AZ

Hökumət onlara nəzarət edə bilmir: Eskobarın begemotları öldürüləcək

Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kolumbiya hökuməti narkobaron Pablo Eskobarın 1980-ci illərdə ölkəyə gətirdiyi və sonradan nəzarətsiz şəkildə çoxalaraq ekosistem üçün təhlükə yaratmağa başlayan begemotların məhv edilməsinə icazə verib.

Qaynarifno xəbər verir ki, hökumət Eskobardan qalan və təbiətə yayılaraq sayları sürətlə artan begemotların məhvi ilə bağlı qərarın həm yerli əhalini qorumağı, həm də ekoloji tarazlığı bərpa etməyi hədəflədiyini açıqlayıb. Qeyd olunub ki, sterilizasiya və köçürmə cəhdləri yüksək xərc və qeyri-kafi nəticələr səbəbindən effektiv olmayıb.

Ətraf mühit naziri İren Velez indiyədək tətbiq olunan əhali nəzarəti üsullarının bahalı və səmərəsiz olduğunu bildirib. Velez begemotların bir qisminin sterilizasiya edilməsi və ya zooparklara köçürülməsi kimi təşəbbüslərin nəticə vermədiyini vurğulayıb. O, plan çərçivəsində 80-ə qədər begemotun məhv edilə biləcəyini deyərək əlavə edib: "Ekosistemimizi qorumaq üçün bu addımı atmaq məcburiyyətindəyik".

Afrikadan kənarda vəhşi begemot populyasiyasına sahib yeganə ölkə olan Kolumbiyada bu böhranın kökü Eskobarın "Hacienda Napoles” adlı malikanəsində qurduğu xüsusi zooparka dayanır. 1980-ci illərdə ölkəyə gətirilən dörd begemotun sayı çoxalma nəticəsində artaraq Kolumbiya Milli Universitetinin məlumatına görə, 2022-ci ilə qədər 170-ə çatıb. Heyvanların artıq mülkdən təxminən 100 kilometr şimaldakı ərazilərdə belə müşahidə edildiyi bildirilir.

Ətraf mühit rəsmiləri bu canlıların çaylarda və təsərrüfatlarda insanlarla qarşı-qarşıya gələrək ciddi təhlükəsizlik riski yaratdığını, həmçinin yerli "dəniz inəkləri” kimi növlərin qida və yaşayış sahələrini sıxışdırdığını vurğulayır.

Begemotlar bölgədə turizm baxımından da cazibə obyektinə çevrilib. "Hacienda Napoles” ətrafındakı kəndlərdə sakinlər begemot müşahidə turları təşkil edir və bu mövzu ilə bağlı suvenirlər satırlar. Eskobarın keçmiş malikanəsi dövlət tərəfindən müsadirə edildikdən sonra su parkı və zooparkı da olan tematik parka çevrilmişdi.

Hökumətin qərarı ölkədə heyvan hüquqları müdafiəçilərinin sərt etirazı ilə qarşılanıb.

Senator Andrea Padilya sosial mediada açıqlamasında qərarı "qəddar" adlandırıb: "Öldürmələr və qırğınlar heç vaxt qəbul edilə bilməz. Bu canlılar tamamilə sağlamdır və laqeydliyin qurbanıdır".

Son 12 ildə üç fərqli hökumət dövründə həyata keçirilən sterilizasiya proqramları əməliyyatların çətinliyi və yüksək xərclər səbəbindən gözlənilən nəticəni verməyib. Mütəxəssislər həmçinin məhdud gen hovuzuna sahib olan və xəstəlik daşıma riski olan bu heyvanların Afrikadakı təbii mühitlərinə qaytarılmasının mümkün olmadığını bildirirlər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
qaynarinfo.az

1Mənbələr