Bakı, 14 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun yaradılmasının 68 illiyi münasibətilə tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbiri açan İqtisadiyyat İnstitutunun baş direktoru professor Nazim Müzəffərli elmi müəssisənin yaranması tarixindən, keçdiyi inkişaf yolundan, Azərbaycan iqtisad elminə və ölkə iqtisadiyyatına verdiyi töhfələrdən, apardığı fundamental tədqiqatlardan danışıb. Bildirib ki, müstəqillik illərində İqtisadiyyat İnstitutu Azərbaycanın milli iqtisadiyyatının formalaşdırılması və inkişafı istiqamətində sanballı elmi-tədqiqat işləri yerinə yetirib, peşəkar milli kadrların hazırlanması sahəsində mühüm xidmətlər göstərib. İqtisadiyyat İnstitutunu Azərbaycan iqtisad elminin flaqmanı, iqtisadi tədqiqatların əsas mərkəzi, hökumətin iqtisadi məsələlərdə yardımçısı kimi xarakterizə edən N.Müzəffərli institutun qarşısına qoyduğu əsas hədəfləri, vəzifələri, mühüm nəticələri, habelə hökumət qurumları ilə birgə uğurla həyata keçirilən layihələri, dövlət sifarişlərinin yerinə yetirilməsi məsələlərini də qeyd edib.
İclasda şöbə müdiri AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov institutla bağlı xatirələrini bölüşüb, kollektivin keçdiyi yol, elmi tədqiqatlar, kadrların yetişdirilməsi, əsas nailiyyətlər, ölkədə iqtisadiyyatın və iqtisad elminin inkişafı sahəsində görülən işlər barədə danışıb.
Gənc tədqiqatçılar Aygün Təhməzli və Elnur Zeynalov institutun doktoranturasında uğurla təhsil almalarını, burada elmi işlərini yerinə yetirmələrini, dissertasiya işlərinin müdafiəsini, gənc alim kimi formalaşmalarında kollektivin və rəhbərliyin dəstəyini, bu proseslərin özünün şəffaf qurulmasını, gənc tədqiqatçılara yaradılan əlverişli şəraiti xüsusi qeyd ediblər.
Daha sonra qocaman iqtisadçı-alim, uzun illər İqtisadiyyat İnstitutunda işləmiş, şöbə müdiri olmuş, bu yaxınlarda 90 yaşını qeyd edəcək dosent Cəlil Quliyev xatirələrini bölüşüb, “İnstitut günü” münasibətilə bütün kollektivi təbrik edib.
Tədbirdə vurğulanıb ki, İqtisadiyyat İnstitutu Azərbaycan iqtisad elminin flaqmanı kimi öz missiyasını bundan sonra daha da irəli aparmaq əzmindədir. Strateji hədəfləri isə yaxın perspektivdə Azərbaycanda fundamental iqtisadi tədqiqatların real mərkəzinə, iqtisadi tədqiqatların əsas əlaqələndiricisinə, hökumətin kollegial ekspertinə və məsləhətçisinə çevrilməkdir.