AZ

Rusiya bacarmadı, Çin meydana çıxdı Putin Trampın bunu edə biləcəyindən narahatdır

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çin ABŞ-ın Hörmüz boğazında blokada qərarına görə Vaşinqtona xəbərdarlıq edib. Çin Xarici İşlər Nazirliyi ölkənin Hörmüz boğazından istifadəni davam etdirəcəyini və İran ilə imzalanmış enerji müqavilələrini tam şəkildə yerinə yetirəcəyini açıqlayıb.

Bəzi ekspertlər hesab edir ki atəşkəs rejimi ABŞ Prezidenti Donald Trampın Pekinə may ayında güman edilən səfərinədək davam edəcək.

Çin müharibəyə cəlb olunur? Münaqişənin taleyi Pekində həll ediləcək?

Globalinfo.az-a danışan siyasi şərhçi Bakir Həsənbəyli deyib ki, ABŞ və Çin dünya iqtisadiyyatının əsas aparıcı gücləridir:

“İki ölkə arasında baş verə biləcək ticari qarşıdurmalar qlobal bazarlarda qeyri-sabitliyə, qiymətlərin artımına və iqtisadi çətinliklərə səbəb ola bilər. Tərəflərin ticari münasibətlərdə konsensus halında olmaları dünya iqtisadiyyatı üçün müsbət siqnal hesab edilir. Razılaşma, həm iqtisadi sabitliyin bərpasına, həm də siyasi münasibətlərin normallaşmasına təkan verir.

ABŞ–Çin münasibətlərinin pərdə arxasında geosiyasi rəqabət var. Dünya iqtisadiyyatı və ticarətinin əsas arterial damarı bu iki ölkədir. Ticari qarşıdurma dünya iqtisadiyyatına ciddi təsir edir ki, bu da qiymət artmı ilə müşayət olunur. ABŞ-ın Hörmüz istiqamətində tətbiq etdiyi blokada ilə bağlı Çinlə anlaşma bazara müəyyən sabitlik gətirəcək. Nəticədə süni enmə və qalxmaların qarşısı alınacaq, münasibətlər tədricən tənzimlənəcək. Ancaq bu məsələlərin həmçinin siyasi yönü də var. İqtisadiyyat bilavasitə siyasəti şərtləndirir”.

Politoloq bildirib ki, ABŞ-ın Tayvanı müdafiə etməsi Çini qıcıqlandıran amilllərdəndir:

“Çünki Tayvanı öz tərkib hissəsi sayan Çin, onun müstəqil subyekt kimi fəaliyyət göstərməsini istəmir və ABŞ-la bu yöndə anlaşmada müəyyən problemlər var. Digər tərəfdən Vaşinqtonun Pekindən Rusiya–Ukrayna, o, cümlədən ABŞ – İran  müharibələrinin bitirilməsi kimi tələbləri mövcuddur. Çünki Rusiya və İran neftinin ən böyük alıcılarından biri də məhz Çindir. Həmçinin Pekinin Moskva və Tehrana pilotsuz uçuş aparatlarının, dronlar komponentlərinin verilməsində və onların idarə olunmasında xüsusi rolu var. Bu komponentlər və xüsusilə də çiplər, yarımkeçiricilər Rusiyaya və İrana verilməsə, həmin ölkələrin strateji silahlarının istehsalı mümkün olmayacaq.

Bakir Həsənbəyli

İndiki vəziyyətdə Çinin bu yardımı dayandırdığı təqdirdə İran və Rusiya hərbi-sənaye kompleksi qısa müddətdə çökəcək. Vaşinqton da Pekindən bunu tələb edir. Ona görə də bir tərəfdən Çinlə ticarət-iqtisadi anlaşmalar müzakirə olunursa, digər tərəfdən məsələnin geosiyasi tərəfləri diqqət çəkir. Ticarət yönündə anlaşma həmçinin digər sahələrdə də razılaşmalara yol açır. Rusiyanın nüvə təlimləri keçirməsi, Prezident Vladimir Putinin çıxışları isə Donald Trampın son Asiya səfəri ilə bağlıdır. Putin Tramp ilə görüşüb müəyyən anlaşmaya nail ola bilmədiyi üçün bu razılaşmanın məhz ABŞ və Çin rəhbərləri arasında ola biləcəyindən narahatdır. Tramp çalışır ki, Çini Rusiya və İranla ayırsın.

ABŞ və Çin münasibətləri bu gün qlobal geosiyasi nizamın əsas təyinedici faktorlarından birinə çevrilib. Çin ABŞ-ın qlobal məkanda ən böyük rəqibi olaraq qalacaq. Rusiya ABŞ üçün real rəqib ola bilmədi, Çin isə tam fərqli situasiyadadır. İqtisadi və texnoloji baxımdan sürətlə inkişaf edən, nəhəng potensiala malik dövlətdir. Çin Prezidenti Si Cinpin hələ keçmiş Ağ Ev rəhbəri Co Bayden dönəmində ABŞ-Çin qarşıdurmasını bütün dünya üçün fəlakət hesab etdiyini demişdi. Düşünmürəm ki, hər iki dövlət dünyanı fəlakətə sürükləsin”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
globalinfo.az

1Mənbələr