Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycanın startap və innovasiya ekosistemində təhsil texnologiyalarına yönəlmiş layihələr son illərdə daha çox diqqət cəlb edir. Bu sahədə fərqlənən təşəbbüslərdən biri də virtual reallıq və oyun şəklində öyrənmə texnologiyalarını birləşdirən “Metatesk” MMC-dir. Şirkət ənənəvi təhsil modelini daha interaktiv və təcrübəyə əsaslanan mühitə çevirməyi hədəfləyir və uşaqlarla yeniyetmələr üçün dərsi sadəcə dinləməklə deyil, həm də yaşayaraq və hiss edərək öyrənməsi (“immersiv”) imkanları yaradır. İnnovativ yanaşmasına görə layihə rəsmi olaraq startap şəhadətnaməsi də əldə edib. “Metaverse”, süni intellekt və oyun texnologiyalarını təhsilə inteqrasiya edən platforma artıq beynəlxalq səviyyədə də diqqət çəkir.
“Metatesk” MMC-nin təsisçisi və direktoru Günay İmanzadə layihənin məqsədləri, texnoloji həlləri və gələcək planları barədə AZƏRTAC-ın suallarını cavablandırıb.
- Günay xanım, “Metatesk” MMC virtual reallıq və oyunlaşdırılmış öyrənmə texnologiyaları ilə təhsili transformasiya edir. Bizim oxucularımız üçün izah edə bilərsinizmi — “Metatesk”in fəaliyyəti hansı sahəyə aiddir və platforma uşaqlar və yeniyetmələr üçün hansı unikal imkanlar yaradır?
- “Metatesk” təhsil texnologiyaları, yəni “EdTech” sahəsində fəaliyyət göstərən, virtual reallıq (VR), artırılmış reallıq (AR) və oyun şəklində öyrənmə mexanizmlərini birləşdirən innovativ təhsil həllidir. Bizim məqsədimiz texnologiyanı sadəcə əlavə vasitə kimi deyil, öyrənmə modelinin struktur elementi kimi tətbiq etməkdir. Ənənəvi təhsil uzun müddət yalnız informasiya ötürülməsi üzərində qurulub. Halbuki müasir nəsil üçün anlayışın dərinləşdirilməsi və tətbiq bacarığının formalaşdırılması daha vacibdir. Platformada şagird mövzunu kənardan izləyən deyil, onun daxilində iştirak edən tərəf olur: qərar verir, müşahidə edir, nəticəni analiz edir və səhvlərdən öyrənir. Məsələn, kosmos, təbiət hadisələri və ya elmi proseslər abstrakt izah kimi deyil, dinləməklə deyil, həm də yaşayaraq və hiss edərək öyrənəcəyi mühitdə real təcrübə kimi təqdim olunur. Bu isə təkcə yadda saxlamanı deyil, səbəb-nəticə əlaqəsini və məntiqi düşüncəni gücləndirir. Platformada şagirdin irəliləyişi, qərar ardıcıllığı və anlayış səviyyəsi analiz olunur. Bizim üçün transformasiya “vizual effekt” yaratmaq deyil, öyrənmə nəticəsini keyfiyyətcə daha da yaxşılaşdırmaqdır. “Metatesk” uşaqlar və yeniyetmələr üçün yalnız maraqlı mühit deyil, həm də gələcəyin bacarıqlarını: tənqidi düşüncə, problem həll etmə və adaptasiya qabiliyyətini inkişaf etdirən sistemli platformadır.
- “Metatesk” MMC “metaverse” və Virtual Reallıq texnologiyalarını təhsil sahəsinə tətbiq edərkən həm yerli, həm də qlobal bazar üçün strateji üstünlükləri necə formalaşdırır? Sizcə, “metaverse” təhsili gələcəkdə ənənəvi təhsil sistemlərini əvəz edə bilərmi?
- “Metaverse” və Virtual Reallıq texnologiyalarını təhsilə tətbiq edərkən bizim əsas prinsipimiz texnologiyanı trend kimi deyil, strateji infrastruktur kimi görməkdir. Biz hər bazara eyni məhsulla daxil olmuruq. Yerli bazarda prioritetimiz kurikulum uyğunluğu, lokal standartlar ilə inteqrasiya və müəllimlər üçün praktik tətbiq imkanlarıdır. Qlobal bazarda isə yanaşmamız modul əsaslı, adaptiv və miqyaslana bilən platforma arxitekturasıdır. Bu model bizə müxtəlif ölkələrin təhsil çərçivələrinə çevik şəkildə uyğunlaşmaq imkanı verir. Düşünürük ki, “metaverse” texnologiyaları təhsilin gələcəyində mühüm rol oynayacaq, çünki burada abstrakt bilikləri təcrübəyə çevirməklə yanaşı, sosial interaksiya da qurmaq mümkündür. Ənənəvi sistemdə şagird məlumatı qəbul edir; həm yaşayaraq, həm də hiss edərək öyrənəcəyi mühitdə isə onu yaşayır, qərar verir və nəticəni görür. Bu, xüsusilə elmi və texniki fənlərdə anlayışın dərinləşməsini təmin edir. Eyni zamanda, “metaverse” coğrafi və resurs fərqlərini azalda bilər, belə ki, laboratoriya və ya xüsusi avadanlıq tələb edən mövzular virtual mühitdə daha əlçatan olur. Lakin biz “metaverse” virtual reallıq texnologiyalarının ənənəvi təhsil sistemini tam əvəz edəcəyini düşünmürük. Təhsil yalnız akademik proses deyil, o, sosiallaşma, komanda işi, dəyərlər və liderlik bacarıqlarının formalaşdığı mühitdir. Texnologiya insan faktorunu əvəz etməməlidir, onu gücləndirməlidir. Gələcəyin modeli qarşıdurma deyil, inteqrasiyadır. Elə strateji yanaşma da məhz budur: Ənənəvi təhsil sisteminin güclü tərəfləri ilə “immersiv” və süni intellekt əsaslı imkanların balanslı birləşməsi daha effektiv nəticə verəcək.
- “Metatesk”in fəaliyyətində texnoloji yeniliklərlə sosial məsuliyyəti necə balanslaşdırırsınız, xüsusən uşaqların təhlükəsizliyi və məlumatların qorunması sahəsində?
- Son dövrlərdə süni intellekt təhsil texnologiyalarında əsas transformasiyaedici faktor kimi çıxış edir və biz də “Metatesk”də AI əsaslı alətlərin tətbiqinə başlamışıq. Lakin uşaqlarla işləyən platforma olaraq burada məsuliyyətli yanaşma xüsusi əhəmiyyət daşıyır. Biz açıq və nəzarətsiz generativ modellərdən istifadə etmirik. Əvəzində, nəzarət olunan və məqsədyönlü AI arxitekturası qurmuşuq. Yəni süni intellekt yalnız pedaqoji çərçivədə, əvvəlcədən strukturlaşdırılmış və nəzarət olunan məlumat bazası daxilində fəaliyyət göstərir. Sistem məqsəddənkənar, nəzarətsiz cavablar yaratmamaq üçün məhdudlaşdırılmış çərçivədə işləyir; o kurikulum və yaş uyğunluğu filtrindən keçmiş məlumatlar əsasında işləyir. Bu yanaşma iki əsas üstünlük yaradır. Birincisi, uşaqlar üçün təhlükəsiz və uyğun mühit təmin olunur. İkincisi isə süni intellektin pedaqoji məqsədi qorunur, yəni AI diqqəti yayındıran və ya qeyri-dəqiq məzmun yaratmır, əksinə, şagirdin öyrənmə tempinə uyğunlaşaraq izahı fərdiləşdirir.
Məlumatların qorunması baxımından isə AI sistemimiz məlumatların minimallaşdırılması prinsipi əsasında işləyir və bütün analizlər strukturlaşdırılmış və nəzarətli mühitdə həyata keçirilir. Bizim üçün süni intellekt texnoloji effekt yaratmaq vasitəsi deyil; o, adaptiv və ölçülə bilən öyrənmə modeli qurmaq üçün alətdir. Biz hesab edirik ki, təhsildə AI tətbiqi yalnız o halda doğru istiqamətdə inkişaf edə bilər ki, təhlükəsizlik, etik çərçivə və nəzarət mexanizmləri texnologiyanın özündən daha güclü olsun.
- “Metaverse” təhsili sahəsində rəqabət getdikcə güclənir. “Metatesk”in bu rəqabətə davamlı olması üçün hansı innovativ yanaşmaları və unikal biznes modellərini tətbiq edirsiniz?
- “Metaverse” təhsili sahəsində rəqabət artdıqca aydın görünür ki, bazarda uzunmüddətli qalmaq üçün təkcə texnoloji effekt kifayət deyil. Bizim strategiyamız vizual cəlbediciliklə deyil, real və ölçülə bilən təhsil nəticəsi ilə fərqlənməkdir. Texnologiya yalnız vasitədir; əsas məqsəd öyrənmə prosesinin keyfiyyətini artırmaqdır. “Metatesk”də “immersiv” mühit, oyun texnologiyaları və süni intellekt kimi alətlər vahid sistem çərçivəsində inkişaf etdirilir. Məqsədimiz platformanı sadəcə kontent təqdim edən mühit kimi deyil, öyrənmə prosesini daha interaktiv və fərdiləşdirilmiş edən ekosistem kimi formalaşdırmaqdır.
Texnoloji baxımdan platforma çevik və miqyaslana bilən şəkildə qurulub ki, müxtəlif kurikulumlara və bazarlara uyğunlaşdırmaq mümkün olsun. Bu, beynəlxalq genişlənmə üçün vacib amildir. Biznes modeli baxımından isə uzunmüddətli və institusional əməkdaşlıqlara üstünlük veririk. Məktəblər, universitetlər və digər təhsil qurumları ilə tərəfdaşlıq modeli üzərində işləyirik. Eyni zamanda, beynəlxalq bazarlarda lokal tərəfdaşlıqlar qurmaq strategiyası tətbiq olunur ki, məhsul hər bazarın təhsil mühitinə uyğun inkişaf etsin. Mən hesab edirəm ki, “metaverse” texnologiyaları ilə bağlı təhsil həllərində davamlılıq texnoloji effektlə deyil, yaradılan real dəyərlə ölçüləcək. Əgər platforma təhsil sisteminə uyğunlaşır, etibarlı infrastruktur təqdim edir və şagirdlərin inkişafına real töhfə verirsə, o zaman rəqabət mühitində dayanıqlı mövqe qazanmaq mümkündür. “Metatesk”in yanaşması da məhz uzunmüddətli, dayanıqlı və sistemli inkişaf üzərində qurulub.
- AI, oyun texnologiyaları və virtual reallıq kimi sahələrdə gələcək trendləri nəzərə alaraq, “Metatesk”in növbəti 3–5 il üçün strateji inkişaf planı nədir?
- Növbəti illər ərzində əsas strateji məqsədimiz “Metatesk”i daha geniş beynəlxalq texnologiya və təhsil ekosisteminin bir hissəsinə çevirməkdir. Bu mərhələdə diqqətimiz yalnız məhsul inkişafına deyil, eyni zamanda, platformanın miqyaslana bilən və uzunmüddətli dayanıqlı model kimi formalaşmasına yönəlir. Gələcək illərdə “immersiv” texnologiyaların və oyun əsaslı öyrənmə yanaşmalarının təhsil sahəsində daha geniş tətbiq olunacağı gözlənilir. Biz də bu istiqamətdə platformanın imkanlarını genişləndirərək müxtəlif istifadə ssenariləri üzərində işləyirik. Bu yanaşma yalnız məktəb səviyyəsi ilə məhdudlaşmır; universitetlər, peşə hazırlığı proqramları və müxtəlif səviyyəli təlim formatları üçün də tətbiq imkanlarının daha da inkişaf etdirilməsi planlaşdırılır. Məqsəd öyrənmə mühitini daha interaktiv, praktik və müxtəlif auditoriyalar üçün əlçatan etməkdir. Strateji planlarımızın digər mühüm istiqaməti isə beynəlxalq miqyaslanmanın genişləndirilməsidir. Müxtəlif regionlarda tərəfdaşlıq və əməkdaşlıq imkanlarını araşdıraraq platformanın fərqli bazarlarda tətbiq potensialını artırmaq üzərində işləyirik. Ümumilikdə yanaşmamız qısamüddətli texnologiya trendlərini izləməkdən daha çox, uzunmüddətli və dayanıqlı inkişaf modelinin qurulmasına yönəlib. Strateji məqsədimiz “Metatesk”i rəqəmsal dünyada bilik və bacarıqların əldə olunması üçün əsas platformalardan birinə çevirmək və onu qlobal təhsil ekosisteminin aparıcı iştirakçılarından biri kimi formalaşdırmaqdır.
- Uşaqlar üçün virtual təhsil məkanları yaradan bir şirkət olaraq, “Metatesk”in Azərbaycanda və regionda təhsil sisteminə təsirini necə ölçürsünüz?
- Biz “Metatesk”in təsirini təkcə istifadəçi sayı ilə deyil, platformanın öyrənmə təcrübəsinin keyfiyyəti və əldə olunan nəticələrə verdiyi real töhfə ilə qiymətləndiririk, texnologiyanı fərdi layihə kimi yox, genişmiqyaslı təhsil mühitinə inteqrasiya olunan alət kimi formalaşdırırıq. Bu baxımdan arzu və məqsədlərimizdən biri təhsil həllərimizi təkcə özəl deyil, həm də dövlət məktəblərində tətbiq etməklə daha geniş auditoriyaya çatmaqdır. Çünki real transformasiya yalnız kiçik miqyaslı təşəbbüslərlə deyil, geniş təhsil mühitində tətbiq olunduqda davamlı nəticə verir. Məktəb və universitet səviyyəsində əməkdaşlıq, pilot proqramlar və tətbiq əsaslı modullar vasitəsilə “immersiv” texnologiyaların real dərs prosesində şagirdlərin anlayış səviyyəsi, tətbiq bacarıqları və mövzunu dərin qavrama göstəricilərinə real təsirini analiz edirik. Eyni zamanda, korporativ təlim sahəsində də əməkdaşlıqlar qururuq. Çünki immersiv və adaptiv öyrənmə mühiti yalnız məktəblər üçün deyil, peşəkar inkişaf üçün də effektiv modeldir.
Bununla paralel olaraq, biz ölkəmizdə özünü innovasiya və texnologiya istiqamətində inkişaf etdirmək istəyən uşaq və gənclərə də könüllü şəkildə dəstək oluruq. Mentorluq, layihə inkişafı və beynəlxalq yarışlara hazırlıq proqramlarımızın nəticələri konkret uğurlarla özünü göstərir. “Teknofest Türkiyə”də birincilik, “Dünya Robot Olimpiadası”da ikincilik, dünya üzrə seçilmiş 25 komandadan biri kimi ABŞ-da NASA-ın “mars rover” yarışının finalında iştirak, “STEAM Azərbaycan” festivalında birincilik kimi uğurlar tələbələrimizin nailiyyətləri arasındadır. Eyni zamanda bir çox forum, sərgi, eləcə də, COP29 və “Rebuild Karabakh” kimi nüfuzlu tədbirlərdə tələbələrimiz iştirak edərək, gənc yaşlarına baxmayaraq öz texnoloji həllərini nümayiş etdiriblər. Bizim üçün təsir o zaman real sayılır ki, tələbə yalnız mövzunu öyrənmir, həm də yaradır, təqdim edir və beynəlxalq səviyyədə rəqabət aparır. “Metatesk”in ana fəlsəfəsi virtual dərs məkanı yaratmaqdan daha genişdir - biz uşaq və gənclərdə innovasiya düşüncəsini formalaşdırmağa və bu düşüncəni təhsil sisteminə inteqrasiya etməyə dəstək olmağa çalışırıq.
- “Metatesk” komandasının Türkiyədə “Teknofest” festivalında Azərbaycanı təmsil etməsi layihənizə hansı beynəlxalq imkanlar açdı və bu tədbirdə əldə etdiyiniz tərəfdaşlıqlar və investisiya imkanları şirkətin gələcək inkişafına necə təsir edir?
- “Teknofest” bizim üçün sadəcə texnologiya festivalı deyil, beynəlxalq legitimlik və strateji mövqelənmə platforması olub. Xüsusilə festivalın Azərbaycanda keçirildiyi il komandamızın birinci yerə layiq görülməsi və mükafatı Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və “Nobel” mükafatı laureatı professor Aziz Sancar tərəfindən qəbul etməyimiz bizim üçün həm qürurverici, həm də məsuliyyətli bir mərhələ idi. Bu uğur təsadüfi deyildi, uzunmüddətli və sistemli hazırlığın nəticəsi idi. İki il sonra şagirdlərimizin də “Teknofest”də birinci yerə layiq görülməsi və mükafatlarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan qəbul etməsi artıq formalaşdırdığımız modelin davamlılığını göstərdi. Bu ardıcıllıq onu sübut etdi ki, biz təkcə texnoloji məhsul təqdim etmirik, eyni zamanda, innovativ düşüncəyə malik gənclər yetişdirən bir ekosistem qurmuşuq. Bununla yanaşı, biz bir neçə dəfə Azərbaycan nümayəndə heyətinin tərkibində “Teknofest”də iştirak edib, məhsullarımızı sərgi formatında təqdim etmişik. Hətta məhsullarımızı “Baykar” şirkətinin rəhbəri Selçuk Bayraktara bir neçə dəfə təqdim etmək imkanımız olub və layihələrimiz onun tərəfindən də yüksək qiymətləndirilib. Bu kimi rəylər və dialoqlar bizim üçün həm motivasiya, həm də beynəlxalq texnologiya mühitində doğru istiqamətdə irəlilədiyimizin göstəricisidir.
“Teknofest” bizə üç əsas istiqamətdə beynəlxalq imkan açdı. Birincisi, yüksək səviyyəli şəbəkələşmə mühiti: müxtəlif ölkələrdən investorlar, dövlət qurumları və texnologiya şirkətləri ilə birbaşa əlaqə qurmaq imkanı. İkincisi, reputasiya və etibar kapitalı: belə bir platformada əldə olunan nəticə sonrakı tərəfdaşlıq və investisiya danışıqlarında ciddi üstünlük yaradır. Üçüncüsü isə strateji perspektiv: qlobal innovasiya trendlərini yerində müşahidə edərək məhsul və miqyaslanma strategiyamızı daha sistemli qurmaq imkanı. Bizim üçün “Teknofest” qısamüddətli uğur deyil, uzunmüddətli mövqelənmə mərhələsi idi.
- Şirkət Çin bazarında aktivdir və rəqəmsal təhsil texnologiyalarına maraq yüksəkdir. Bu bazarda uğur qazanmaq üçün hansı strategiyaları tətbiq edirsiniz və beynəlxalq müştəri bazasının genişlənməsi “Metatesk”in biznes modelinə necə təsir edir?
- Çin bazarı həm miqyas, həm texnologiyaya açıq yanaşma, həm də rəqabət baxımından çox dinamik mühitdir. Bu bazarda uğur qazanmaq üçün əsas strategiyamız birbaşa genişlənmə deyil, lokal tərəfdaşlıq modelidir. Yerli təhsil qurumları və distribyutorlarla əməkdaşlıq edərək bazara daxil oluruq. Bu yanaşma bizə həm mədəni və kurikulum uyğunlaşmasını sürətləndirməyə, həm də institusional etimad formalaşdırmağa imkan verir. Çində rəqəmsal təhsil texnologiyalarına maraq yüksək olsa da, bazar çox tələbkardır. Məhsul yalnız texniki baxımdan deyil, nəticə və tətbiq baxımından da güclü olmalıdır. Bu səbəbdən biz platformanı modul əsaslı və adaptiv arxitektura üzərində qurmuşuq ki, müxtəlif təhsil modellərinə uyğunlaşdırmaq mümkün olsun. Eyni zamanda məlumat təhlükəsizliyi və sistem sabitliyi kimi məsələlərə xüsusi diqqət yetiririk, çünki beynəlxalq bazarda bu faktorlar həlledici rol oynayır. Hazırda əsas gəlir axınımızın Çin bazarından formalaşması göstərir ki, seçdiyimiz tərəfdaşlıq və lokal adaptasiya modeli effektivdir. Beynəlxalq müştəri bazasının genişlənməsi isə bizim biznes modelimizi daha strukturlaşdırılmış və miqyaslana bilən hala gətirir. Bu, həm məhsulun universallığını yoxlamağa, həm də texnoloji və pedaqoji standartları daha da yüksəltməyə imkan verir.
Ümumilikdə, beynəlxalq bazar bizim üçün təkcə satış istiqaməti deyil, həm də inkişaf laboratoriyasıdır. Qlobal mühitdə rəqabət aparmaq məhsulu daha güclü, daha sistemli və daha dayanıqlı şəkildə qurmağa məcbur edir. Bu proses eyni zamanda bizim texnoloji və pedaqoji yanaşmamızı daha da təkmilləşdirməyə imkan verir. Gənc bir texnologiya şirkəti olaraq məqsədimiz yalnız beynəlxalq bazarlarda fəaliyyət göstərmək deyil, həm də Azərbaycanın innovasiya və texnologiya potensialını qlobal səviyyədə layiqincə təmsil etməkdir. Ölkəmizdən çıxan texnologiya təşəbbüsləri dünya miqyasında rəqabət aparmaq və real dəyər yaratmaq potensialına malikdir. “Metatesk”in uzunmüddətli hədəfi də məhz budur - qlobal təhsil texnologiyaları mühitində güclü platformalardan birinə çevrilmək və eyni zamanda Azərbaycanı innovasiya və texnologiya sahəsində beynəlxalq arenada uğurla təmsil edən şirkətlərdən biri olmaq.