AZ

Hörmüz böhranının açarı: Bakı niyə əvəzolunmazdır?

Hörmüz böhranı fonunda açar rolun çıxış edən Azərbaycanın yüksələn geosiyasi çəkisi
ABŞ-nin Hörmüz boğazında hərbi blokada tətbiq etməsi ilə qlobal enerji və logistika sistemində yeni reallıq yaradıb. Artıq bu böhran təkcə İran və Körfəz ölkələrinin problemi deyil, eyni zamanda Avropa, Asiya və Yaxın Şərqin enerji təhlükəsizliyi, təchizat zənciri və yük daşımaları üçün fundamental risk mərhələsinə keçib. Hörmüzdən ilk tankerlərin geri dönməsi böhranın real iqtisadi təsirlərini dərhal nümayiş etdirdi. 

Məhz bu şəraitdə Xəzər hövzəsi və xüsusən Azərbaycan alternativ enerji, tranzit və logistika arxitekturasının mərkəzi halqasına çevrilir. Dünya artıq yalnız dəniz yollarına güvənməyin nə qədər təhlükəli olduğunu görür. Qırmızı dəniz, Süveyş, Hörmüz və Şimal marşrutlarında risklərin artdığı bir dövrdə etibarlı quru bağlantıları strateji prioritetə çevrilib. Bu isə Azərbaycanın rolunu sadəcə regional deyil, qlobal miqyasda yüksəldir. 

Azərbaycan: Şərqlə Qərbi birləşdirən təhlükəsiz geosiyasi körpü
Bu gün Azərbaycan Orta Dəhliz vasitəsilə Çin, Mərkəzi Asiya, Xəzər, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən ən təhlükəsiz və sabit bağlantı mərkəzi rolunu oynayır. Xüsusən Hörmüz və Yaxın Şərqdə gərginlik artdıqca, yük axınlarının daha riskli dəniz marşrutlarından quru dəhlizlərinə yönəlməsi qaçılmaz olur.
Orta Dəhlizin əsas üstünlüyü onun siyasi risk baxımından daha balanslı olması, marşrutların şaxələndirilməsi imkanı yaratması,  çatdırılma müddətini azaltması, Avropa üçün enerji və sənaye təhlükəsizliyi yaratmasıdır. 

Son məlumatlar göstərir ki, bu marşrutla yük daşımalarının həcmi sürətlə artır və Türkiyə də məhz Hörmüz risklərinə görə Orta Dəhlizdə işləri gücləndirir. Belə bir reallıqda Azərbaycan artıq yalnız tranzit ölkə deyil, Avrasiyanın logistik sinir mərkəzi funksiyasını yerinə yetirir.

Bakının strateji çəkisini artıran əsas amil – çoxvektorlu siyasət
Bu uğurun əsasında Azərbaycan rəhbərliyinin illərlə həyata keçirdiyi çoxvektorlu və praqmatik xarici siyasət dayanır. Bakı eyni zamanda Qərblə enerji tərəfdaşlığını qoruyaraq inkişaf etdirib dərinləşdirir, Türkiyə ilə hərbi-siyasi ittifaqı gücləndirir,  Mərkəzi Asiya ilə Türk dünyası platformasında inteqrasiyanı genişləndirir, Rusiya, Çin və Yaxın Şərq ölkələri ilə iqtisadi balans saxlayır. Beləliklə, Azərbaycan nə bir blokun sərt orbitinə düşür, nə də regional böhranların içində itir. Əksinə, məhz bu balanslı xətt onu “hamının istifadə edə bildiyi təhlükəsiz qapı ölkə” statusuna yüksəldib.

Şimal-Cənub, Orta Dəhliz və Zəngəzur: Azərbaycanın üç strateji dayağı
Bugünkü geosiyasi mənzərədə Azərbaycanın dəyəri yalnız Şərq-Qərb oxu ilə məhdudlaşmır. Azərbaycan eyni zamanda Orta Dəhlizin, Şimal-Cənub dəhlizinin, perspektivdə Zəngəzur dəhlizinin əsas kəsişmə nöqtəsidir. Bu da Bakıya eyni anda həm Avropanın enerji təhlükəsizliyinə, həm Mərkəzi Asiyanın ixracına, həm də Yaxın Şərqin alternativ çıxışlarına xidmət etmək  kimi unikal üstünlüklər yaradır.
Əgər Körfəz ölkələri gələcəkdə Bəsrədən İraq üzərindən “İnkişaf Yolu”nu şimala bağlamaq istəsələr, ən məntiqli geoiqtisadi qovşaq yenə Türkiyə-Azərbaycan-Xəzər xətti olacaq. Bu isə Azərbaycanın yaxın illərdə Körfəz kapitalı üçün də əsas logistik tərəfdaşa çevrilməsi deməkdir.

Yaxın Şərq üçün yeni quru alternativlər və Azərbaycanın rolu
Habur–İraq–Səudiyyə xətti, Hatay–Suriya–İordaniya–Ərəbistan marşrutu və İnkişaf Yolu kimi yeni quru layihələr göstərir ki, dünya logistikasında əsas trend şaxələndirilmiş təhlükəsiz quru bağlantılarıdır. 
Bu bağlantıların Avropaya və Xəzər hövzəsinə inteqrasiyası üçün ən optimal körpü isə Azərbaycandır. Çünki Xəzər keçidi hazır infrastruktur təqdim edir, Bakı limanı regionun əsas paylama mərkəzidir,  Gürcüstan-Türkiyə xətti Avropaya fasiləsiz çıxış verir,  siyasi sabitlik investisiya riskini azaldır. 

Hörmüz böhranının ən böyük geosiyasi qazananlarından biri Azərbaycandır
Körfəzdə blokada və İran ətrafında gərginliyin artması dünyanın enerji və ticarət xəritəsini yenidən çəkir. Bu yeni xəritədə Azərbaycanın rolu sadəcə coğrafi mövqedən qaynaqlanmır; bu, illərlə qurulan strateji infrastrukturun, diplomatik balansın və çoxvektorlu dövlət siyasətinin nəticəsidir.
Bu gün Bakı faktiki olaraq Avropanın alternativ enerji təhlükəsizliyi xətti, Asiyanın Qərbə çıxış qapısı, Yaxın Şərqin şaxələndirilmiş logistika dayağı, Avrasiyanın əsas tranzit açarıdır. 
Yəni Körfəz böhranı dərinləşdikcə Azərbaycanın əhəmiyyəti daha da artır və ölkə XXI əsrin yeni İpək Yolunun dəyişməz geosiyasi mərkəzi kimi önə çıxır.

Mürtəza Bünyadlı

Seçilən
7
1
olke.az

2Mənbələr