AZ

İran ABŞ və İsrailin zərbələrindən dəyən zərəri $270 mlrd. dəyərində qiymətləndirib

İran ABŞ və İsrail tərəfindən həyata keçirilən bombardmanların vurduğu zərəri təxminən 270 milyard dollar həcmində qiymətləndirir. Bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsi Fateme Mohacerani bildirib.

Mohaceraninin sözlərinə görə, yekun qiymətləndirmə bir neçə mərhələdə aparılacaq. Əvvəlcə binalara və infrastruktur obyektlərinə dəyən zərər hesablanacaq, daha sonra isə büdcə itkiləri və sənaye müəssisələrinin fəaliyyətinin dayanmasının nəticələri təhlil ediləcək.

O həmçinin qeyd edib ki, ABŞ tərəfindən mümkün reparasiyalar məsələsi artıq İranın danışıqlar qrupu tərəfindən müzakirə olunur, o cümlədən İslamabadda keçirilən son danışıqlarda. “Biz mütləq hüquqi yollarla xalqımızın hüquqlarını müdafiə edəcəyik, bu, Minaab məktəbində yaxınlarımızın tökülən qanına görə kompensasiyalara da aiddir”, — deyə hökumət nümayəndəsi vurğulayıb.

Aprelin 14-də “Tasnim” agentliyi məlumat verib ki, İran ABŞ və İsraillə münaqişə zamanı vurulan zərərə görə beş ərəb ölkəsindən kompensasiya tələb etməyi planlaşdırır. Nəşrin məlumatına görə, söhbət Bəhreyn, İordaniya, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanından gedir. Tehran hesab edir ki, bu dövlətlər Vaşinqton və Təl-Əvivin “şəriklərinə” çevrilərək İslam Respublikası qarşısında öhdəliklərini pozublar.

Bu arada, aprelin 10-da “The Jerusalem Post” qəzeti kəşfiyyat mənbələrinə istinadən yazıb ki, ABŞ və İsraillə altı həftə davam edən müharibə nəticəsində İrana dəyən iqtisadi zərər 140–145 milyard dollar təşkil edir.

Seçilən
1
banker.az

1Mənbələr