Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Birləşmiş Ştatlar İranda bütün məqsədlərinə nail olub və münaqişəni başa çatdırmaq mərhələsinə keçə bilər”.
Bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens “Fox News”-a müsahibəsində deyib.
“Düşünürəm ki, biz artıq elə bir vəziyyətdəyik ki, məqsədlərimizə çatmışıq. Bu prosesi tədricən dayandırmağa başlaya bilərik”, - deyə o qeyd edib.
O əlavə edib ki, münaqişəni uğurlu danışıqlarla başa çatdırmağa üstünlük verərdi.
ABŞ və İran aprelin 11-də danışıqlar aparıblar. Tərəflər razılığa gələ bilməyiblər. İkinci raund danışıqların vaxtı məsələsinə gəlincə, Cey Di Vensin sözlərinə görə, bu sualı İran tərəfinə ünvanlamaq daha düzgün olar, çünki “top onların tərəfindədir”.
ABŞ İranda hansı məqsədlərinə çatıb?
“Cebheinfo.az”-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, ABŞ-nin vitse-prezidentinin “İranda məqsədlərimizə çatmışıq” açıqlaması, daha çox daxili auditoriyaya və beynəlxalq ictimaiyyətə yönəlik bir mesajdır.

Onun sözlərinə görə, ABŞ tədricən bu savaşdan geri çəkilmək istəyir:
“ABŞ bunu əsaslandırmaq üçün məqsədlərinə çatdığını göstərməyə çalışır. Ona görə də artıq prosesdən çəkilə biləcəyini bildirir. Hesab edirəm ki, ABŞ faktiki olaraq əsas məqsədlərinə tam şəkildə nail olmayıb.
Doğrudur, İrana ciddi şəkildə ağır zərbələr vurulub. Ölkənin hava hücumundan müdafiə sistemləri, hərbi hava və dəniz qüvvələri ciddi itkilər verib. Raket istehsalı infrastrukturu, buraxılış qurğuları və ümumi potensialı da əhəmiyyətli dərəcədə zəiflədilib”.
Politoloq əlavə edib ki, bütün bu zərbələrə rəğmən İranda rejim dəyişməyib və müqavimət davam edir:
“Əslində İran Hörmüz boğazını bağlamaqla ABŞ-ni kifayət qədər çətin vəziyyətə salıb. Demək olar ki, ABŞ və İsrailin İranda apardığı əməliyyatlar ilkin mərhələdə planlaşdırılan əsas hədəflərə tam uyğun nəticə verməyib.
Bəli, müəyyən uğurlar əldə olunub, lakin bu, onların gözlədiyi tam nəticə deyil. Eyni zamanda, İranın nüvə proqramı ilə bağlı hər hansı razılaşma əldə olunmayıb və raket potensialı da hələ qalmaqdadır.
İran bölgə üçün kifayət qədər təhdidkar bir mövqedə qalmaqdadır”.O bildirib ki, Hörmüz boğazındakı vəziyyət dünya enerji bazarına və qlobal iqtisadiyyata mənfi təsir göstərməkdədir:
“Əgər ABŞ bu boğazda sərbəst gəmiçiliyi təmin edə bilsə və İranın nüvə proqramı ilə bağlı razılaşma əldə olunsa, eləcə də proksi qüvvələrə dəstəyinin dayandırılmasına nail olsa, yalnız o zaman ABŞ-nin məqsədlərinə çatdığını demək mümkündür. Əks halda, bunu iddia etmək o qədər də inandırıcı deyil”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər:
ABŞ Oqtay Qasımov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.