AZ

İşləmək üçün hansı daha yaxşıdır?

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son illərdə əmək bazarında diqqəti çəkən əsas məsələlərdən biri dövlət və özəl sektor arasında maaş fərqinin getdikcə daha qabarıq şəkildə hiss olunmasıdır. 

Xüsusilə iqtisadi inkişaf, biznes mühitinin dəyişməsi və kadr bazarında rəqabətin artması fonunda özəl sektor bəzi sahələrdə daha yüksək əməkhaqqı təklif etdiyi halda, dövlət sektorunda maaşların nisbətən sabit qalması bu fərqi daha da dərinləşdirir. 

Bu vəziyyət işçi seçimlərinə, peşəkar kadrların bölüşdürülməsinə və ümumilikdə əmək bazarının balansına birbaşa təsir göstərir. Bəs bu fərq işçi seçimlərinə və kadr axınına necə təsir edir? 

İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bidirib ki, son dövrlərdə dövlət və özəl sektor arasında əməkhaqqı fərqinin artması əmək bazarında ciddi müzakirə mövzusuna çevrilib. Bu fərqin formalaşması və genişlənməsi bir sıra iqtisadi və institusional amillərlə bağlıdır. 

“Maaş fərqinin əsas səbəbləri ilə bağlı onu deyə bilərəm ki, dövlət sektorunda əməkhaqları əsasən büdcə imkanları, vahid tarif cədvəlləri və inzibati qərarlarla müəyyən edilir. 

Bu isə əmək bazarındakı real tələb-təklif münasibətlərinə çevik reaksiya verməyə imkan vermir. Özəl sektorda isə əməkhaqqı bazar prinsiplərinə əsaslanır, məhsuldarlıq, şirkətin gəlirliliyi və rəqabət mühiti ilə birbaşa bağlı olur. Xüsusilə maliyyə, tikinti, İT və konsaltinq kimi sahələrdə yüksək ixtisaslı kadrlar üçün daha yüksək maaş təklifləri müşahidə edilir. 

Bundan əlavə, dövlət sektorunda sosial təminat və sabitlik ön planda olduğu halda, özəl sektor performansa əsaslanan daha çevik və yüksək gəlir imkanları təqdim edir”. Bu fərqin işçi seçimlərinə və kadr axınına təsirinə gəlincə, ekspert deyir ki, maaş fərqlərinin artması əmək bazarında balansın pozulmasına səbəb olur: 

“Yüksək ixtisaslı və bacarıqlı mütəxəssislər daha yüksək gəlir əldə etmək üçün özəl sektora yönəlirlər. 

Bu isə dövlət sektorunda kadr çatışmazlığı, xüsusilə peşəkar və innovativ düşüncəyə malik işçilərin azalması ilə nəticələnir. Digər tərəfdən, dövlət sektorunun təqdim etdiyi sabitlik və sosial təminatlar bəzi işçi qrupları üçün hələ də cəlbedici olaraq qalır. 

Nəticədə əmək bazarında seçimlər daha çox risk və gəlir balansı üzərində formalaşır. Mövcud fərqin azaldılması üçün kompleks yanaşma tələb olunur. İlk növbədə dövlət sektorunda əməkhaqqı sisteminin daha çevik və performansa əsaslanan modelə keçirilməsi vacibdir. 

Büdcə təşkilatlarında ixtisas və nəticəyə görə diferensial maaş siyasəti tətbiq oluna bilər. Eyni zamanda, qeyri-maddi stimullar,karyera inkişafı, təlim proqramları və sosial paketlərin genişləndirilməsi də önəmli rol oynayır. 

Özəl sektorla rəqabət qabiliyyətini artırmaq üçün dövlət qurumlarında institusional islahatlar, şəffaflıq və səmərəliliyin yüksəldilməsi də zəruridir”. 

İqtisadçı qeyd edir ki, dövlət və özəl sektor arasında əməkhaqqı fərqinin idarə olunması yalnız maaş artımı ilə deyil, ümumi idarəetmə və əmək bazarı siyasətinin təkmilləşdirilməsi ilə mümkün ola bilər.

Qeyd edək ki, dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən son islahatlar çərçivəsində mükafatlandırma mexanizminin ləğvi nəzərdə tutulur. Bununla bağlı dəyişikliklər Milli Məclisin qəbul etdiyi “Dövlət qulluğu haqqında” Qanunda və digər qanunvericilik aktlarında öz əksini tapıb. 

Beləliklə, aparılan dəyişikliklər nəticəsində əməkhaqqının daha sabit və əvvəlcədən proqnozlaşdırıla bilən olması təmin ediləcək, dövlət qulluqçularının gəlirlərinin daha çox sabit maaş üzərində formalaşmasına zəmin yaradacaq. Burada əsas məqsəd isə insanların diqqətini daha çox dövlət orqanlarına yönəltməkdir. 

Aişə Abdulova 

"Cebheinfo.az"

Açar sözlər:

iş Asif İbrahimov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr