AZ

Livan dövləti danışıqları atəşkəs üçün istifadə etmək istəyir



David Seliverstov: "Yaxın perspektivdə hərtərəfli siyasi razılaşma ehtimalı aşağıdır"

"İsrail–Livan danışıqları Amerika–İran danışıqları kimi tam nəticəsiz qalmayacaq, amma böyük siyasi saziş də verməyəcək. Ən real ssenari budur: Bu xətt üzrə yaxın mərhələdə tam sülh yox, məhdud texniki nəticə mümkündür. Yəni atəşin azalması, lokal təhlükəsizlik mexanizmləri, vasitəçilik kanalının açıq qalması".

Bu fikirləri Newscenter.az-a Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə nümayəndəliyinin rəhbəri, beynəlxalq hüquq müdafiəçisi, Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri David Seliverstov İsrail-Livan danışıqlarını şərh edərkən deyib. O bildirib ki, çünki Livan dövləti danışıqları atəşkəs üçün istifadə etmək istəyir, amma İsrail atəşkəsi əsas mövzu saymır və diqqəti Hezbollahın silahsızlaşdırılmasına yönəldir:

"Üstəlik Hezbollah artıq əvvəlcədən bəyan edib ki, bu danışıqlardan çıxacaq razılaşmaları tanımaya bilər. Bu isə masanı bağlamır, amma onu sərt şəkildə məhdudlaşdırır. Mənim dəqiq proqnozum belədir ki, yaxın günlərdə danışıqların tam çökməsi yox, davam etməsi daha realdır. Lakin yaxın perspektivdə hərtərəfli siyasi razılaşma ehtimalı aşağıdır. Ən mümkün nəticə “idarə olunan gərginlik” modelidir. Başqa sözlə, tərəflər bir-birini qəbul etdikləri üçün yox, müharibənin qiymətinin artdığını gördükləri üçün danışacaqlar. Hazırda döyüş əməliyyatları davam edir, İsrail cənub Livanda əməliyyatı genişləndirir, raket və dron hücumları da bitməyib. Belə fonda böyük diplomatik sıçrayış adətən olmur".

David Seliverstov hesab edir ki, Amerika–İran xətti ilə əsas fərq budur:

"Vaşinqton–Tehran masasındakı ixtilaf strateji səviyyədədir — nüvə proqramı, zənginləşdirilmiş materialın çıxarılması, Hörmüz və dəniz təhlükəsizliyi kimi maksimum sərt mövzular üzərindədir. Ona görə həmin danışıqlar dayansa belə, tərəflər “təmas davam edir” desələr də, orada anlaşma üçün siyasi məsafə daha böyük qalır. İsrail–Livan kanalı isə daha dar və daha praktik mövzuya söykənir: sərhəd təhlükəsizliyi və atəşin idarəsi. Bu səbəbdən onun qismən nəticə vermə şansı ABŞ–İran formatından daha yüksəkdir".

Süleyman
Seçilən
12
1
newscenter.az

2Mənbələr