“ABŞ Prezidenti Donald Trampın “Kubaya diqqət yetirə biləcəyi” barədə son mesajı ilk baxışdan sərt və hətta hərbi çalarlar daşıyan bəyanat təsiri bağışlasa da, əslində daha mürəkkəb siyasi və geosiyasi hesab kimi qiymətləndirilməlidir”.
Bu sözləri politoloq Yeganə Hacıyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, ABŞ siyasətində Kuba faktoru yalnız xarici siyasətlə bağlı deyil, eyni zamanda daxili siyasi gündəliyin ayrılmaz hissəsidir:
“Trampın ritorikasında Kubaya qarşı sərt mövqe ilk növbədə ideoloji məqsəd daşıyır. Kuba hələ də Qərb yarımkürəsində sosialist idarəetmə modelinin simvolu olaraq qalır. Bu amil ABŞ-də xüsusilə konservativ seçici bazasında həssaslıq yaradır. Bu baxımdan, antikommunist ritorika Tramp üçün sadəcə xarici siyasət mesajı deyil, həm də daxili elektoratın səfərbər olunmasına xidmət edən effektiv alətdir”.
Ekspert qeyd edib ki, bu bəyanatın arxasında aydın daxili siyasi hesab dayanır:
“ABŞ-nin Florida ştatında yaşayan kubalı diaspor uzun illərdir ABŞ seçkilərində mühüm rol oynayır. Tarixi olaraq Havanaya qarşı sərt siyasət yürüdən namizədlər bu elektoratın dəstəyini qazanmaqda daha uğurlu olublar. Bu kontekstdə, Trampın Kubaya yönəlik ritorikasını seçki strategiyasının tərkib hissəsi kimi dəyərləndirmək daha məntiqlidir”.
Onun sözlərinə görə, məsələnin geosiyasi məqsədi də var:
“Kuba ənənəvi olaraq Rusiya, son illərdə isə Çinlə münasibətlərini müəyyən dərəcədə genişləndirib. Vaşinqton üçün bu, Qərb yarımkürəsində ənənəvi təsir zonasına alternativ güclərin daxil olması kimi qəbul edilir. Bu isə faktiki olaraq, klassik geosiyasi yanaşma – yəni ABŞ-nin öz yaxın coğrafiyasında rəqib güclərin möhkəmlənməsinin qarşısını almaq strategiyası ilə üst-üstə düşür”.
Yeganə Hacıyeva ABŞ-nin Kubaya hərbi addımlar atma ehtimalı barədə isə bunları deyib:
“Bu ssenari mövcud reallıqlar fonunda son dərəcə aşağı ehtimallı görünür. Birincisi, nüvə silahı əldə etmə ehtimalı olan İrandan fəqrli olaraq Kubaya qarşı belə bir addım beynəlxalq hüquq və siyasi legitimlik baxımından ciddi suallar doğurar və geniş sərt beynəlxalq reaksiyaya səbəb olar. İkincisi, Kuba ABŞ üçün birbaşa hərbi təhlükə təşkil etmir. Üçüncüsü, tarixi təcrübə, xüsusilə “Donuzlar körfəz əməliyyatı” Vaşinqtonu bu istiqamətdə ehtiyatlı davranmasına məcbur edir”.
Həmsöhbətimiz vurğulayıb ki, bütün bunların fonunda “Kubaya diqqət yetirmək” ifadəsi daha çox qeyri-hərbi alətlərin – sanksiyaların sərtləşdirilməsi, diplomatik təzyiqin artırılması və informasiya təsir mexanizmlərinin genişləndirilməsi kimi addımları özündə ehtiva edir:
“Donald Trampın bu açıqlaması hərbi eskalasiyanın anonsu deyil, daha çox siyasi mövqe nümayişi və strateji siqnal xarakteri daşıyır. Bu, həm daxili auditoriyaya yönəlmiş mesaj, həm də qlobal rəqabət müstəvisində ABŞ-nin prioritetlərinin ifadəsi kimi çıxış edir. Mövcud geosiyasi reallıqlar fonunda Vaşinqtonun Kubaya münasibətdə əsas alətləri hələ də hərbi deyil, ənənəvi siyasi və iqtisadi təsir mexanizmləri olaraq qalmaqdadır”.
Elmir Mustafa
