Cəmiyyətdə narkomaniyaya qarşı mübarizə və profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı müzakirələr davam edir. Bu istiqamətdə narkoloji müayinələrin nikah və əmək münasibətlərində daha geniş tətbiqi məsələsi də gündəmə gətirilib.
Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva narkomaniyaya qarşı mübarizə və narkoloji müayinələrin genişləndirilməsi ilə bağlı QHT.az-a açıqlama verib.
O qeyd edib ki, “Azərbaycan dövləti narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı ardıcıl və prinsipial mübarizəni davam etdirir”, lakin cəmiyyətə vurulan zərərin miqyası hələ də ciddi problem olaraq qalır.
"Dövlətimiz narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı ardıcıl və prinsipial mübarizəni davam etdirir. Amma cəmiyyətimizə narkomaniyanın vurmuş olduğu zərər danılmazdır.
Azərbaycan qanunları həm fərdlərin, həm də cəmiyyətin hüquqlarını qorumaq prinsipinə əsaslanır. Eyni zamanda, narko-testi nigah müayinələrinə daxil etməklə, cəmiyyəti də qorumuş olarıq.
Nigaha daxil olduqda İİV/QİÇS, viruslu hepatitlər, talessemiya kimi xəstəliklər üzrə müayinələr tələb olunur. Lakin narkoloji müayinə bu siyahıya daxil deyil.Yeni qanun layihəsinə əsasən işə qəbul zamanı və iş yerində şəxsin qeyri-adekvat davranışları müşahidə edilərsə, narkoloji müayinə tələb olunacaq. Bu praktika bu günədək bəzi iş yerlərində, hüquq-mühafizə strukturlarında mövcud idi. İndi isə bütün iş yerlərinə şamil olunacaq.
Lakin müayinə real vaxt müddətində aparılmalıdır, mərkəzdə qeydiyyatda olub-olmaması ilə bağlı arayış yetərli olmamalıdır.
Bəzi hallarda, testlərin cavabı da aldadıcı ola bilər, bu zaman testin təkrarlanması faydalı olardı.
Mövzunun aktuallığı nəzərə alınaraq, bu müayinənin də məcburi müayinələr siyahısına daxil edilməsi gələcəkdə sağlam ailələrin qurulması baxımından doğru olardı.
Bu yanaşma artıq asılılığı olmayan, tam sağalmış şəxslərin ailə qurmaq hüququna mane olmamalıdır. Xəstənin həmin andakı müayinə nəticələri əsas götürülməlidir. Nə vaxtsa, narkoloji mərkəzdə qeydiyyatda olmaq əsas olmamalıdır. Əksinə, sağalmış şəxslərin cəmiyyətə reinteqrasiyasını dəstəkləyən addımlar atılması vacibdir".- deyə Pərvanə Vəliyeva bildirib.
Zəhra Ağayeva