AZ

Tonlarla məhsul tələf oldu İqtisadçı çıxış yolunu göstərdi

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Tovuz rayonunun Dönük Qırıqlı kəndində saxlanılan tonlarla soğan anbar şəraitində cücərərək istifadəyə yararsız hala düşüb. Bildirilir ki, məhsul uzun müddət satılmadığı üçün anbarda qalıb və nəticədə böyük hissəsi tələf olub. Sahibkar isə qalan məhsulu tullamaq əvəzinə ehtiyacı olan şəxslərə pulsuz paylayacağını açıqlayıb.

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəziləri bildirir ki, məhsul vaxtında daha ucuz qiymətə satılsaydı, bu vəziyyət yaranmazdı.

Problem həqiqətən qiymətdirmi? Kənd təsərrüfatı məhsullarının anbarda qalaraq xarab olmasının səbəbi nədir?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, kənd təsərrüfatı məhsulları istehsalçıları üçün ən böyük problem tarladan süfrəyə qədər olan zəncirin düzgün qurulmamasıdır:

“Bu məsələ ilə bağlı dəfələrlə müzakirələr aparılıb, müəyyən qərarlar da verilib, lakin görünən odur ki, effektiv işləmir. Ən sadə yol ondan ibarətdir ki, Azərbaycandakı market şəbəkələri ilə istehsalçılar arasında, dövlətin dəstəyi ilə birbaşa müqavilələr bağlansın. Ölkədə minlərlə market fəaliyyət göstərir və bu sistem düzgün qurularsa, məhsul birbaşa istehlakçıya çatdırıla bilər”.

İqtisadçının sözlərinə görə, belə bir zəncir sisteminin yaradılması mümkündür:

“Yəni məhsul tarladan birbaşa süfrəyə çatdırılmalıdır. Bu, o qədər də çətin proses deyil. Hətta onlayn sifariş sistemləri ilə də həyata keçirilə bilər. Amma təəssüf ki, illərdir müzakirə olunsa da, praktik addımlar gecikir”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
globalinfo.az

1Mənbələr