keçirilməsindən əvvəl yolların açılmasına ehtiyac var. Sitat: “İrandakı hadisələr göstərdi ki, Naxçıvanla daha sabit əlaqə qurmaq üçün Azərbaycanın da buna ehtiyacı var. “Tramp marşrutu”nun praktiki mərhələsi 2030-31-ci illərdə baş verə bilər, buna görə də 2030-31-ci illəri gözləmək və digər kommunikasiyaları bağlamaq düzgün olmazdı”.

İrana qarşı hərbi əməliyyatlar fonunda Zəngəzur dəhlizi marşrutu üzrə hansısa gərginliklərin ola biləcəyi qənaətinə gəlmək üçün ciddi əsaslar yoxdur. Əvvəla, Azərbaycan növbəti dəfə İrana qarşı hər hansı mənfi planda iştirak etmədiyini konkret əməlləri, İrana humanitar yardımlar göstərməsi, anti-İran koalisiyasında iştirak etməməsi və səfirliyimizin fəaliyyətini bərpa etməsi ilə bir daha təsdiqlədi. İran rəhbərliyi dəfələrlə Azərbaycana bu, prinsipial və ədalətli, həm də cəsarətli mövqeyinə, müstəqil siyasətinə görə Azərbaycana təşəkkürünü bildirib. Bütün bunlardan sonra bölgə üçün çox önəmli bir layihə olan Zəngəzur dəhlizinə qarşı İranın əngəl yaratması məntiqli olmaz. Əgər

ABŞ-nin adı olan hansısa addımdan söhbət gedirsə, o halda gərək İran çoxdan İrəvandakı Amerika səfirliyinin kontingentini təftiş edəydi, hansı zərurətdən az qala Gümrüdəki Rusiya hərbi bazasının şəxsi heyətinin yarısı qədər “diplomat”ın buraya cəm olunduğunu soruşaydı. Amma bütün bunlar olmayıbsa, deməli, Azərbaycan üçün “olmazsa, olmaz”a çevrilmiş Zəngəzur dəhlizinin Ermənistan hissəsinin tikintisinə qarşı da hər hansı maneə yaradılmamalıdır. Həm də elə dəhlizin “qulağının dibində”, Qafanda İranın baş konsulluğu yerləşir, burada hər hansı narahatlığın olmadığını müşahidə edə bilərlər. Digər tərəfdən, Azərbaycan və İran arasında əldə olunmuş razılaşmaya uyğun olaraq Ağbənd-Kəlalə körpüsü tikilib və əgər müharibə başlamasa, Araz çayı üzərindəki bu körpünün açılışı reallaşacaqdı. Yəqin ki, Hörmüz gərginliyinin səngiməsinin ardınca Araz dəhlizi istiqamətində də irəliyə doğru addımlar atılacaq, çünki Azərbaycan dövləti üçün önəmli məsələdir, Naxçıvan bölgəsi ilə əlaqələrin asanlaşması baxımından. Buradan həm də İran qazanacaq.

İran

Xatırlatmaq yerinə düşər: Araz dəhlizinin tikintisinə ABŞ və digərlərindən hər hansı etiraz gəlməyib, gəlməsi də absurd olardı. Əgər Araz dəhlizi Azərbaycan və İran arasında anlaşmanın məntiqi nəticəsi hesab olunursa, deməli, Zəngəzur dəhlizinə də münasibət eyni olmalıdır, əksi cığallıqdır. Düzdür, Kreml çox istərdi ki, layihə onun iştirakı ilə reallaşsın, amma bu məsələni Ermənistanla vaxtında razılaşdırmalı idi. Amma 2020-ci ilin 10 noyabr bəyannaməsinin sonuncu müddəasının reallaşmamasına məhəl qoymadı, nəticədə ABŞ irəli düşüb, Vaşinqtonda razılaşmaya nail oldu. Deməli, Zəngəzur dəhlizinə hansısa əngəl barədə iddialar səsləndirmək üçün ciddi əsaslar yoxdur, ola da bilməz!

Azərbaycan və Ermənistan münasibətlərin normallaşmasından məmnundur, həmçinin Türkiyənin siyasi iradəsi ortada. Digər tərəfdən Türk Dövlətləri Təşkilatı üçün Zəngəzur dəhlizi çox mühüm məsələdir. Təsadüfü deyil ki, bu günlərdə Qazaxıstandan Bakı və İrəvana yüksək səviyyəli rəsmi səfər həyata keçirildi. Ermənistan Yuxarı Lars zülümündən xilas olacaq, Gürcüstandan dolanıb, gedib-gəlmək xərclərindən də həmçinin. 42 km-lik məsafə qət olunur və blokadadan çıxır, bunun nəyi pisdir? Hətta revanşistlər belə, Zəngəzur dəhlizinə qarşı çıxış edə bilmirlər, əks halda, seçkiqabağı erməni xalqına bundan böyük pislik olmaz!

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının - Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən bir daha sözünü dedi: “Zəngəzur dəhlizində avtomobil yolunun 90 %-i, dəmir yolunun 70 %-i tamamlanıb. Ümid edirəm ki, yaxın gələcəkdə bu layihə tam icra ediləcəkdir”.

Türkiyə tərəfi 224 km-lik hissənin tikintisini həyata keçirir. Ermənistan isə tərəddüd etmədən 42 kmlik hissəni tikib, istifadəyə verməlidir, ayrı variant yoxdur!

Bütün bunlardan sonra kiminsə yol çəkmək iddiası intihara bərabərdir. “Daldan atılan daş” topuğa dəyərdi bir vaxtla, indi ən uzağı Zəngəzur dəhlizindən keçib-gedəcək qatarların relslərinə dəyə bilər...

Seçilən
23
musavat.com

1Mənbələr