AZ

Kütləvi ağac kəsimi: Hava keyfiyyətinə necə təsir edir? - EKOLOQ AÇIQLADI

"Azərbaycanda ağacların kəsilməsinə yalnız qanunla müəyyən edilmiş xüsusi hallarda, müvafiq icra hakimiyyəti orqanının (bələdiyyə və ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi) rəyi və ya icazəsi ilə yol verilir. “Yaşıllıqların götürülməsi Qaydası”na əsasən, ağaclar ekoloji vəziyyətinə dair məlumatlara görə bəzi hallarda kəsilə bilər. Ağacın kəsilməsinə icazə verilən əsas hallar dövlət və ictimai ehtiyaclar, infrastruktur layihələri, tikinti və yenidənqurma, təhlükəsizlik və sanitar hallar, qəzalı vəziyyət, sanitar kəsim, işıqlanma norması və fərdi həyətyanı sahələrdir. Şəxsi mülkiyyətin ərazisində də müəyyən şərtlərlə kəsimə icazə verilə bilər". Bu sözləri SİA-ya açıqlamasında bildirib ki, ekoloq Sevil Yüzbaşeva deyib.

Onun sözlərinə görə, dövlət ehtiyacları üçün, məsələn, yaşıllıq altına düşən torpaqlar dövlət ehtiyacları üçün geri alındıqda kəsimə icazə verilir:

"Tikinti və yenidənqurma işləri aparıldıqda, şəhərsalma və tikinti qaydalarına uyğun olaraq təsdiqlənmiş layihələr çərçivəsində ağacların köçürülməsi və ya götürülməsi zərurəti yarandıqda kəsilə bilər. Təhlükəsizlik və sanitar hallar olduqda icazə verilir ki, ağac qəzalı vəziyyət yaradır. Məsələn, ağacın aşma, budaqlarının qırılma təhlükəsi olduqda və bu, insanların həyatı, sağlamlığı və ya əmlakı üçün real təhlükə yaratdıqda sanitar kəsim həyata keçirilir. Ağac xəstəlik və ya ziyanvericilər tərəfindən ciddi zədələndikdə, quruduqda və bərpası mümkün olmadıqda (mütəxəssis rəyi əsasında) kəsilməsinə icazə verilir.

İnfrastruktur layihələri həyata keçirilən zaman, dövlət əhəmiyyətli tikinti, yenidənqurma və yol layihələri zamanı yaşılıqların köçürülməsi qeyri-mümkün olduqda və kommunikasiya xətləri (elektrik, qaz, su və ya kanalizasiya xətləri) üzrə qəza baş verdikdə və ya onların çəkilişi üçün maneə yaratdıqda kəsilə bilər. Bundan başqa, təbii hadisələr (fırtına, ildırım və s.) nəticəsində ağaclar zədələndikdə də kəsimə icazə verilir.

Şəxsi həyətyanı sahədəki ağaclar tikinti və ya digər məqsədlər üçün maneə yaradırsa, bu zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazə almaq tələb olunur. İcazədən sonra işlər Yaşıllaşdırma idarələri tərəfindən həyata keçirilir. İcazəsiz və ya qanunsuz ağac kəsmək inzibati və cinayət məsuliyyəti yaradır. Kəsilən ağacların əvəzinə kompensasiya xarakterli yeni əkinlərin aparılması da tələb olunur.

Azərbaycanda ağacların və yaşıllıqların kəsilməsi “Yaşıllıqların mühafizəsi haqqında” qanun və müvafiq qaydalarla tənzimlənir. Ümumi qayda olaraq, icazəsiz ağac kəsmək qadağandır, lakin müəyyən hallarda buna yol verilir.

Şəhər mühitində bir ağac sadəcə vizual gözəllik deyil, həm də “canlı mühəndislik” qurğusudur. Onun ekosistem üçün əsas rolları havanın təmizlənməsi, temperaturun nizamlanması, səs izolyasiyası, su idarəçiliyi, biomüxtəliflik və psixoloji təsirdir. Ağaclar karbon qazını udur və oksigen istehsal edir, yarpaqları ilə havadakı toz və zərərli hissəcikləri filtr kimi tutur. Kölgə və buxarlanma yolu ilə yay aylarında temperaturu 2–8 dərəcəyə qədər azalda bilir. Sıx əkilmiş ağaclar şəhər səs-küyünü azaldır. Yağış sularının torpaq tərəfindən daha effektiv udulmasına kömək edir və daşqın riskini azaldır. Eyni zamanda quşlar və digər canlılar üçün yaşayış mühiti yaradır və insanların psixoloji vəziyyətinə müsbət təsir göstərir.

Ağacların kəsilməsi şəhər havasının keyfiyyətini mənfi şəkildə pisləşdirir. Oksigen azalır, karbon qazı artır. Ağaclar olmadıqda havadakı toz, his və zərərli qazlar daha çox yayılır və birbaşa insan sağlamlığına təsir edir. Hava daha quru olur, külək tozu daha geniş ərazilərə yayır. Xüsusilə yol kənarındakı ağacların kəsilməsi həmin ərazilərdə çirklənməni bir neçə dəfə artıra bilər.

Kütləvi ağac kəsimi torpaq və su balansını ciddi şəkildə pozur. Ağac kökləri torpağı saxladığı üçün onların yoxluğu eroziyaya səbəb olur, münbit qat yuyulub gedir və torpaq yoxsullaşır. Günəş şüalarının birbaşa təsiri ilə torpaq quruyur, şorlaşma və səhralaşma baş verir. Ağaclar yağış suyunun yeraltı qatlara keçməsini təmin etdiyindən, onların azalması yeraltı su ehtiyatlarının da azalmasına səbəb olur. Bu isə daşqın riskini artırır və su dövranını pozur.

Yaşıllığın azalması uzunmüddətli ciddi problemlərə gətirib çıxarır. Qlobal istiləşmə sürətlənir, ekstremal hava hadisələri artır. Torpaqlar münbitliyini itirir, kənd təsərrüfatı zəifləyir və qida təhlükəsizliyi risk altına düşür. Su ehtiyatları azalır və quraqlıq yaranır. Bioloji müxtəliflik məhv olur, bir çox növlər yoxa çıxır. Hava çirklənməsi və istilərin artması nəticəsində tənəffüs və ürək-damar xəstəlikləri çoxalır. Şəhərlərdə yaşayış keyfiyyəti aşağı düşür, psixoloji problemlər artır. Eyni zamanda təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və səhiyyə xərcləri iqtisadi baxımdan böyük itkilərə səbəb olur".

Müəllif: Arzu Qurbanlı
Seçilən
2
1
sia.az

2Mənbələr