AZ

Yanacaq diplomatiyası: Azərbaycan-Ermənistan xəttində yeni iqtisadi mərhələ?- ÖZƏL

Azərbaycandan Ermənistana bu gün 22 vaqon dizel yanacağı ixrac ediləcək. Eyni zamanda, Rusiyadan Ermənistana 4 vaqon gübrə tranzitlə göndəriləcək. Qeyd edək ki, bu ölkəyə yanacaq ixracına 18 dekabr 2025-ci ildə başlanılıb. Sonuncu tədarük isə aprelin 11-də -887 ton dizel yanacağı olub.

Azərbaycan-Ermənistan arasında yanacaq tədarükünün artması regionda iqtisadi münasibətlərə necə təsir göstərə bilər? Bu ixracın Azərbaycanın enerji bazarına və qiymət siyasətinə təsiri nə dərəcədə hiss oluna bilər?Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
" Azərbaycan və Ermənistan arasında yanacaq tədarükünün artması, ilk növbədə, iqtisadi münasibətlərdə yumşalma və praktiki əməkdaşlıq kanallarının genişlənməsi kimi qiymətləndirilə bilər. Bu cür ticarət əlaqələri uzun illər gərgin olan siyasi münasibətlərdən fərqli olaraq, tərəflər arasında minimal da olsa qarşılıqlı asılılıq yaradır və bu, gələcəkdə kommunikasiya və etimad mühitinə müsbət təsir göstərə bilər. Eyni zamanda, enerji və logistika sahəsində yaranan belə əlaqələr regionda ticarət marşrutlarının diversifikasiyasına da xidmət edir.
Rusiyadan Ermənistana gübrə tranziti də göstərir ki, regionda nəqliyyat-kommersiya axınları daha çox texniki və iqtisadi məntiq üzərindən qurulmağa başlayır. Bu, siyasi gərginliklərin ticarət əməliyyatlarını tam bloklamadığını göstərən bir tendensiyadır və region ölkələri üçün müəyyən logistik sabitlik yarada bilər.
Azərbaycanın enerji bazarına və qiymət siyasətinə təsirinə gəldikdə isə, bu həcm hazırda qlobal və ya milli enerji balansı ilə müqayisədə çox böyük deyil. Ona görə də daxili bazarda yanacaq qiymətlərinə birbaşa və ciddi təzyiq yaratması gözlənilmir. Lakin ixrac kanallarının genişlənməsi və əlavə bazarların yaranması orta və uzunmüddətli perspektivdə təklifin optimallaşmasına, logistika xərclərinin daha səmərəli idarə olunmasına və ümumi ticarət strategiyasında çevikliyin artmasına kömək edə bilər.
Ümumiyyətlə bu proses iqtisadi baxımdan kiçik miqyaslı olsa da, siyasi baxımdan simvolik əhəmiyyət daşıyır və regionda tədricən daha praqmatik iqtisadi əlaqələrin formalaşdığını göstərə bilər.
Eyni zamanda bu prosesin Ermənistanda keçrilən parlament seçkiləri ərəfəsində başlanması müəyyən mənada Azərbaycanın bu seçkilərdəki maraqlarının müdafiəsi kimi də qiymətləndirilə bilər. Yəni Ermənistan seçicisi səs verərkən Azərbaycanı düşmən kimi deyil, ona dəstək verən dost kimi təsəvvür etməyə meyilli olacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
olaylar.az

1Mənbələr