Masazır qəsəbəsinin Zərifə Əliyeva küçəsində artıq 18 gündür ki, sakinlər ciddi problemlə üz-üzə qalıb. Belə ki, çirkab suları evlərə dolaraq yaşayışı demək olar ki, mümkünsüz hala gətirib.
Bununla bağlı Musavat.com-a müraciət edən sakinlər bildiriblər ki, problem yüzlərlə evi əhatə edir və vəziyyət getdikcə daha da ağırlaşır.
Sakinlərin sözlərinə görə, mart ayında yağan intensiv yağışlardan sonra kanalizasiya sistemi daşaraq evlərə dolmağa başlayıb:
“Yağışlardan sonra çirkab suları evlərimizə doldu. Əraziyə nasoslar quraşdırılsa da, onların sayı kifayət etmir və suyu tam çəkə bilmirlər. Dünən gecə və bu gün səhər yağan yağış vəziyyəti daha da ağırlaşdırıb. Nəticədə evlərdəki çirkab sularının səviyyəsi yenidən yüksəlib”.
Qeyd olunur ki, martın 27-dən etibarən aidiyyəti qurumlara müraciət edilib və əraziyə su nasosları yerləşdirilib. Lakin sakinlərin iddiasına görə, mövcud texniki imkanlar problemi aradan qaldırmaq üçün yetərli deyil. Nəticədə, ərazidə yaşayan insanların minlərlə manatlıq zərərə məruz qaldığı bildirilir.
Sakinlər əsas tələb kimi çirkab sularının qısa müddətdə ərazidən çəkilməsini və evlərin dezinfeksiya olunmasını istəyirlər.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlanıb.
Şahanə Rəhimli
Musavat.com