Azərbaycanın vergi sistemində şəffaflıq və ədalət məsələləri hər zaman ictimai diqqətin mərkəzində olub. Xüsusilə Dövlət Vergi Xidmətinin açıqladığı “100 ən çox vergi ödəyicisi” siyahısı bu baxımdan həm iqtisadi güc balansını, həm də real maliyyə axınlarını qiymətləndirmək üçün mühüm göstərici sayılır.
Lakin son açıqlanan siyahı bir sıra sualları yenidən gündəmə gətirib. Ən başlıcası isə İT və telekommunikasiya sektorunun bu siyahıda faktiki görünməməsidir. Daha çox müzakirə doğuran məqamlardan biri isə dövriyyəsinin 1 milyard manatdan artıq olduğu deyilən “Aztelekom”un TOP-100 vergi ödəyiciləri siyahısında yer almamasıdır. Dövlətə məxsus olan, ölkənin magistral internet operatoru statusunu daşıyan bu qurumun bazardakı dominant mövqeyi və geniş abunəçi bazası fonunda siyahıdan kənarda qalması ciddi suallar doğurur.
Musavat.com xəbər verir ki, mövzu ilə bağlı tanınmış İKT eksperti Osman Gündüz fikirlərini açıqlayıb. Ekspert hesab edir ki, burada bir neçə ehtimal üzərində düşünmək lazımdır:
“İlk növbədə nəzərə almaq lazımdır ki, “TOP-100 vergi ödəyicisi” siyahısı dövriyyəyə görə yox, məhz ödənilmiş verginin həcminə əsasən tərtib olunur. Yəni hər hansı qurumun böyük gəlir əldə etməsi onun avtomatik olaraq böyük vergi ödədiyi anlamına gəlmir”.

Ekspert bildirir ki, dövlət qurumları və dövlətə məxsus şirkətlər bir sıra hallarda fərqli vergi rejimləri, güzəştlər və ya daxili maliyyə mexanizmləri ilə fəaliyyət göstərir: “Aztelekom kimi dövlət şirkətlərində gəlirin strukturuna diqqət yetirmək lazımdır. Ola bilər ki, gəlirin böyük hissəsi investisiya layihələrinə yönəldilir, amortizasiya xərcləri yüksəkdir və nəticədə vergi tutulan mənfəət aşağı düşür. Digər tərəfdən, dövlət daxilində aparılan maliyyə əməliyyatları da bəzən klassik vergi bazasını daralda bilir”.
Osman Gündüzün sözlərinə görə, özəl sektorla dövlət sektorunun müqayisəsi də bu kontekstdə tam adekvat olmaya bilər. Onun fikrincə, bazarda fəaliyyət göstərən AzerTelecom və Delta Telecom kimi şirkətlər kommersiya yönümlü olduqları üçün daha şəffaf vergi ödənişi modelinə malikdirlər və bu da onların siyahıda görünməsini şərtləndirir.
Ekspert məsələni daha geniş kontekstdə qiymətləndirərək bildirir ki, İT və telekommunikasiya sektorunun vergi statistikasında zəif görünməsi ümumilikdə sektorun struktur problemlərindən xəbər verir: “Əgər bu sektor ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən biri hesab olunursa, onun vergi ödəmələri və iqtisadi çəkisi də uyğun şəkildə görünməlidir. Əks halda bu, ya statistikada boşluq olduğunu, ya da sektorda ciddi struktur problemlərin mövcudluğunu göstərir”.
Mövzu həm də dövlət şirkətlərinin idarəetmə modeli ilə bağlı daha geniş müzakirələri aktuallaşdırır. Bir sıra ekspertlər hesab edir ki, bu kimi sualların yaranması dövlət müəssisələrinin fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın gücləndirilməsi və hətta müəyyən hallarda özəlləşdirmə məsələsinin gündəmə gətirilməsini zəruri edir.
Beləliklə, “Aztelekom niyə TOP-100-də yoxdur” sualı təkcə bir şirkətin taleyi ilə bağlı deyil. Bu, bütövlükdə dövlət sektorunun iqtisadi effektivliyi, vergi siyasəti və rəqabət mühiti ilə bağlı daha dərin problemlərin göstəricisi kimi ortaya çıxır...
E.Məmmədəliyev,
Musavat.com