AZ

Əlilliyi olan uşaqlar üçün yeni günərzi qayğı mərkəzi istifadəyə verilib

Bakı, 14 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Bakının Sabunçu rayonunda (Sabunçu rayonu, Yavər Əliyev küçəsi 1) əlilliyi olan uşaqlar üçün yeni günərzi qayğı mərkəzini istifadəyə verib.

Sosial Xidmətlər Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, mərkəz əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinin nəzdində fəaliyyət göstərəcək.

Açılış tədbirində Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov və Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev iştirak ediblər.

Qeyd edilib ki, agentliyin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 4 günərzi qayğı mərkəzi fəaliyyət göstərir. Sabunçu günərzi qayğı mərkəzinin məqsədi əlilliyi olan uşaqların psixo-sosial reabilitasiyasını dəstəkləmək, onların cəmiyyətə inteqrasiyasını gücləndirmək və ailələrini zəruri sosial xidmətlərlə təmin etməkdir. Mərkəz, həmçinin şəxslərin dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına da dəstək məqsədi daşıyır.

Mərkəzə qəbul olunan uşaqlar həftənin beş günü saat 9:00-dan 18:00-dək sosial-məişət, tibbi-sosial, sosial-psixoloji və sosial-pedaqoji xidmətlərlə təmin olunacaqlar. Eyni zamanda, valideynlər üçün uşaqlara qulluq bacarıqlarının artırılmasına yönəlmiş məsləhət xidmətləri göstəriləcək və müxtəlif təlim proqramları təşkil ediləcək.

Mərkəzin göstərdiyi xidmətlərdən yararlanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına, eləcə də DOST mərkəzlərinə ərizə ilə müraciət edə bilərlər. Həmçinin agentliyin sosial media hesablarına müraciət etməklə göstərilən sosial xidmətlərlə bağlı məlumat almaq mümkündür.

 

Seçilən
10
5
azertag.az

6Mənbələr