AZ

Texnologiyanın işığında bir müəllim ömrü - MÜSAHİBƏ

Bilikdən ideyaya, ideyadan gələcəyə uzanan pedaqoji yol

Müasir dövrdə müəllimlik artıq təkcə bilik ötürmək deyil, həm də düşüncə formalaşdırmaq, istiqamət vermək və gələcəyin insanını formalaşdırmaq missiyasına çevrilib. Xüsusilə informatika kimi daim yenilənən bir sahədə müəllim olmaq həm böyük məsuliyyət, həm də davamlı inkişaf tələb edir.

Bu müsahibədə biz uzun illər pedaqoji fəaliyyət göstərmiş, həm elmi, həm də praktiki sahədə uğurları ilə seçilən Bakının Nəsimi rayonundakı İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın informatika müəllimi Rəna Abışova ilə tanış olacağıq.

- Oxucularımıza özünüzü necə təqdim edərdiniz?

-Mən Abışova Rəna Aydın qızı, 1989-cu il 7 avqust tarixində Bakı şəhərində ziyalı bir ailədə anadan olmuşam. İlk pedaqoji fəaliyyətimə 2009-cu ildə başlamışam. Bu illər ərzində bir çox beynəlxalq yarışların qalibi olmuş, beynəlxalq dərəcəli müəllim, “Yaradıcı müəllim” müsabiqəsinin qalibi, ekspert müəllim və debat çempionatının qalibi kimi müxtəlif uğurlara imza atmışam. Müəllimliklə yanaşı, 2014–2023-cü illərdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda da fəaliyyət göstərmişəm.

-İnformatika və texnologiyaya marağınız necə yaranıb və bu sahədə təhsil almaq qərarını necə verdiniz?

-Texnologiyaya marağım erkən yaşlardan məktəb dövründən yaranıb. Kompüterlərlə tanış olduqca bu sahənin nə qədər maraqlı və geniş olduğunu gördüm. Zamanla anladım ki, informatika gələcək üçün böyük imkanlar yaradır. Bu səbəbdən bu sahədə təhsil almağa qərar verdim. Bir ixtisasım İnformatika müəllimi digər ixtisasım isə Kompüter şəbəkələri və şəbəkə inzibatçılığıdır.

- Müxtəlif peşələr arasında niyə məhz informatika müəllimliyini seçdiniz?

-Həm müəllimliyi,həm də İnformatika sahəsini sevdiyim üçün bu bilikləri başqaları ilə bölüşmək istədim. Müəllimlik isə həm öyrətmək, həm də gələcək nəsli inkişaf etdirmək imkanı verdiyi üçün məhz informatika müəllimliyini seçdim.”

- Müəllimlik, xüsusilə informatika müəllimliyi sizin üçün nə ifadə edir?

- Müəllimlik mənim üçün bilik paylaşmaq və gələcək nəsli formalaşdırmaqdır. İnformatika müəllimliyi isə şagirdlərə texnologiyanı düzgün istifadə etməyi, məntiqi və yaradıcı düşünməyi öyrətmək deməkdir.”

- Sizcə informatika müəllimi olmağın ən çətin tərəfləri nələrdir?*

-İnformatika müəllimi olmağın ən çətin tərəflərindən biri texnologiyanın daim dəyişməsi və bu yenilikləri davamlı izləmək məcburiyyətidir.Amma bu işi sevdiyim üçün çətinlik belə mənə xoş gəlir.

- İlk dərs gününüzü necə xatırlayırsınız? Şagirdlərlə ilk informatika dərsiniz necə keçdi?

-Müəllim ailəsində dünyaya göz açdığım üçün sinif otağına özgüvənli daxil olmuşdum. İlk 5 dəqiqəni şagirdlərlə tanışlığa ayırdım, onların adlarını öyrəndim və dərsə maraqlarını yoxladım. Bu qısa tanışlıq həm aramızda səmimi mühit yaratdı, həm də dərsin daha rahat və interaktiv keçməsinə şərait yaratdı. Sonra isə dərsi sadə və maraqlı şəkildə izah edərək şagirdlərin diqqətini cəlb etməyə çalışdım.

- Universitet və məktəb illərinizdə informatika müəllimlərinizdən sizə ən çox təsir edən hansı məqamlar olub?

-Tələbəlik və məktəb illərində informatika müəllimlərimdən mənə ən çox təsir edən məqam onların dərsi maraqlı və həyati nümunələrlə izah etmələri olub. Onlar yalnız mövzunu öyrətmirdilər, eyni zamanda düşünməyi, araşdırma aparmağı və problemi müstəqil həll etməyi bizə aşılayırdılar. Xüsusilə yadda qalan cəhət isə onların hər bir şagirdə fərdi yanaşması və daim dəstək olmaları idi. Bu münasibət məndə həm bu fənnə marağı artırdı, həm də şagirdləri inkişaf etdirən biri olmaq istəyini formalaşdırdı.

- Uzun illər işləyən müəllim kimi əvvəlki şagirdlərlə indiki texnologiya dövrünün şagirdləri arasında hansı fərqləri görürsünüz?

-Əvvəlki şagirdlərlə indiki texnologiya dövrünün şagirdləri arasında ciddi fərqlər müşahidə olunur. Əvvəlki illərdə şagirdlər daha çox kitaba, müəllimin izahına və sinifdə verilən materiala bağlı idilər. Məlumata çatmaq daha çətin olduğuna görə düşünmə, yadda saxlama və yazılı işləmə bacarıqları daha güclü formalaşırdı.

İndiki şagirdlər isə texnologiyaya çox yaxın böyüyüblər. Onlar informasiyanı daha tez əldə edir, rəqəmsal alətlərlə daha rahat işləyir və vizual öyrənməyə daha çox üstünlük verirlər.əvvəlki nəsil daha çox “çətinliklə öyrənən”, indiki nəsil isə “tez əldə edən” şagirdlərdir. Bu da müəllimdən daha yaradıcı, interaktiv və texnologiyadan istifadə edən tədris üsulları tələb edir.

- Şagirdlərinizə informatika və texnologiya sahəsində ən çox hansı tövsiyələri verirsiniz?

- Şagirdlərimə həmişə aşılayıram ki, əsas məqsəd yalnız proqramları öyrənmək deyil, məntiqi düşünməyi, problemi analiz etməyi və həll yolu tapmağı bacarmaqdır. Çünki texnologiya daim dəyişir, amma düşünmə bacarığı həmişə aktual qalır. Eyni zamanda, vurğulayıram ki, vaxtlarını düzgün idarə etsinlər və texnologiyadan faydalı məqsədlər üçün istifadə etsinlər. İnternetdə sadəcə məlumat istehlak etmək yox, həm də öyrənmək, araşdırmaq və öz bacarıqlarını inkişaf etdirmək çox vacibdir. Son olaraq isə onlara daim öz üzərlərində işləməyi, yeni şeylər öyrənməkdən çəkinməməyi və səhvlərdən qorxmamağı tövsiyə edirəm.

- İnformatika müəllimi olmaq istəyən gənclərə hansı məsləhətləri verərdiniz?

-Ən vacib məsləhətim odur ki, bu peşəyə yalnız bilik ötürmək kimi yox, həm də şagirdin düşünmə tərzini formalaşdırmaq missiyası kimi yanaşsınlar. İlk növbədə, daim öz üzərlərində işləsinlər. İnformatika sürətlə dəyişən sahədir, ona görə də yeni proqramları, texnologiyaları və tədris üsullarını öyrənmək heç vaxt dayanmamalıdır. Səbirli və anlayışlı olmaq çox önəmlidir. Hər şagird eyni sürətlə öyrənmir, əsas məqsəd onları müqayisə etmək yox, inkişaf etdirməkdir. Dərsləri mümkün qədər maraqlı və praktiki qurmaq lazımdır. Şagirdlər yalnız dinləyici yox, aktiv iştirakçı olmalıdırlar. Mənim üçün isə ən qürurverici məqam odur ki, bu gün artıq mənim peşəmi davam etdirən şagirdlərim var. Həqiqətən çox sevindiricidir ki, informatikanı onlara sevdirə bilmişəm və onların bu sahəni seçməsi mənim üçün ən böyük motivasiyadır.

- Tədris prosesində müasir texnologiyaların (kompüter, proqramlar, süni intellekt və s.) tətbiqi barədə fikirləriniz necədir?

-Kompüter, proqramlar və xüsusilə süni intellektin tətbiqini çox müsbət və zəruri hesab edirəm.

Kompüter və müxtəlif tədris proqramları dərsləri daha vizual, interaktiv və praktik edir. Şagirdlər yalnız dinləməklə kifayətlənmir, eyni zamanda görərək və tətbiq edərək öyrənirlər ki, bu da biliklərin daha uzunmüddətli yadda qalmasına kömək edir.

Süni intellekt isə müəllim üçün həm köməkçi vasitədir, həm də yeni imkanlar yaradır. O, fərdi öyrənmə prosesini dəstəkləyir, şagirdlərin zəif tərəflərini müəyyənləşdirməyə və onlara uyğun tapşırıqlar verməyə imkan yaradır. Eyni zamanda, müəllimin işini yüngülləşdirərək daha çox yaradıcı və yönləndirici rol almasına şərait yaradır.

Amma burada vacib bir məqam var: texnologiya müəllimi əvəz etmir, əksinə onu tamamlayır. Əsas olan insan faktoru, ünsiyyət və pedaqoji yanaşmadır. Məncə, ən ideal model — müəllim və texnologiyanın birlikdə işlədiyi, bir-birini gücləndirdiyi tədris mühitidir.

-Dərslərinizdə uğur qazanmağınızın əsas səbəbini nədə görürsünüz?

-Məncə uğurun əsas sirri fənnə, şagirdlərə sevgi, səbir və davamlı inkişafdır — həm müəllim üçün, həm də şagird üçün.

- Müəllimlik fəaliyyətinizdə informatika sahəsi ilə bağlı ən yaddaqalan uğurunuz hansıdır?

-Şagirdlərimin STEAM Azərbaycan Festivalı, bebras,proqramlaşdırma olimpiadalarında və müxtəlif layihələrdə uğur qazanması, hətta bəzilərinin mənim peşəmi davam etdirməsi ən böyük nəticə hesab edirəm.

- Şagirdlərinizin texnologiya sahəsində inkişafı sizi necə motivasiya edir?

-Bəzən sadə bir tapşırığı belə uğurla həll etmələri onların özlərinə inamını artırır və bu inkişaf prosesini izləmək çox dəyərlidir. Hər kiçik uğur mənə göstərir ki, düzgün istiqamət verildikdə hər şagird öz potensialını ortaya qoya bilir.

- İnformatika dərslikləri haqqında fikirləriniz necədir?

-Ümumilikdə baza bilikləri vermək baxımından faydalıdır, dərsliklər şagirdlərə mövzular üzrə sistemli bilik verir və proqramlaşdırma, alqoritmlər, kompüterin əsasları kimi mövzuları ardıcıl şəkildə öyrənməyə kömək edir. Lakin müasir texnologiyanın çox sürətlə dəyişdiyi bir dövrdə dərsliklər bəzən yenilənməlidir. Şagirdlər daha çox praktik tapşırıqlara, real layihələrə və müasir proqramlara ehtiyac duyurlar.

-Sizcə onlar necə təkmilləşdirilməlidir?

-İnteraktivlik artırılmalıdır. Məsələn, QR kodlar vasitəsilə video izahlar, onlayn tapşırıqlar və test platformalarına keçidlər əlavə oluna bilər. Bu, şagirdin öyrənmə prosesini daha maraqlı edər.

Həmçinin fərqli səviyyələrə uyğun tapşırıqlar verilməsi də önəmlidir. Hər şagird eyni səviyyədə olmadığı üçün həm asan, həm də çətin tapşırıqların olması onların inkişafına daha yaxşı təsir göstərər.

-Sizcə informatika fənni şagirdlərin dünyagörüşünün və gələcək peşə seçimlərinin formalaşmasında hansı rol oynayır?

-Təbii ki, şagirdlərdə məntiqi və analitik düşünmə bacarıqları formalaşdırır. Bu fənn vasitəsilə şagirdlər texnologiyanın iş prinsiplərini anlayır və onu yalnız istifadəçi kimi deyil, yaradıcı şəkildə tətbiq etməyi öyrənirlər. Eyni zamanda informatika onların gələcək peşə seçimlərinə ciddi təsir göstərir və proqramlaşdırma, süni intellekt kimi sahələrə maraq yaradır. Nəticədə, şagirdlər daha məlumatlı və müasir dövrün tələblərinə uyğun karyera istiqamətləri seçə bilirlər.

-Yaxşı informatika müəllimi hansı keyfiyyətlərə malik olmalıdır?

-Yaxşı informatika müəllimi ilk növbədə öz sahəsini dərindən bilməli və daim yenilikləri izləməlidir, çünki texnologiya sürətlə inkişaf edir. O, dərsi sadəcə nəzəri şəkildə yox, praktik və maraqlı üsullarla izah etməyi bacarmalıdır ki, şagirdlər fənni daha yaxşı qavrasın.

Eyni zamanda, səbirli, anlayışlı və şagirdlərə motivasiya verən biri olmalıdır.

-Son dərs gününüzü necə təsəvvür edirsiniz? Şagirdlərinizlə vidalaşma sizin üçün necə olar?

-Vidalaşma asan olmaz, çünki hər sinif otağında bir xatirə, bir sevgi buraxıb gedirəm. Hər şagird baxışı mənim üçün ayrı bir xatirəyə çevrilir.Anlayıram ki, müəllimlik sadəcə peşə deyil, ömürlük izdir.

-Azərbaycan təhsil sistemində informatika fənninin vəziyyətini necə qiymətləndirirsiniz?

-Son illərdə məktəblərin böyük hissəsi kompüterlərlə təmin olunub və informatika üçün xüsusi siniflər yaradılıb, bu da şagirdlərin praktiki bacarıqlar qazanmasına şərait yaradır  . Dövlət səviyyəsində də rəqəmsallaşma və İKT-nin təhsilə inteqrasiyası prioritet istiqamət kimi qəbul olunur Hətta son islahatlarsa təhsil sənədlərinin elektronlaşdırılması kimi addımlar da bu sahənin inkişaf etdiyini göstərir. Eyni zamanda, inkişaf edən layihələr (məsələn, rəqəmsal bacarıqlar,steam) şagirdlərdə proqramlaşdırma və məntiqi düşünməni formalaşdırmağa yönəlib .

-Müəllim kimi sizi ən çox qürurlandıran şagird uğuru hansı olub?

-Uşaqlarımın hər zaman olimpiadalardan nəticə ilə qayıtması məni daim qürurlandırır. Bu uğurlar onların zəhmətinin, əzminin və düzgün istiqamətləndirilməsinin nəticəsidir. Hər bir nailiyyət mənim üçün böyük sevinc və müəllim əməyinin ən gözəl qarşılığıdır.

-Övladlarınızın da texnologiya və ya müəllimlik sahəsinə marağı varmı?

-Düşünürəm müasir uşaqların hər birinin texnologiya sahəsinə marağı var. Onlar artıq texnologiyadan sadəcə istifadəçi kimi yox, öyrənən və maraq göstərən tərəf kimi yanaşırlar.

Müəllimlik sahəsinə gəldikdə isə, bu peşənin məsuliyyətini və dəyərini gördükləri üçün müəyyən maraq hiss olunur. Amma mən onlar üçün seçim azadlığını daha vacib hesab edirəm — əsas odur ki, sevdikləri sahəni seçsinlər və yaxşı ixtisascı olsunlar.

-Müasir dövrdə informatika müəlliminin cəmiyyətdə rolu sizcə nə qədər önəmlidir?

 -İnformatika müəlliminin cəmiyyətdə rolu çox böyük və əvəzolunmazdır. Çünki bu gün texnologiya həyatın hər sahəsinə daxil olub və şagirdlərin bu dünyaya düzgün hazırlaşması məhz informatika müəllimindən asılıdır.

-Rəqəmsal dövrdə Azərbaycan dilinin qorunması barədə nə düşünürsünüz?

-Azərbaycan dilinin qorunması həm milli kimliyimizin, həm də mədəni irsimizin yaşadılması baxımından son dərəcə vacibdir. Texnologiyanın sürətli inkişafı və xarici dillərin geniş yayılması fonunda ana dilimizin saflığını və zənginliyini qorumaq daha böyük məsuliyyət tələb edir.

Bu baxımdan, təhsil sistemində və rəqəmsal platformalarda Azərbaycan dilinin düzgün və səlis istifadəsi təşviq olunmalı, gənclərdə ana dilinə sevgi və həssaslıq formalaşdırılmalıdır. Çünki dilimizi qorumaq yalnız bir vəzifə deyil, həm də gələcək nəsillərə ötürülən ən qiymətli mirasdır.

-Şagirdlərə həm texnologiyadan istifadə, həm də düzgün dil normalarına riayət etməyi necə aşılayırsınız?

-Texnologiyadan düzgün istifadəni, həm də dil normalarına riayət etməyi paralel şəkildə aşılayıram. Dərslərimdə çalışıram ki, onlar texnologiyadan yalnız informasiya əldə etmək üçün deyil, eyni zamanda düzgün və səlis şəkildə ifadə etmək üçün istifadə etsinlər.

Təqdimatlar, layihələr və yazılı tapşırıqlar zamanı şagirdlərdən həm texniki baxımdan düzgün işləməyi, həm də Azərbaycan dilinin qaydalarına uyğun, səliqəli mətnlər hazırlamağı tələb edirəm. Onlara izah edirəm ki, rəqəmsal savadlılıq yalnız texnologiyanı bilmək deyil, həm də fikri düzgün və mədəni şəkildə ifadə etməkdir.

Eyni zamanda özüm də dərs zamanı düzgün və aydın danışaraq nümunə olmağa çalışıram. Beləliklə, şagirdlər həm texnologiyadan səmərəli istifadə etməyi, həm də ana dilinə hörmətlə yanaşmağı öyrənirlər.

- Gələcək planlarınız nələrdir?

-Gələcək planlarım barədə çox danışmağı düzgün hesab etmirəm, bəlkə də onları özüm üçün sirr saxlamaq daha yaxşıdır. Amma bir şey dəqiqdir: irəli, yalnız irəli.

-İnformatika sahəsində hansı yenilikləri tətbiq etməyi düşünürsünüz?*

-“İnformatika sahəsində tədrisin keyfiyyətini artırmaq üçün daha müasir və innovativ yanaşmaların tətbiqini vacib hesab edirəm. İlk növbədə layihə əsaslı öyrənmənin genişləndirilməsi, şagirdlərin real problemlər üzərində işləməsi və praktiki bacarıqlar qazanması prioritetdir. Eyni zamanda süni intellekt və rəqəmsal platformaların dərs prosesinə inteqrasiyası ilə fərdi öyrənmə mühitinin yaradılması da mühüm yeniliklərdəndir. Bundan əlavə, interaktiv resurslar, onlayn qiymətləndirmə sistemləri və proqramlaşdırma üzrə praktiki simulyasiyaların tətbiqi dərslərin daha maraqlı və effektiv keçməsinə şərait yaradır. Ümumilikdə məqsəd informatika tədrisini daha çevik, müasir və nəticəyönümlü bir sistemə çevirməkdir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
9
ikisahil.az

1Mənbələr