AZ

Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün dövlət dəstəyi genişləndirilir ŞƏRH

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 14 aprel, AZƏRTAC

Ölkədə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri kimi kənd təsərrüfatı sahəsinin sürətlə inkişaf etdirilməsi, modernləşdirilməsi, bu sahəyə dövlət dəstəyinin maksimum səviyyəyə çatdırılması ilə yanaşı, səmərəliliyinin artırılması da neçə illərdir ki, əsas vəzifələrdən hesab olunur. Bunun üçün bir sıra addımlar atılır və müvafiq siyasət həyata keçirilir.

Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov bildirib.

Ekspertin sözlərinə görə, strateji məhsulların istehsalının artırılması xüsusi diqqət mərkəzində saxlanılır: “Ərzaqlıq buğda, pambıq, meyvə-tərəvəz kimi məhsullar üzrə 2024–2026-cı illər üçün müəyyən edilmiş subsidiya əmsallarına uyğun maliyyələşdirmə həyata keçirilir. Bu da həmin məhsulların əkinini və becərilməsini stimullaşdırmaqla ölkəyə daha çox gəlir gətirilməsinə hesablanıb”.

Pərviz Heydərov qeyd edib ki, bağçılıq və tərəvəzçilik sahələri də diqqətdən kənarda qalmır. Onun sözlərinə görə, su qıtlığının aradan qaldırılması məqsədilə müasir suvarma sistemlərinin qurulması istiqamətində işlər xüsusilə intensiv xarakter alıb.

Eyni zamanda, kənd təsərrüfatı məhsullarının ixrac imkanları da genişləndirilir: “Rusiya və digər xarici bazarlara pomidor, xiyar, fındıq kimi məhsulların ixracının artırılması üçün şərait yaradılır. Bu isə məhsulun satışını stimullaşdırır və fermerlərin gəlirlərinə müsbət təsir göstərir”, - deyə ekspert vurğulayıb.

Subsidiyalaşdırma mexanizmlərinin təkmilləşdirilməsi də prioritet istiqamətlərdəndir. Pərviz Heydərov bildirib ki, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) vasitəsilə fermerlərə texnika və damazlıq heyvanların alınması üçün faizsiz və ya aşağı faizli kreditlər təqdim olunur, həmçinin girovsuz maliyyə alətləri tətbiq edilir.

Ekspertin fikrincə, bu tədbirlər kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunmasına və qeyri-neft sektorunun iqtisadiyyatda rolunun daha da gücləndirilməsinə xidmət edir.

Müxbir - Pərvanə Qafarova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
azertag.az

1Mənbələr