Azərbaycan teleməkanında vəziyyət ürəkaçan deyil. Qalmaqallar, bağlanan verilişlər, efir etikası ilə bağlı müzakirələr bir-birini əvəz edir. Tamaşaçı illərdir şikayət etdiyi “bayağı” ifaçıların nəhayət ki, efirdən uzaqlaşdırılmasının şahidi olur. Bəs bu dəyişikliklər həqiqətən keyfiyyətə aparır, yoxsa sadəcə iş görmək xatirinə atılan addımlardır?
Hadisələrin mərkəzində isə “Space” TV dayanır. Dünən kanalın baş direktoru Vado Korovinin vəzifəsindən getməsi ilə bağlı yayılan xəbərlər gündəmi zəbt etdi. Kanalda Audiovizual Şuranın yoxlamalar aparması efir məkanındakı hazırki vəziyyətin nə qədər ciddi olduğunu bir daha göstərdi. Məlumdur ki, artıq söhbət tək bir verilişdən yox, ümumi idarəetmə və efir siyasətindən gedir.
“Space” TV-də gərginlik Tarix Əliyevin aparıcılığı ilə yayımlanan “Tarixin bir günü” verilişinin bağlanması ilə başladı. Sosial şəbəkələrdə geniş müzakirə olunan proqramın yayımının dayandırılması cəmiyyətə “efirdən bayağılığın yığışdırılması” kimi təqdim olundu.
ARB-də “Səni axtarıram”, “Həmin Zaur”, “Elgizlə izlə”, ATV-də “Rəngarəng” və “Bizimləsən” kimi reytinqli proqramlar da həmin siyahıya düşdü. Bir vaxtlar gündəmi zəbt edən, sosial mediada trendə çevrilən bu layihələr indi efirdə yoxdur.
“Səni axtarıram” və “Bizimləsən” formatında isə cəmi iki veriliş qaldı. Lalə Azərtaşın təqdimatında “Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” və “Space” TV-də Amil Xəlilin təqdimatında efirə gedən “Gəl danış” verilişi. Yəni format tamamilə aradan qaldırılmayıb, sadəcə nəzarət altına alınıb.
Verilişlərin bağlanması ilk mərhələdə cəmiyyət tərəfindən alqışlandı və böyük səs-küyə səbəb oldu. İnsanlar daha səviyyəli efir, daha mədəni müzakirələr, sənətə və intellektə yer verən proqramlar gözləyirdi. Həqiqətən də efirə muğam ustaları, aktyorlar, bəstəkarlar daha çox dəvət olunmağa başladı. Amma burada başqa bir problem üzə çıxdı. Bayağılıqdan uzaqlaşmaq yalnız muğam ifaçılarını efirə çıxarmaq demək deyil. Azərbaycan pop musiqisində də keyfiyyətli işlər görən sənətçilər kifayət qədərdir. Üstəlik, eyni simaların təkrar-təkrar müxtəlif kanallarda görünməsi tamaşaçını yorur.
Fərqlilik yaratmaq əvəzinə, kanallar bir-birinin siyahısını təkrarlayır. Elə son 1 həftədə Əməkdar artist Vasif Məhərəmlini 4 ayrı verilişdə görmüşəm.
Dəyişiklik var, amma yaradıcılıq hələ də inkişaf edə bilməyib. Ən maraqlı məqam isə budur ki, bayağılıqdan gileylənən tamaşaçı yeni formatlı proqramlara əvvəlki qədər baxmır. Reytinqlər aşağı düşüb. Bu, bir reallığı göstərir: televiziya yalnız tənqidlə yox, alternativ təqdimatla ayaqda qalmağı bacarmalıdır.
Təbii ki, özəl kanallar, reytinq qazanmalıdır bu, danılmaz faktdır. Çünki kanalları dövlət maliyələşdirmir. Amma reytinq naminə səviyyəni aşağı salmaq da çıxış yolu deyil. Əsl peşəkarlıq məhz keyfiyyətli və maraqlı məzmunla tamaşaçını ekrana bağlamaqdır.
Uzun illər efirlər şəxsi həyat dramları üzərində quruldu. Kim neçə dəfə evlənib, kim kimi tərk edib, kim atasını axtarır… Bu mövzular cəmiyyət üçün nə qədər önəmlidir və ya niyə önəmli olmalıdır?
İnsanlar qalmaqala bir dəfə maraq göstərir, ikinci dəfə artıq yorulur. Televiziya isə bu yorğunluğu görməzdən gəlir. Nəticədə tamaşaçı alternativ platformalara, yəni sosial mediaya üz tutur.
Əyləncə proqramı sərhədsiz azadlıq demək deyil. Şou etmək olar, amma səviyyəni qoruyaraq.
Digər həqiqət budur ki, efirdə çalışan aparıcıların böyük hissəsi peşəkar jurnalistika təhsili almamış şəxslərdir. Bu, ayıb deyil. Amma efir etikası, informasiya balansı, müsahibə mədəniyyəti kimi əsas prinsipləri bilmədən ekran qarşısına çıxmaq artıq riskdir.
Televiziya məktəbdir. Orada deyilən hər söz cəmiyyətə təsir edir.
Digər diqqətçəkən məqam isə bizdə layihələrin yoxluğudur. Bütün verilişlər biri-birini təkrarlayır. Bilmirəm, bəlkə də kanal rəhbərliyi təqdim olunanan yeni layihələri qəbul etmir. Məsələnin bu hissəsi qaranlıqdır. Lakin bütün bu məqamlara diqqət etmək lazımdır.
Bu gün “Space” TV-də kanalın baş direktoru Vado Korovinin vəzifəsindən azad olunması və bütün idarəetmə və səlahiyyətlərin icraçı direktor Nəriman Əbdüləliyevin həyata keçirməsi artıq rəsmi təsdiqini tapdı. Kanal daxilində nələrin baş verdiyi tam məlum olmasa da, dəyişikliklərin qaçılmaz olduğu görünür.
Ümumilikdə isə Azərbaycan televiziyası dönüş nöqtəsindədir. Ya özünü yeniləyəcək, ya da tamaşaçısını itirəcək. Çünki artıq seçim çoxdur. Bu da o deməkdir ki, tamaşaçı üçün alternativlər də boldur.
Əgər kanallar doğrudan da keyfiyyətli məzmun istehsal edə bilməsə, yaxın illərdə bəzi özəl telekanalların bağlanması heç də təəccüblü olmayacaq.
Efirlər dəyişsə də, bu dəyişikliyin düşünülmüş strategiya, yoxsa sadəcə ictimai təzyiqə verilən reaksiya olması sual altındadır. Cavabı isə vaxt göstərəcək.
Aydan Hacı
Telegram kanalımız