AZ

Azərbaycan Ermənistandan BU “məhsulu” gözləyir – 7 iyundan SONRA...

Bakı İrəvanla sülh və etimad quruculuğu prosesinə sadiqdir. Təkcə sözdə yox, həm də əməldə. Hansı öhdəliklər ki, ötən ilin 8 avqustunda Ağ Evdə Prezident İlham Əliyev, həmkarı Donald Tramp və Baş nazir Nikol Paşinyann imzaladıqları Birgə Bəyannamədə öz əskini tapıb.

Ancaq Ermənistana edilən birtərəfli reveranslar əsla Azərbaycanın zəifliyi kimi deyil, əksinə, qalib və güclü tərəf olaraq üstünlüyünün və böyüklüyünün təzahürü kimi qəbul edilməlidir. Bu da növbəti fakt.

Bu gün Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub. Qonşu ölkəyə daha 22 vaqon (1298 ton) dizel yanacağı göndərilib. Cəmi 3 gün qabaq – aprelin 11-də Bakıdan Ermənistana 887 ton dizel yanacağı yola salınmışdı. Ümumilikdə indiyədək Azərbaycandan Ermənistana 6312 ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub. Həmçinin, bu gün Rusiyadan Ermənistana Azərbaycan vasitəsilə növbəti tədarük həyata keçirilib: 240 ton gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib...

Ermənistan məhsullarımızı almağa davam edirsə, demək ki, ehtiyacları var. Məlumatlara görə, Azərbaycanın yüksək keyfiyyətli neft məhsulları həm də tranzit xərclərinin aşağı olması səbəbindən qonşu ölkədə yanacağın ucuzlaşmasına gətirib.

Əlbəttə, Bakı bu qəbil strateji əhəmiyyətli məhsullarla bahəm, erməni xalqına həm də siyasi mesaj göndərir. Sülh və əmin-amanlıq içində, sərfəli iqtisadi-ticari iş birliyi içində yaşamağın dəyərini, üstünlüyünü anlatmağa çalışır. Absurd iddialar və miflərlə yaşamağın nə dərəcədə təhlükəli və mənasız olduğunun erməni ictimai rəyində oturuşmasına çalışır və ümid edir. Niyə?

Çünki SSRİ hələ dağılmamışdan Güney Qafqazda əsas fitnə-fəsad yuvası kimi məhz Ermənistan və ermənilər tanınıb. Acı nəticə ortada: çox istəyirdilər, azdan da oldular və 29.7 min kv km-lik Ermənistana sığınmalı oldular. Regiondan keçən neft-qaz və dəmiryolu arteriyalarından kənarda qaldılar.

Beləcə, Azərbaycanla, Türkiyə ilə düşmənçilik onları Rusiyadan vassal asılılığına gətirdi. Simvolik dövlətçiliklə kifayətlənməli oldular. O da hələ sual altındadır. Əgər köhnə və başından yekə iddialar hakimiyyət və cəmiyyət səviyyəsində davam edərsə, simvolik Ermənistan da dünyanın xəritəsindən silinəcək. Belə olub-olmayacağını 7 uyun seçkilərindən və ardınca keçirilməsi nəzərdə tutulan konstitusiya referendumundan biləcəyik...

Ermənistan

Bakıdan verilən əsas ismarış da elə budur. Qarşıdakı kritik seçkilər ərəfəsi bu mesaj-xəbərdarlıq şübhəsiz ki, tarixi önəm daşıyır. Zira, erməni toplumunun səhv eləmək limiti bitib. Azərbaycan üçün Ermənistandan hansısa məhsulu idxal eləməkdən qat-qat önəmli olan da bu! Yoxsa bir daha nə ucuz Bakı benzini görəcəklər, nə də digər məhsullarımızı. Azərbaycan tranzit yolunu da istənilən an bağlaya bilər, əgər erməni elektoratı Paşinyanı qoyub “müharibə partiyası”nın hansısa təmsilçisini, on sırada Rusiyaya bağlı bir revanşisti baş nazir eləsə.

Bu xüsusda yəqin ki, rəsmi Bakının və ya Azərbaycan XİN-in 7 iyun seçkiləri ilə bağlı erməni xalqına məxsusi müraciət-xəbərdarlığı olacaq. Təbii ki, erməni seçicisinin son dəfə götür-qoy edərək və iki dəfə düşünərək, yeganə doğru qərarı verməsini asanlaşdırmaq üçün. Qonşu ölkədən, onun cəmiyyətindən gözlədiyimiz əsas “məhsul”, nəticə bu – Paşinyanla yola DAVAM...

Zahid SƏFƏROĞLU

Seçilən
2
musavat.com

1Mənbələr