AZ

"Bank VTB Azərbaycan"ın depozit portfeli 15 %-dən çox azalıb

"Bank VTB Azərbaycan" ASC bu ilin I rübünü 1,731 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 3,306 milyon manat mənfəətlə çıxmışdı.

"Far.Az" xəbər verir ki, yanvar-mart aylarında "Bank VTB Azərbaycan"ın gəlirləri 12,368 milyon manat (1 il əvvələ nisbətən 10,4 % az), xərcləri 10,209 milyon manat (7,8 % az), xüsusi ehtiyatlara ayırmaları 413 min manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 15 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.

Bu il aprelin 1-nə "Bank VTB Azərbaycan"ın aktivləri 323,966 milyon manat olub ki, bu da illik müqayisədə 7,1 % azdır. Bunun 220,607 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,6 % böyüyüb.

Hesabat dövründə "Bank VTB Azərbaycan"ın öhdəlikləri 13 % azalaraq 212,092 milyon manata, o cümlədən depozit portfeli 15,4 % azalaraq 108,635 milyon manata düşüb, balans kapitalı isə 6,8 % artaraq 111,873 milyon manata çatıb.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,815 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i "Bank VTB Rusiya" ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq" MMC-nin keçmiş baş direktoru) məxsusdur.

Seçilən
22
far.az

1Mənbələr