AZ

Yaxın Şərqdə BÖYÜK OYUN: ABŞ-ın qurduğu üçtərəfli plan necə ÜZƏ ÇIXDI?

40 gün davam edən İran-ABŞ-İsrail münaqişəsi aprelin 8-də iki həftəlik atəşkəs razılaşması ilə dayandırıldı. Bunun ardınca İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında keçirilən birbaşa atəşkəs danışıqları başladı.

İki mərhələdə baş tutan danışıqlar heç bir razılaşma əldə edilmədən yekunlaşdı.

Tərəflər doğrudanmı ortaq dil tapa bilmədilər?

Rəsmi məlumatlara görə tərəflər bir sıra məsələdə razılığa gələ bilməyiblər. Əslində isə tərəflər İslamabad görüşündən çox-çox illər əvvəl razılığa gəliblər və sinxron hərəkət edirlər. Bu tip görüşlərsə sadəcə publika üçündür. Guya ki, tərəflər həqiqətən bir-birinə düşmən mövqe sərgiləyirlər.

Nəzərə alaq ki, həm İsrail, həm də İran təkcə Yaxın Şərqdə yox, bütövlükdə bütün dünyada İslam həmrəyliyinin baş tutmamasına çalışır. Onlar ötən onilliklərdə bu istəklərinə nail olublar.

Qeyd edək ki, bu pozucu plan rəsmi Vaşinqton tərəfindən hazırlanıb, bu gün də uğurla davam etdirilir.
 

Plana əsasən İran İslamın əsas müdafiəçisi, eyni zamanda İslamın “düşməni” olan İsrailə qarşı “amansız mübarizə” aparır. İsrail də zaman-zaman həm İrana, həm də digər müsəlman dövlətlərinə hərbi müdaxilələr edir, bununla paralel müsəlmanlar üçün müqəddəs torpaqlar sayılan Qüds və ətraf əraziləri qarış-qarış işğal edir.


İsrail-İran “qarşıdurması”ndan ən çox qazanclı çıxan tərəfsə təbii ki, ABŞ-dır. Ağ Ev bu qarşıdurmalardan istifadə edərək həm dünyadakı iqtisadi prosesləri istədiyi səmtə yönəldir, həm də İslam birliyini ustalıqla pozur.

Bəzi hallarda bu siyasət Ağ Evdəkilərin siyasi reputasiyasına müsbət xallar da yazdırır. Ona görə də İsrail-İran münaqişəsi tarix boyu davam edəcək.İran isə nə parçalanacaq, nə də məğlubiyyətə uğrayacaq.

Bəs 28 fevral hücumları nəyə hesablanmışdı?

Yada salaq ki, son illərdə İranda həm milli azadlıq, həm də demokratik hərəkatlar güclənmişdi. Bəzi məqamlarda hakimiyyət bu etirazların qarşısını almaqda çətinlik çəkirdi. Ona görə də rəsmi Vaşinqton İranda hakimiyyəti dirçəltmək üçün terapiya yox, cərrahiyyə əməliyyatına başladı.

Qısa zamanda İranın idarəçiliyindəki radikallar fiziki cəhətdən məhv edildi. Beləcə, İranın əsas fəaliyyət proqramına qarşı çıxanlar zərərsizləşdirildi. Nəticədə, siyasi idarəçiliyə yeni nəfəs gəldi. Bundan əlavə, ABŞ-İsrailin müdaxiləsi hesabına İrandakı demokratik və milli hərəkat arxa plana keçdi. Xalq ölkənin müdafiəsi üçün hakimiyyət ətrafında sıx birləşdi.

ABŞ İrana ilk hava hücumu zamanı haranı, niyə hədəf seçdi?

Birinci qızlar məktəbi, ikincisi isə Ali Rəhbərin evi. Bu iki fakt məhz İranda xalqla hakimiyyətin birliyini təmin etdi. Vətənpərvər insanlar milli və dövlət maraqları üçün hakimiyyət ətrafında sıx birləşdi. Halbuki bu birliyi İran hakimiyyəti son 40 ildə əli çıraqlı axtarırdı. Lakin ABŞ bir həmləsi ilə bu birliyi İran hakimiyyətinə peşkəş elədi.

Bu məsələdə diqqət ediləsi digər bir məqamsa odur ki, son hücumlar zamanı ABŞ-İran-İsrail birliyi haqqında son zamanlar formalaşan fikirlər yerlə bir edildi.

Çünki artıq beynəlxalq aləmdə və bir çox ölkələrdə açıq şəkildə deyilirdi ki, Yaxın Şərqdə ABŞ, İran və İsrail eyni qapıya oynayır. Lakin 40 günlük müharibə nəticəsində bu məntiq böyük zərbə aldı. Böyük ölçüdə İsrail-İran və dolayısı ilə ABŞ-İran düşmənçiliyi “bəraət qazandı”.

Güclü İran ABŞ-a nə üçün lazımdır?

Böyük məqsəd üçün ən yaxşı vasitə “parçala, hökm sür”dür. Dünyanın supergücü olan ABŞ da məhz bu yolla gedir. Məlumdur ki, İslam dövlətləri dünyanın karbohidrogen ehtiyatlarının böyük hissəsinə sahibdirlər.

Bundan əlavə, müsəlman dövlətlərinin 22-i ərəblərin idarəçiliyindədir. Əgər bu 22 ərəb dövləti birləşsə, ABŞ üçün çox ciddi problemlər yaradar. Ən əsası dünyanın güc balansı Yaxın Şərqə-müsəlmanlara keçər. Bu isə nə ABŞ-a, nə xristian Avropasına, nə də Vatikana sərf edir. Ona görə də həmin qüvvələr üçün İranın mövcudluğu vacibdir.

İran hakimiyyəti bütün bəyanatlarında əsl hədəfin “sionist rejimin yer üzündən silinməsi” olduğunu deyir. Lakin bütün hərbi münaqişələrdə bir məsələ agah olur ki, İran İsraildən daha çox müsəlman ölkələrinə zərər verir. Elə bu müharibədə də İran İsraildən daha çox ərəb dövlətlərinə və digər müsəlman ölkələrinə hücumlar təşkil etdi.

Ona görə də ABŞ heç vaxt İranın zəifləməsini istəmir.

ABŞ-ın İrana hərbi müdaxiləsi də, təşkil edilən danışıqlar da bir oyundur. ABŞ heç zaman İranla rəsmi şəkildə ortaq məxrəcə gəlməyəcək. Bunun üçün də İran hər zaman pozucu tərəf kimi göstəriləcək. Axı ABŞ demokratik ölkədir. Amma İrana hər cür ləkə yaxmaq olar.

Məhz bu gizlin razılaşmanın davamı üçün bu münaqişə lazım idi. İran və ABŞ uzun illərdən sonra birbaşa açıq təmas qurdu, ali səviyyədə rəsmilər görüşdü. Bu, eyni zamanda təkcə əvvəllər gizli keçirilən görüşlərin açıq müstəviyə keçməsi deyil, atəşkəs, sülh danışıqları görüntüsü adı altında regionda geosiyasi balansın iki ölkə tərəfindən tənzimlənməsidir.

Bunun üçün müharibə olmasa, olmazdı. İran müsəlman aləmində imicini itirər, ABŞ isə ifşa olunardı.

Ona görə də ABŞ İranda hakimiyyəti sağlamlaşdırdı, xalqı hakimiyyət ətrafında sıx birləşdirdi və lazım olan adamları masaya dəvət etdi...

Surxay Atakişiyev, Bizim.Media

 

Seçilən
1
bizim.media

1Mənbələr