Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində iştirak edən 2-ci sinif şagirdinin valideyni sosial şəbəkədə paylaşım edərək suallarda istifadə olunan “Arek, Darek, Marek” kimi xarici adların uşağın diqqətini yayındırdığını və bunun onun üçün çətinlik yaratdığını bildirib. Valideyn həmçinin qeyd edib ki, suallarda yalnız xarici adların yer alması Azərbaycan bölməsində oxuyan uşaqlar üçün uyğun deyil və Azərbaycan adlarından istifadə olunmamasından narazıdır.
Bəs bu irad nə dərəcədə əsaslıdır? 2-ci sinif şagirdləri üçün belə adların istifadəsi doğrudanmı problem yarada bilər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, Kenquru Beynəlxalq Riyaziyyat Olimpiadası dünyanın 90-dan çox ölkəsində keçirilən və sertifikatı, dəyərliliyi dünyanın bir çox ölkəsində tanınan bir olimpiadadır:
"Bu olimpiadanın nəticələrinə əsasən hətta bəzi beynəlxalq universitetlər tələbə qəbul edir. Yəni bu qədər dəyərli bir imtahandır. Bu imtahan beynəlxalq imtahan olduğuna görə onun sualları bizim mütəxəssislər tərəfindən hazırlanmır. Bu təşəbbüsün ilk olaraq Fransada irəli sürüldüyünü nəzərə alsaq, suallar beynəlxalq komissiya tərəfindən tərtib olunur. İmtahanla bağlı nəzərdə tutulan komissiya sualları hazırlayır və həmin suallarda obrazlar və ya adlar verilir. Burada demək mümkün deyil ki, Azərbaycan üçün fərqli obrazlar qoyulsun, Hindistan üçün həmin ölkənin adət-ənənələrinə uyğun obrazlar və ya adlar seçilsin. Bu mümkün deyil. Çünki bu beynəlxalq imtahandır və suallar hansı formada hazırlanırsa, dəyişdirilmədən həmin formada ölkələrdə tətbiq olunmalıdır. Elm və Təhsil Nazirliyi də bunu olduğu kimi tətbiq edir".
Müsahibimiz məsələ ilə bağlı misal da çəkdi:
""Viktor Hüqonun “Səfillər” əsərini Azərbaycan dilinə tərcümə edərək oxuyuruq. Bu zaman əsərdəki obrazların adlarını dəyişib Azərbaycan adət-ənənələrinə uyğunlaşdırmaq nə qədər məntiqsiz olardı. Bu, əsərin orijinallığını itirərdi. Eyni yanaşma burada da keçərlidir. Beynəlxalq olimpiada olduğuna görə beynəlxalq komissiyanın hazırladığı imtahan dəyişdirilmədən, olduğu kimi tətbiq olunmalıdır və hazırda da bu şəkildə tətbiq olunur. Valideynin iradı, əlbəttə, vətənpərvərlikdən irəli gələn bir yanaşmadır, lakin bu, Kenquru Beynəlxalq Olimpiadasında dəyişiklik edilə biləcək məsələ deyil. Burada hər hansı dəyişiklik etmək mümkün deyil. Ona görə hesab edirəm ki, bu təşəbbüsü irəli sürənlər də bu arqumentlərlə razılaşar".
NURİYYƏ