ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Foks Nyus” telekanalına müsahibəsində İrana qarşı həyata keçirilən hərbi əməliyyatın məqsədlərinə nail olunduğunu və münaqişənin mərhələli şəkildə başa çatdırılmasını mümkün hesab etdiyini bildirib.
Vitse-prezident prosesin danışıqlar yolu ilə yekunlaşmasını daha məqsədəuyğun hesab etdiyini söyləyib.
Müharibə kapitulyasiya, yoxsa razılaşma yolu ilə başa çatacaq? ABŞ və İran arasında İslamabadda növbəti görüş baş tuta bilərmi?
Globalinfo.az-a danışan Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, İrana münasibətdə ABŞ-ın maraqları kifayət qədər qeyri-müəyyən təsir bağışlayır:
“Beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozaraq İrana təcavüz edən ABŞ 40 günlük müharibə müddətində və ondan sonrakı bir neçə gün ərzində olduqca ziddiyyətli açıqlamalar verməkdədir. Bu da Vaşinqtonun Tehranla bağlı konkret hədəfinin olmaması, yaxud onu tam şəkildə əldə edə bilməməsi ilə bağlıdır. Həm də bu müharibə ABŞ-ın savaşı kimi görünmür. Dünya siyasi və hərbi tarixində ilk dəfə olaraq super güc dövlət olan Birləşmiş Ştatlar regional aktor kimi çıxış etməyə cəhd göstərən İsralin proksi qüvvəsi rolunda İranla müharibəyə cəlb olunub.
Əslində, bu müharibə ABŞ-ın maraqlarına uyğun deyil. Bu səbəbdən indiki dövrdə əldə edilən nəticələrin onun hədəflərinə nə qədər cavab verdiyini demək çətindir. Birləşmiş Ştatların İranla müharibədə əsas hədəfi Çinə ucuz neft ixracını dayandırmaq ola bilərdi. Müharibə dönəmində buna nail ola bilmədi. İndi İranın dəniz blokadasını təşkil etməklə bu hədəfinə çatmaq istəyir. Lakin ciddi siyasi müqavimətlə qarşılaşır və öz donanmasını təhlükə altında qoyur.
Mütəllim Rəhimli
Belə bir vaxtda, aprelin 16-da ABŞ-İran danışıqlarının ikinci mərhələsinin başlayacağı haqqında məlumatlar yayılıb. Görünür, hər iki tərəfin danışıqları davam etdirməsinə ehtiyacı var. Çünki Birləşmiş Ştatlar müharibəni davam etdirmək istəmir, İrana da müharibə lazım deyil. Yəni yeganə yol danışıqları davam etdirməkdir.
Hazırda tərəflər iki seçim qarşısındadır: ya sonu görünməyən müharibəyə yenidən başlamalıdırlar, ya da danışıqları davam etdirməlidirlər. Belə görünür ki, tərəflər ikinci yolu seçmək niyyətindədir”.
Turan Rzayev
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.