AZ

Rusiya yeni hərbi müdaxiləyə bəhanələr yaradır 

Rusiyada hərbi müdaxilə imkanlarını genişləndirən qanun layihəsi gündəmə gətirilib.

Musavat.com xəbər verir ki, Dövlət Duması prezident Vladimir Putinə xarici ölkələrə qoşun yeritmək üçün əlavə səlahiyyətlər verən qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxarır.

Məlumata görə, layihə Rusiya Müdafiə Nazirliyi tərəfindən hazırlanaraq hökumət tərəfindən 19 mart tarixində təqdim edilibmiş. Sənədə əsasən, Rusiya ordusu xarici məhkəmələr və ya Moskvanın tanımadığı beynəlxalq tribunal tərəfindən təqib olunan Rusiya vətəndaşlarını “qorumaq” üçün digər ölkələrə göndərilə bilər.

Qeyd olunur ki, əsas hüquqi qarşıdurma Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlıdır. Bu məhkəmə Putin və uşaq ombudsmanı Mariya Lvova-Belova barəsində həbs orderi çıxarıb. 2025-ci ilin dekabrında Putin xarici məhkəmələrin qərarlarının Rusiyada icra olunmamasına icazə verən qanunu imzalayıb.

Dumanın spikeri Vyaçeslav Volodin bu təşəbbüsü müdafiə edərək “Qərb ədalət sisteminin özünü tam diskreditasiya etdiyini” bildirib. Müdafiə komitəsinin rəhbəri, general Andrey Kartapolov isə qanunun Polşada saxlanılan arxeoloq Butaqin kimi halların qarşısını almaq üçün lazım olduğunu deyib.

Eyni zamanda, komitənin rəyində qanuna əlavə əsaslandırmalar da daxil edilib. Burada hərbi müdaxilə üçün yeni səbəblər kimi “rusofobiya kampaniyasına qarşı mübarizə” və “xaricdə Rusiya təşkilatlarının qorunması” göstərilir.

Maraqlıdır ki, bu ifadələr qanunun mətnində birbaşa yer almasa da, rəsmi əsaslandırmada xüsusi vurğulanır. Həmin yanaşma Rusiyanın 2023-cü il xarici siyasət konsepsiyası ilə uzlaşdırılır və burada Qərb sanksiyaları və xarici məhkəmələrin qərarları “təhdid” kimi təqdim olunur.

Qeyd edək ki, həm MDB ölkələri üzrə komitə, həm də müdafiə komitəsi qanun layihəsini heç bir irad olmadan təsdiqləyib ki, bu da təşəbbüsün yüksək səviyyədə dəstəkləndiyini göstərir.

Musavat.com

Seçilən
1
musavat.com

1Mənbələr