AZ

Gürcü nazir: Qara dəniz sualtı kabel layihəsi Cənubi Qafqazda enerji sektorunun inkişafına təkan verəcək

Tbilisi, 14 aprel, AZƏRTAC

Avropa Parlamentinin və Avropa Şurasının Qara dəniz sualtı kabel layihəsinə "Qarşılıqlı maraq doğuran layihə" statusu verməsi mühüm hadisədir. Bu qərar layihənin yalnız Gürcüstan və Cənubi Qafqaz üçün deyil, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıdığını bir daha təsdiqləyir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Avropa Parlamentinin və Avropa Şurasının Qara dəniz sualtı kabel layihəsinə PMI (qarşılıqlı maraq doğuran layihə) statusuna münasibət bildirərkən deyib.

Statusu yüksək qiymətləndirən Mariam Kvrivişvili bildirib ki, Qara dəniz sualtı kabeli Gürcüstanın enerji potensialının artırılması və ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm layihədir. Onun sözlərinə görə, layihə ölkədə istehsal olunan enerjinin Avropa bazarına çıxarılmasına şərait yaradacaq.

Nazir əlavə edib ki, layihə həm də Avropa İttifaqının enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək və ümumilikdə Cənubi Qafqaz regionunda enerji sektorunun inkişafını sürətləndirəcək.

Bildirilir ki, Avropa Parlamentinin və Avropa Şurasının verdiyi PMI statusu layihənin strateji və qarşılıqlı maraq doğuran təşəbbüs kimi tanındığını təsdiqləyir və onun gələcək inkişafı üçün mühüm siyasi dəstək rolunu oynayır.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Seçilən
10
2
azertag.az

3Mənbələr