AZ

Lənkəran–Boradigah yolunda təhlükə böyüyür- Sürücülər əks yola çıxmağa məcbur qalır

LƏNKƏRAN, 14 aprel. TELEQRAF

Lənkəran–Boradigah magistral yolunda yaranmış dərin çalalar sürücülər üçün ciddi təhlükə mənbəyinə çevrilib.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, xüsusilə yolun Girdən və Viravul kəndlərindən keçən hissəsində asfalt örtüyü demək olar ki, yararsız vəziyyətə düşüb.

Son günlər yağan intensiv yağışlardan sonra vəziyyət daha da ağırlaşıb – yolun xüsusilə sol hissəsində iri və dərin çalalar əmələ gəlib.

Sürücülər bildirirlər ki, bu səbəbdən hərəkət xeyli çətinləşib, qəza riski isə əhəmiyyətli dərəcədə artıb. Gecə saatlarında yolun görünməsi daha da çətinləşir və nəqliyyat vasitələri tez-tez çalalara düşərək zədələnir.

Problemdən yayınmaq istəyən sürücülər məcburən əks hərəkət zolağına çıxır. Bu isə qarşıdan gələn avtomobillərlə toqquşma ehtimalını artırır. Qeyd olunur ki, məhz bu səbəbdən sözügedən ərazidə artıq bir neçə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Yerli sakinlər də mövcud vəziyyətdən ciddi narazıdırlar. Onların sözlərinə görə, piyadaların bu yoldan təhlükəsiz istifadə etməsi demək olar ki, mümkün deyil. Avtomobillər çalalara düşərkən ətrafa su sıçrayır, nəticədə piyadalar çətin vəziyyətdə qalır. Bəzi sürücülər isə çalalardan yayınmaq üçün piyada zolağına çıxır ki, bu da əlavə təhlükə yaradır.

Sakinlər və sürücülər aidiyyəti qurumlardan magistral yolun qısa müddətdə əsaslı şəkildə təmir olunmasını tələb edirlər.

Seçilən
4
teleqraf.com

1Mənbələr