AZ

Dünya nəhəngləri Körfəzdən köçür – Azərbaycan fürsətdən yararlana bilərmi?

Yaxın Şərqdəki gərginlik və İranın Körfəzdəki Amerika texnologiya şirkətlərinin data mərkəzlərinə hücumları fonunda Qərb bulud məlumat mərkəzi infrastrukturunu Türkiyəyə köçürməyi düşünür.

Musavat.com xəbər verir ki, bununla bağlı məlumat “Türkiyə” qəzetində dərc olunub.

Məlumata görə, Türkiyədə data mərkəzlərin qurulması istiqamətində işlər bir neçə ildir aparılır. Ötən ilin noyabr ayında  imzalanmış müqaviləyə əsasən yaradılacaq 3 milyard dollarlıq Google Cloud-Turkcell mərkəzinin təməlqoyma mərasimi may ayının əvvəlində Ankarada keçiriləcək və bu, "Türkiyəyə rəqəmsal miqrasiya istiqamətində ilk konkret addım" olacaq.

Qəzet qeyd edib ki, “Ulduz qapısı” (“The Stargate”) layihəsinin bir hissəsi olaraq, Körfəz dövlətləri 2030-cu ilə qədər 500 milyard dollarlıq “rəqəmsal ekosistem” yaratmağa, vergi güzəştləri və ucuz enerji ilə texnologiya nəhənglərini cəlb etməyə çalışıblar. Lakin regiondakı qeyri-sabitlik bütün bu planları pozub.

Qəzet mürəkkəb fiber-optik xətlərdən, nəhəng soyutma sistemlərindən və dənizaltı kabellərdən istifadə edən data mərkəzlərinin təkcə fiziki hücumlara deyil, həm də elektrik kəsintilərinə qarşı olduqca həssas olduğunu qeyd edir.

Nəşr Birləşmiş Ərəb Əmirliklərində və Bəhreyndə müxtəlif süni intellekt modellərinin hazırlanması və inkişafı üçün istifadə edilən data mərkəzlərinə İranın kamikadze-dron hücumlarına diqqət çəkib. Qeyd olunub ki, bu, bulud xidmətlərini iflic edib və regionda genişmiqyaslı texnologiya investisiyalarının gələcəyi ilə bağlı suallar yaradıb. Yaranan bu şəraitdə Ankara vəziyyətdən faydalanmağa çalışır.

Məqalədə Türkiyənin xəzinədarlıq və maliyyə naziri Mehmet Şimşəyin xüsusi data mərkəzinin təşviqi paketi üzərində iş elan edilməsinə dair son açıqlaması vurğulanır:

"Türkiyənin potensialı rəqəmsal sənaye nəhənglərinin radarındadır. Google Cloud və Turkcell artıq Ankarada məlumat mərkəzinə irimiqyaslı investisiyalar üçün müqavilə imzalayıblar. Lakin Türkiyə regionda yeganə oyunçu deyil. Microsoft Yunanıstanda yeni bulud zonaları yaradır və digər nəhənglər Polşa da daxil olmaqla Şərqi Avropa ölkələrində də eyni şeyi edirlər. Türkiyənin bu rəqəmsal yarışda aparıcı rol oynaması üçün sadə bir "təhlükəsizlik çətiri" kifayət deyil. İnvestorlar nüvə enerjisinin davamlı inkişafını, vergi güzəştlərini və "proqnozlaşdırıla bilən" tənzimləyici çərçivəni gözləyirlər. Bu sahələrdə qətiyyətli addımlar Türkiyəni süni intellekt dövründə qlobal məlumat mərkəzinə çevirə bilər".

WhatsApp

Qeyd edək ki, İran martın əvvəlində Amazon şirkətinin Bəhreyn və BƏƏ-dəki data mərkəzlərinə zərbə endirməyə çalışıb. SEPAH ABŞ ordusunun texnoloji müttəfiqi hesab etdiyi 18 şirkətin siyahısını açıqlayıb. "Military Chronicle" qəzetinin məlumatına görə, buraya qlobal İT sənayesinin bütün yüksək səviyyəli şirkətləri (Microsoft, Apple, Google, Intel, NVIDIA), bulud hesablama sahəsindəki əsas oyunçular, eləcə də texnologiya, müdafiə və maliyyə sahələrinin kəsişməsində yerləşən Boeing, Tesla və J.P. Morgan kimi şirkətlər daxildir. Təhdid yalnız qərargahları deyil, həm də Yaxın Şərqdəki fiziki infrastrukturu hədəf alır: Dubay, Əbu-Dabi, Doha, Ər-Riyad və Təl-Əvivdəki korporativ ofislər, məlumat mərkəzləri və tədqiqat mərkəzləri.

Körfəz ölkələri, xüsusilə də BƏƏ və Səudiyyə Ərəbistanı süni intellekt texnologiyalarının inkişafı və tətbiqi üçün qlobal mərkəzlərə çevrilməyə iqtisadiyyatlarının neft-qaz asılılığından qurtulması yolu kimi baxırlar. Ona görə də bu sahəyə, öz ərazilərində data mərkəzlərin yaradılmasına milyardlarla dollar sərmayə qoyurlar.

NEFTO.jpeg

Mütəxəssislərə görə, belə mərkəzlərə dağıdıcı zərbə qlobal şəbəkə üzərindən ötürülən bütün rəqəmsal məlumatların 60 faizə qədərinə təsir göstərə bilər. Unikal iqtisadi şəraitləri sayəsində rəqəmsal biznesin bütün nəhənglərinin Körfəz ölkələrində böyük filialları var. Microsoft-un Azure, Google Cloud və Amazon Web Services kimi nəhənglərin bulud hesablama qurğuları burada yerləşir. Bu qlobal məlumat mərkəzlərindən hər hansı birinin məhv edilməsi bu şirkətlərin əməliyyatlarının miqyası, yəni planet üçün böyük bir problemdir.

Məlumdur ki, ABŞ Çinin Cənubi Avrasiya və Afrikada artan texnoloji təsirinə qarşı Körfəz dövlətlərini süni intellekt infrastrukturu qurmağa təşviq etmək üçün əhəmiyyətli diplomatik kapital qoyub. Donald Trampın Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə 2025-ci ilin may ayında etdiyi səfər zamanı bu istiqamətdə əhəmiyyətli layihələrin açıqlanması ilə yadda qalıb: təkcə qabaqcıl komponentlərin satışına qoyulan məhdudiyyətlər yumşaldılmayıb, həm də Əbu-Dabidə OpenAI-nin planlaşdırılan "Ulduz qapısı" qurğusu da daxil olmaqla, süni intellekt tətbiq mərkəzlərinin qurulması üçün genişmiqyaslı layihələr elan edilib.

Müasir rəqəmsal iqtisadiyyat bir-biri ilə əlaqəli bulud infrastrukturuna əsaslanır, bu da hər hansı bir pozuntunun eyni vaxtda birdən çox xidmətə sürətlə yayılma riskini formalaşdırır. Bəzi rəqəmsal xidmətlər, xüsusən də real vaxt rejimində məlumatların emalından və bulud infrastrukturuna davamlı bağlantıdan asılı olanlar xüsusilə həssasdır. Bunlara rəqəmsal bank tətbiqləri, elektron ödəniş platformaları, pul köçürmə xidmətləri və maliyyə bazarı ticarət tətbiqləri daxildir. Sistemdəki bir əlaqədə pozuntu baş verərsə, onun komponentləri arasında yüksək səviyyədə qarşılıqlı asılılıq bütün bir-biri ilə əlaqəli xidmətləri pozmaq təhlükəsi yaradır. Belə bir vəziyyət artıq təcrid olunmuş infrastruktur çatışmazlığı deyil, milli və ya regional miqyasda geniş yayılmış iqtisadi pozuntu demək olar.

Bütün bunlara görə, analitiklər hesab edirlər ki, İranla münaqişə bulud texnologiyalarının bir ərazidə cəmləşməsinin fəsadlarını üzə çıxarıb. Və böyük şirkətlər artıq hansısa bir ərazidə böyük mərkəzlər qurmaq deyil, müxtəlif regionlarda lokal infrastrukturlar yaratmağa üstünlük verəcəklər.

image_1776159187533.jpg

Türkiyə bu baxımdan seçimlərdən biri ola bilər. Lakin seçimdə uğur qazanıb layihələr cəlb etmək üçün ölkə iqtisadiyyatında sərmayə mühitinin yenidən liberallaşdırılması, texnologiya nəhənglərini maraqlandıracaq vergi-güzəşt-imtiyaz paketinin təqdim olunması həlledici amildir. Bu paket həm də sabit siyasət təminatı ilə birgə olmalıdır.

Eyni yanaşma bu sahədə gec də olsa, addımlar atmağa başlayan Azərbaycan üçün də keçərlidir. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda artıq NVIDIA kimi nəhənglə işbirliyi qurmağa nail olmuş Ermənistan var. Artıq bu ölkənin ABŞ-ın və dünyanın texnologiya nəhəngi NVIDIA ilə birgə layihələri icraya yönəldilib, bu sahəyə investisiyaların dəyəri 4 milyard dollara yaxınlaşır.

Azərbaycanda ötən il Süni İntellekt Strategiyası (2025–2028), bu il isə Rəqəmsal İqtisadiyyat Strategiyası (2026–2029) təsdiqlənib. Rəsmi açıqlamaya əsasən hər iki sənəd süni intellektin dövlət idarəçiliyində tətbiqi, yüksək hesablama imkanlarının yaradılması, data əsaslı qərarvermə modelinə keçid və innovasiya ekosisteminin genişləndirilməsini hədəfləyir. Bundan əlavə, ötən ilin avqustunda ABŞ-la imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında süni intellekt, data mərkəzləri və rəqəmsal infrastruktur üzrə əməkdaşlıq istiqamətləri də əskini tapıb.

Azərbaycan bu il Qazaxıstanla birlikdə Xəzərin dibi ilə internet əlaqəsi yaradacaq fiberoptik kabelin çəkilişini başa çatdırmağı hədəfləyir. Bu, ölkəyə süni intellekt, bulud texnologiyaları üçün regional mərkəz kimi seçim üstünlüyü verə bilər. Lakin beynəlxalq şirkətlərin Azərbaycanı seçməsi üçün yetərli amil deyil: ölkədə investisiya mühitinin azad olması, rəqabət və mülkiyyət toxunulmazlığının təmin edilməsi, potensial investorlar üçün stabil vergi siyasətinin yürüdülməsi ən vacib elementlərdir.

Dünya SAKİT,
Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr