Yaxın Şərqdə gərginliyin artması təkcə regionu deyil, Qərbi də ciddi təhlükə ilə üz-üzə qoyur.
Publika.az xəbər verir ki, "İzborsk klubu"nun eksperti Yuri Samonkin NEWS.ru-ya müsahibəsində İran ətrafında davam edən münaqişənin həm ABŞ, həm də Avropa İttifaqı üçün ağır nəticələr doğuracağını bəyan edib.
Analitikin fikrincə, döyüşlərin uzanması Avropada radikal qruplaşmalar tərəfindən genişmiqyaslı terror aktlarına yol aça bilər.
Ekspert qeyd edib ki, hazırda İran və ABŞ arasında sülh sazişindən danışmaq hələ çox tezdir. Belə ki, Tehran Vaşinqton qarşısında yerinə yetirilməsi çətin olan siyasi şərtlər qoyur. Hətta məsələnin nüvə bombası yaratmaq səviyyəsinə qədər çatdığı bildirilir.
Samonkinin proqnozuna görə, Yaxın Şərqdəki döyüşlər hələlik lokal formatda davam edəcək. O, ABŞ-ın bu münaqişədəki əsas hədəfini də açıqlayıb: "Vaşinqtonun başlıca məqsədi İslam dünyasının birləşməsinə və güclənməsinə mane olmaqdır".