ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda son illərdə uşaq sayı sürətlə azalır.
Əvvəllər il ərzində təxminən 180 min uşaq doğulurdusa, indi bu rəqəm 60 minə qədər düşüb. Yəni təbii artım demək olar ki, 3 dəfə azalıb. Bu dəyişiklik artıq adi hal deyil və diqqətçəkən bir vəziyyətə çevrilib.
Uşaq sayının azalması gələcəkdə həm əhalinin, həm də işləyən insanların sayına təsir edə bilər. Azərbaycanda təbii artımın azalması ciddi demoqrafik problem yarada bilərmi?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli bildirdi ki, qlobal miqyasda doğum səviyyəsinin enməsi ümumi bir tendensiya kimi çıxış edir:

“Azərbaycanda təbii artım aşağı düşsə də, narahatlıq üçün əsas yoxdur. Bu azalma bir çox ölkələrdə ciddi demoqrafik problem yaratsa da, Azərbaycanda vəziyyət hələ ki, əhali sayının azalmasına gətirib çıxarmır.
Ümumi tendensiya göstərir ki, doğum tempi zəifləyib, lakin kəskin demoqrafik geriləmə müşahidə olunmur. Bu prosesə paralel olaraq ölkədə əsas diqqət əmək bazarındakı vəziyyətə yönəlir.
İş yerlərinin tapılmaması, əməkhaqqının aşağı olması və gənclərin iş tapmaqda çətinlik çəkməsi kimi problemlər mövcuddur. Azərbaycanda əmək bazarında iş axtaranların sayı iş təklif edənlərdən daha çoxdur, buna görə də orta əməkhaqqı aşağı səviyyədə qalır. Hətta bu göstərici bəzi qonşu Qafqaz ölkələri ilə müqayisədə də nisbətən zəifdir”.
Ekspert qeyd edib ki, mövcud vəziyyət yaxın dövrdə kəskin demoqrafik böhran ehtimalının aşağı olduğunu göstərir:
“Hazırda təbii artımın azalmasından daha çox sosial-iqtisadi faktorlar gündəmdədir. İqtisadiyyatın mövcud vəziyyəti yaxın 10 il ərzində demoqrafik sahədə ciddi təhlükə ehtimalının aşağı olduğunu göstərir. Hazırda isə əsas problem kimi işsizlik və iş tapmaqla bağlı çətinliklər ön plana çıxır”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər:
uşaq sayı Xalid Kərimli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.