Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.
Dərs yükünün çox olması fonunda aparılan araşdırmalar göstərir ki, Azərbaycan orta məktəblərində ibtidai sinif şagirdləri zehni baxımdan həddən artıq yüklənirlər.
Bunun qarşısını almaq üçün bəzi pedaqoqlar aşağı siniflərdə oxuyan uşaqlar üçün ənənəvi ev tapşırıqlarının ləğvini təklif edirlər. Onlar bunun əvəzində şagirdlərin bədii ədəbiyyat oxumalarına üstünlük vermələrini daha vacib sayırlar.
Bildirilir ki, bu üsulun məqsədi uşaqları həm əlavə zehni yüklənmədən qorumaq, həm də onlarda kitab oxumağa maraq yaratmaqdır.
Təhsil eksperti Elmin Nuri Bakupost.az-a bildirib ki, bu kimi məsələlər ictimai müzakirəyə çıxarılmalıdır:
“Pedaqoqlarımız, təhsil ekspert və texnoloqları, təhsil rəsmiləri bu tipli məsələləri ictimai müzakirəyə çıxarsalar daha yaxşı olar. Təhsillə bağlı qeydlərdə təhsili yalnız sosial problem kimi qabardırıq. Amma metodiki, pedoqoji, psixoloji məsələlərə isə az toxunuruq”.
Ekspertin sözlərinə görə, istər ibtidai, istərsə də orta və yuxarı siniflərdə alternativ üsulların tətbiqinə artıq başlamaq zamanıdır:
“Kurikulumun əsas mahiyyəti tətbiqi meyllər, praktiki üsullar üzərində qurulan təfəkküryönümlü təhsildir. Burada özünüdərk önəmlidir. İbtidai siniflərdə alternativ prinsiplərə də özünüdərk prizmasından baxmalıyıq”.
Həmsöhbətimizin fikrincə, ibtidai sinifdə oxuyanlara ev tapşırıqları əvəzinə, bədii ədəbiyyatın oxudulması, digər oyun əsaslı proqramların mənimsədilməsi olduqca vacibdir:
“Bu şagirdin inkişafında inanılmaz dərəcədə müsbət rol oynayacaq. Sürətlə bu prosesə başlamalıyıq. Oyun əsaslı tədris metodları şagirdin şüurunda ömürboyu qalacaq. Şagird hansı situasiyada nə edəcəyini, hər hansı bir addımda analitik keyfiyyətindən necə istifadə edəcəyi kimi sualları cavablandırmağı bacarmalıdır. Mexaniki, formal şəkildə verilən ev tapşırıqlarındansa, bu sadaladığımlar və bədii ədəbiyyat daha önəmlidir. Bədii ədəbiyyat təfəkkürü rəngləndirir, insanın təxəyyül dünyasını genişləndirir. İnsan ibtidai sinif yaşında anbara topladıqlarını ömür boyu xərcləyir”.
Rüfət Sultan, BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.