ain.az, Cebheinfo portalına istinadən məlumat verir.
Florida ştatının dairə məhkəməsi ABŞ Prezidenti Donald Trampın şərəf və ləyaqətin müdafiəsi ilə bağlı “The Wall Street Journal” qəzetinin naşirlərinə qarşı qaldırdığı 10 milyard dollarlıq iddiasını rədd edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə adıçəkilən qəzet məlumat yayıb. Qeyd edilir ki, iddia 2025-ci ilin iyul ayında “Wall Street Journal”-da Trampın seksual cinayətkar kimi məhkum edilmiş mərhum amerikalı maliyyəçi Cefri Epşteynə açıqca verməsinə dair məqalə ilə əlaqədardır.
2025-ci ilin sentyabr ayında ABŞ Nümayəndələr Palatasının demokrat üzvləri tərəfindən bu açıqcanın fotoşəkli dərc edilib. Açıqcada çılpaq qadın bədəninin sxematik silueti təsvir olunub və üzərində “Cefri” və “Donald” arasında dialoq dərc edilib.
O, “Ad günün mübarək və qoy, hər gün yeni bir gözəl sirr olsun” ifadəsi ilə bitir. “Wall Street Journal” qəzetinin açıqca ilə bağlı məqaləsində digər məsələlərlə yanaşı, Trampın onu Epşteynə göndərdiyini inkar etdiyi və nəşri məhkəməyə verməklə hədələdiyi vurğulanıb.
Hakim bildirib ki, böhtanı sübut etmək üçün Donald Tramp nəşrin və onun müxbirlərinin pis niyyətlə hərəkət etdiyini, yəni qəsdən yalan məlumat dərc etdiklərini və ya həqiqəti ehtiyatsızlıqla görməzdən gəldiklərini göstərməli idi.
“Tramp jurnalistlərin qəsdən hərəkət etdiyini və məktubun saxta olduğu iddiasını təsdiqləməkdən bilərəkdən yayındığını sübut edə bilməyib”-məqalədə belə qeyd edilir.
“Məhkəmə iddiası bu standarta uyğun gəlmir. Tam əksinədir”,- ABŞ-nin sabiq prezidenti Barak Obama tərəfindən Florida dairə məhkəməsinin hakimi təyin edilmiş Derin Qeyls qərarın əsaslandırılmasında belə yazıb. Hakim bildirib ki, jurnalistlər məqaləni hazırlayarkən Trampın özündən, ABŞ Ədliyyə Nazirliyinin rəsmilərindən və Federal Təhqiqat Bürosundan şərh istəyiblər.
“Qısacası, şikayət və məqalə təqsirləndirilən şəxslərin araşdırma aparmağa cəhd etdiyini təsdiqləyir”,- Qeyls bildirib. Hakim əlavə edib ki, Tramp məhkəmə iddiasına düzəliş edərək aprelin 27-ə qədər yenidən təqdim edə bilər.
Trampın vəkillər komandasının nümayəndəsi prezidentin “The Wall Street Journal” və digər cavabdehlərə qarşı güclü məhkəmə iddiası qaldıracağını deyib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.