“Azərbaycan qanunvericiliyinə görə: şəxsin adı, soyadı və ata adı onun fərdiləşdirici məlumatlarıdır. Soyad dəyişdirilməsi dövlət qeydiyyatına alınır və hüquqi nəticə doğurur. Lakin diplom və digər sənədlər verildiyi tarixdə mövcud olan məlumatlara əsasən tərtib edilir. Bu sənədlər keçmiş soyadla da hüquqi qüvvəsini itirmir. Yəni köhnə soyad olduğu üçün diplom etibarsız sayılmır.
Praktikada isə- işə qəbul zamanı sənədlər arasında uyğunsuzluq, xaricdə tanınma və nostrifikasiya zamanı çətinliklər, bank, notariat və məhkəmə prosedurlarında əlavə sübut tələbi kimi problemlər meydana gələ bilər”.
Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, bu zaman soyad dəyişdirilməsi haqqında şəhadətnamə -yəni, nikah şəhadətnaməsi tələb oluna bilər:
“Yəni yeni soyada keçən zaman diplomun dəyişdirilməsi məcburi deyil. Heç kim buna sizi məcbur edə bilməz. Nikah şəhadətnaməsini təqdim etmək kifayətdir. Köhnə diplom hüquqi qüvvəsini saxlayır. Amma praktik rahatlıq üçün dəyişdirilməsi də mümkündür.
Bunun üçün təhsil müəssisəsinə rəsmi ərizə ilə müraciət edə bilərsiniz. Adətən dublikat diplom verilir və yeni soyad qeyd olunur”.
Ayşən Vəli