AZ

Tədqiqat: Süni intellekt ilkin diaqnozların azı 80 faizində səhvə yol verir

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 14 aprel, AZƏRTAC

Genişmiqyaslı süni intellekt dil modelləri hələ müstəqil klinik istifadəyə hazır deyil, çünki onlar 80 faizdən çox halda diferensial diaqnozları düzgün şəkildə formalaşdıra bilmir. Bu barədə “JAMA Network Open” jurnalında dərc olunmuş yeni araşdırmanın nəticəsində deyilir.

AZƏRTAC jurnala istinadla xəbər verir ki, tədqiqat ABŞ-nin ən böyük qeyri-kommersiya tibbi və elmi sistemlərindən biri olan “Mass General Brigham” tədqiqatçıları tərəfindən aparılıb. Nəticələrə görə, generativ süni intellekt hələ də tibdə təhlükəsiz istifadə üçün zəruri olan klinik düşüncə mexanizmlərindən məhrumdur.

Araşdırma zamanı tədqiqatçılar “Claude”, “DeepSeek”, “Gemini”, GPT və “Grok” versiyaları da daxil olmaqla 21 dil modelini təhlil ediblər. Qiymətləndirmə modellərin ilkin diaqnozdan müalicə seçiminə qədər klinik düşüncənin müxtəlif mərhələlərində sınaqdan keçirilməsinə imkan verən ixtisaslaşmış “PrIME-LLM” alətindən istifadə etməklə 29 standart klinik hal üzrə aparılıb.

Nəticələr göstərir ki, süni intellekt sistemləri qəti diaqnoz qoymaqda nisbətən yüksək dəqiqlik nümayiş etdirir və bu, xüsusən də laboratoriya və görüntüləmə məlumatları da daxil olmaqla tam klinik məlumatlarla modeldən asılı olaraq 60 faizdən 90 faizə qədər dəyişir. Lakin erkən mərhələlərdə məlumat məhdud olduqda, modellər əhəmiyyətli çətinliklərlə üzləşir.

“Davamlı irəliləyişlərə baxmayaraq, genişmiqyaslı, kütləvi istehsal olunan dil modelləri hələ müstəqil klinik istifadəyə hazır deyil”, - deyə tədqiqatın həmmüəllifi Mark Suzzi qeyd edib. Onun sözlərinə görə, süni intellekt hələ klinik mülahizələrin əsasını təşkil edən diferensial diaqnostikanı təkrarlaya bilmir.

Tədqiqatın müəllifi Arya Rao vurğulayıb ki, modellər tam mənzərə ilə təqdim edildikdə yaxşı işləyir, lakin diaqnozun erkən mərhələlərinə xas olan qeyri-müəyyənliklə mübarizə aparır.

Təhlilə əsasən, ən təsirli modellərə “Grok 4”, “GPT-5”, “GPT-4.5”, “Claude 4.5 Opus”, “Gemini 3.0 Flash” və “Gemini 3.0 Pro” daxildir.

Ekspertlər vurğulayırlar ki, texnologiyanın böyük potensialına baxmayaraq, onun səhiyyədə istifadəsi mütəxəssislərin məcburi iştirakı ilə müşayiət olunmalıdır. İspaniya Ailə və İcma Təbabəti Cəmiyyətinin nümayəndəsi Susana Manso Qarsiya qeyd edib ki, insanların klinik mülahizələri vacib olaraq qalır.

Tədqiqatçılar, həmçinin süni intellekt vasitələrindən ehtiyatla istifadəni və hər hansı bir sağlamlıq problemi üçün ixtisaslı səhiyyə mütəxəssislərinə müraciət etməyi tövsiyə edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
2
azertag.az

3Mənbələr