Bakı, 14 aprel, AZƏRTAC
Cənubi Qafqazda son illərdə formalaşan yeni geosiyasi reallıqlar regionda təhlükəsizlik və əməkdaşlıq mühitində keyfiyyətcə fərqli mərhələnin başladığını göstərir. Uzun illər münaqişə, qarşıdurma və geosiyasi rəqabət məkanı kimi xarakterizə olunan bu coğrafiyada hazırda sabitliyin möhkəmlənməsi, kommunikasiyaların açılması və iqtisadi inteqrasiyanın genişlənməsi istiqamətində konkret addımlar müşahidə olunur. Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi regionda əsas münaqişə amilini aradan qaldıraraq yeni təhlükəsizlik arxitekturasının formalaşmasına zəmin yaradıb. Bununla yanaşı, rəsmi Bakının təşəbbüsləri və balanslı siyasəti Cənubi Qafqazda sülh gündəliyinin irəli aparılmasında və qarşılıqlı əməkdaşlıq mühitinin formalaşmasında mühüm rol oynayır.
Bəs Azərbaycanın bu prosesdə oynadığı rol və irəli sürdüyü təşəbbüslər regionda uzunmüddətli təhlükəsizliyin və davamlı əməkdaşlıq modelinin formalaşmasına nə dərəcədə real zəmin yaradır və bu yanaşma gələcəkdə Cənubi Qafqazın sabit inkişafını təmin edən əsas amil ola bilərmi?
Mövzu ilə əlaqədar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, bir zamanlar münaqişə ocağı kimi tanınan Cənubi Qafqaz hazırda sülh, normallaşma, əməkdaşlıq və sabitlik prosesləri ilə dünya gündəmində yer alır. Bu proseslər Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən və Azərbaycanın Ermənistana sülh təklifləri ilə çıxış etməsindən sonra getdikcə möhkəmlənib. Azərbaycan ədalətli müharibə apararaq öz torpaqlarını işğaldan azad etdiyi kimi, müharibədən sonrakı dövrdə də beynəlxalq hüquqa uyğun sülh planı ilə çıxış edib.
C.Vəliyev vurğulayıb ki, Azərbaycan Prezidenti tərəfindən dəfələrlə səsləndirildiyi kimi, regionda üçtərəfli platformanın yaradılması təşəbbüsü irəli sürülüb. Digər regionlarda olduğu kimi, Cənubi Qafqazda da belə bir əməkdaşlıq platformasının formalaşdırılması xüsusilə şimal və cənub istiqamətlərində münaqişələrin davam etdiyi bir dövrdə olduqca vacibdir.
Ekspert qeyd edib ki, bu yanaşmanın əsas məqsədlərindən biri region dövlətləri və xalqları arasında uzun illər formalaşmış neqativ tendensiyaların aradan qaldırılması, etimad və qarşılıqlı inam mühitinin yaradılmasıdır. Etibar, güvən və siyasi-hərbi sabitlik formalaşmadan enerji, nəqliyyat və digər sahələrdə uzunmüddətli əməkdaşlıq mümkün deyil. Bu səbəbdən ilk mərhələdə məhz etimad mühitinin qurulması əsas prioritetdir.
“Hazırda Ermənistan və Azərbaycan arasında davam edən qarşılıqlı təmaslar, görüşlər və iqtisadi əlaqələr yekun sülh sazişinin imzalanmasına hazırlıq xarakteri daşıyır. Azərbaycan bu prosesi sülh sazişindən sonraya saxlamır, əksinə, artıq indidən müəyyən istiqamətlər üzrə əməkdaşlıq üçün zəmin yaradır və yekun sənəd imzalandıqdan sonra bu proses daha da sürətlənəcək. Gələcək əməkdaşlıq istiqamətləri sırasında nəqliyyat, enerji və ticarət sahələri xüsusi yer tutur. Dəmir yollarının çəkilməsi, enerji xətlərinin qurulması, yaşıl enerji layihələri, neft-qaz infrastrukturu kimi təşəbbüslər regionda dövlətlər arasında qarşılıqlı asılılıq yaradır. Bu isə beynəlxalq münasibətlərdə sülhün və təhlükəsizliyin möhkəmlənməsi üçün əsas prinsiplərdən biridir”, - deyə C.Vəliyev vurğulayıb.
Onun fikrincə, qarşılıqlı asılılığın artması dövlətləri problemləri qarşıdurma yolu ilə deyil, dialoq və müzakirə vasitəsilə həll etməyə təşviq edir. Bu baxımdan Azərbaycanın formalaşdırdığı üç əsas istiqamət - sülh gündəliyi, iqtisadi əməkdaşlıq və regional platformaların təşviqi regionun gələcəyini müəyyən edən əsas amillərdir. Əgər bu prosesdə kənar müdaxilələrə yol verilməzsə və region ölkələri bu yanaşmanı dəstəkləsə, Cənubi Qafqazda uzunmüddətli sülh və əməkdaşlıq mühiti formalaşa bilər. Bu, regionun taleyini dəyişə biləcək strateji bir mərhələdir.
“Cənubi Qafqaz artıq münaqişə və qarşıdurma modeli ilə deyil, yeni əməkdaşlıq və qarşılıqlı maraqlar üzərində qurulan reallıqla xarakterizə olunur. Azərbaycanın yaratdığı geosiyasi şərait, irəli sürdüyü sülh təşəbbüsləri və praktik addımlar regionda sabitliyin əsas dayaqlarından biridir.
Bugünkü mərhələdə əsas fərq ondan ibarətdir ki, regionda təhlükəsizlik artıq yalnız hərbi faktorlarla deyil, iqtisadi əlaqələr, nəqliyyat xətləri, enerji layihələri və qarşılıqlı asılılıq üzərindən formalaşır. Bu isə Cənubi Qafqazı tədricən qlobal qarşıdurmaların periferiyasından çıxararaq əməkdaşlıq platformasına çevirir.
Eyni zamanda, regionun gələcək taleyi böyük ölçüdə burada formalaşan bu yeni modelin nə dərəcədə davamlı olacağından asılıdır. Əgər mövcud dinamika qorunarsa, tərəflər arasında etimad daha da güclənər və inteqrasiya prosesləri dərinləşərsə, Cənubi Qafqaz yaxın illərdə təkcə sabit region kimi deyil, həm də Avrasiya məkanında strateji bağlantı və əməkdaşlıq mərkəzi kimi mövqeyini möhkəmləndirə bilər.
Müxbir - Səbinə Əlizadə