AZ

Vətəndaşlar nə üçün evlərini sığortalamırlar?

Son dövrlərdə müşahidə olunan daşqınlar, sel hadisələri və davamlı yağan intensiv yağışlar, eyni zamanda baş verən kütləvi tələfat halları yaşayış evlərinə və əmlaklara ciddi ziyan vurur. 

Bu cür təbii fəlakətlər nəticəsində insanların maddi itkiləri artır, bəzi hallarda isə evlər tam yararsız vəziyyətə düşür. Bu isə evlərin sığorta məsələsini yenidən aktuallaşdırır.

Maraqlıdır, vətəndaşlar nə üçün yaşadıqları mənzilləri sığorta etdirmirlər?

Əmlak eksperti Ramil Osmanlı Hit.az-a açıqlamasında bildirib ki, daşınmaz əmlakın icbari sığortası məsələsi zaman-zaman müzakirə olunsa da, sonradan onun tətbiqi ilə bağlı mexanizmlərin tam işləmədiyi üzə çıxdığı üçün bu məsələ açıq qalıb: 

“Nəzərə almaq lazımdır ki, mövcud daşınmaz əmlak fondunun bir hissəsi sığorta predmeti ola bilməyən sənədsiz tikililərdən ibarətdir. Bir qismi isə sənədləşdirilmiş olsa da, riskli zona hesab edildiyinə görə sığorta şirkətləri həmin ərazilərlə bağlı məsuliyyət götürmək istəmir. Belə olduqda yaranmış vəziyyət qismən də olsa başa düşüləndir. Bu, onu göstərir ki, məcburi sığortaya cəlbetmə formasında bu prosesi tam həyata keçirmək mümkün deyil”.

396609

Həmsöhbətimiz hesab edir ki, daşınmaz əmlakın icbari sığortası istiqamətində ciddi dəyişikliklər olmalıdır: 

“Daşınmaz əmlak fondunun sənədləşdirilməsinə ehtiyac var. Həmçinin, sığorta ilə bağlı etimadsızlıq mühiti formalaşıb, xüsusilə icbari sığorta sahəsində. Məsələn, evini sığorta etdirən şəxs sığorta hadisəsi ilə bağlı şirkətə müraciət etdikdə, müraciətə baxılma prosesində ciddi problemlər yaranır. Bundan başqa, mütəxəssis əraziyə baxış keçirərkən ziyanın az olduğu və ödəniləcək məbləğin aşağı olması ilə bağlı rəylər verir”. 

Ekspertin sözlərinə görə, bu kimi hallar sığortaya olan etimadsızlığı daha da artırır:

“2018-ci ildə müəyyən edilən sığorta məbləğləri artıq aktuallığını itirib. Bakı üçün 25 min, rayonlar üçün 15-20 min manatlıq sığorta məbləği hazırda real deyil. Çünki daşınmaz əmlak bazarında qiymətlər iki dəfə artıb”.

Günel Cəlilova

Seçilən
8
hit.az

1Mənbələr