Yuri Vernidubun baş məşqçi postuna gətirilməsindən sonra sürət yığan və avrokuboklara vəsiqə arzusundan sonadək əl çəkməyəcəyini oyunu ilə isbatlayan "Neftçi"nin parlaq performansı azarkeşlərini qürurulandırmaya bilməz.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi yay transfer pəncərəsi ilə bağlı planlarını həyata keçirmək üçün indidən hazırlıq görür.
Düzdür, "ağ-qaralar"ın ölkəmizi qitəmiqyaslı turnirlərdə təmsil edib-etməyəcəyi hələ dəqiqləşməyib, amma komanda bu şansı əldən versə belə, heyət nəzərəçarpan dərəcədə gücləndiriləcək. Məqsəd növbəti "futbol ili"ndə çempionluq uğrunda mübarizə aparmağa qadir kollektiv formalaşdırmaqdır. Rəhbərlik Vernidubun fəaliyyətindən məmnundur. Ukrayna mətbuatının millinin baş məşqçi postuna əsas namizədlərdən biri qismində dəyərləndirdiyi 60 yaşlı mütəxəssis də Bakı təmsilçisində daha uzun müddət qalmaq, titullar qazanmaq variantına isti yanaşır.
Artıq komandanı 3 futbolçunun tərk edəcəyi dəqiqləşib. Bunlar rumıniyalı müdafiəçi Kristian Kostin, dayaq yarımmüdafiəçisi Elvin Camalov və vinger Murad Məmmədovdur.
Kostinlə Camalovun hazırlıq səviyyəsi Vernidubu qane etmirsə, Murad Kiprə yollanmağa və "Pafos"la uzunmüddətli müqavilə bağlamağa hazırlaşır.
Toğrul