AZ

İstehlak qiymətləri 6%-ə yaxın artıb

BAKI, 14 aprel. TELEQRAF

2026-cı ilin yanvar-mart aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-mart aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzrə 3,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artmışdır.

2025-ci ilin mart ayı ilə müqayisədə illik qiymət artımı 5,6 faiz, son bir ayda isə 0,5 faiz təşkil etmişdir.

2026-cı ilin mart ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,0 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 6,5 faiz artmışdır.

Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından əsasən uzun düyü, çörək, toyuq əti, təzə balıq, süd, pendir, süfrə marqarini, günəbaxan və qarğıdalı yağları, limon, portağal, naringi, banan, alma, armud, kivi, qoz, fındıq, xiyar, pomidor, şirin bibər, balqabaq, yerkökü, kartof bahalaşmış, yumurta, şabalıd, gül kələmi, brokkoli, sarımsaq, soğan isə ucuzlaşmışdır. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2026-cı ilin mart ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,2 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 3,7 faiz artmışdır. Mart ayında əvvəlki ayla müqayisədə əsasən sement, mebellər, zərgərlik məmulatları bahalaşmış, qış geyimləri, məişət cihazları isə ucuzlaşmışdır. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2026-cı ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,2 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 5,7 faiz təşkil etmişdir. Mart ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri bahalaşmış, xarici ölkələrə təşkil edilən istirahət turlarının dəyəri isə ucuzlaşmışdır. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Seçilən
6
2
teleqraf.com

3Mənbələr