AZ

Prezident İlham Əliyev Somalinin yeni səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdinur Dahir Fidounu qəbul edib.

Aznews.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Qəbula görə minnətdarlığını bildirən Abdinur Dahir Fidou Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Hasan Şeyx Mahmuda çatdırmağı xahiş edib.

Dövlət başçısı ötən il ölkələrimiz arasında dostluq münasibətlərində yeni səhifə açmış Somali Prezidentinin Azərbaycana rəsmi səfərini xatırladaraq, həmin səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını, əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra sənədlərin imzalandığını vurğulayıb.

Azərbaycan Prezidenti ölkələrimiz arasında yaxşı siyasi münasibətlərin olduğunu deyərək, iqtisadi əməkdaşlığı genişləndirməyin önəminə toxunub.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Somalinin Azərbaycanda səfiri təyin olunmasından məmnunluğunu bildirən Abdinur Dahir Fidou ölkələrimiz arasında münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Seçilən
17
18
aznews.az

10Mənbələr