Bu gün Azərbaycanda ilk professional teatr təhsili almış aktrisa Fatma Qədrinin 119 illiyi tamam olur.
Musavat.com xəbər verir ki, səhnəmizin ilk peşəkar aktrisalarından olan Fatma Qədri 14 aprel 1907-ci ildə Rusiyanın Odessa şəhərində çoxuşaqlı, kasıb ailədə doğulub.
Ondan əvvəl ailədə artıq doqquz qız övladı böyüyürdü. Fatma oğula həsrət bu ailənin 10-cu qız övladı olur.
Qızının oxumaq arzusunu hiss edən anası günlərin birində Fatmanın əlindən tutub onu tanıdıqları bir evə gətirir. O, on iki yaşlı qızını bu ailəyə qulluqçuluğa verir. Fatma burada ailənin qulluqçuluğunu edir, ona verilən əməkhaqqını isə məktəb pulu kimi yığıb toplayır. Fatma əvvəlcə mollaxana dərslərinə gedir. Lakin sonradan o, buradan bezib şəhərdəki Xalq Məktəbinə getməklə rus dilində təhsilə başlayır. Şəhər mühitində açıq havada göstərilən teatr tamaşalarının birini də ötürmür.
Gözəl oxumaq qabiliyyəti ilə sinif yoldaşlarından seçilən Fatma həmin günləri belə xatırlayırmış:
"Həmyaşıdlarım al-əlvan geyinib gəzintiyə çıxanda mən evimizdə için-için ağlayardım. Gecə-gündüz Allaha yalvarardım ki, ya canımı alsın, ya da bəxtimi açsın".
Valideynləri onu uşaqsız-soysuz olan varlı astarxanlı xalasına övladlığa verirlər. Fatma isə ailəsindən ayrılmaq, başqa mühitdə yaşamaq istəmədiyindən yarı yoldan qaçıb öz kasıb daxmalarına qayıdır. Günlərin bir günü Fatma Odessada çekist işləyən Əhəd Axundzadə ilə qarşılaşır. Axundzadə Fatmaya aşiq olur. Onu özü ilə Bakıya gətirir. Burada o, özünün Artıq adı ilə vidalaşıb Fatma adını götürür, soyadını isə atasının adını yazdırır. Axunzadələrin qohumu məşhur opera sənətkarı Şövkət Məmmədova onların evində tez-tez qonaq olurdu. Çox keçmir ki, o, Fatmaya köməklik etməyi öz boynuna götürür. Fatma Şövkət xanımın təşəbbüsü ilə yenicə yaradılmış Bakı Azərbaycan Pedaqoji İnstitutuna daxil olur. Lakin o, ailəsindən gizlin həm də Dövlət Teatr Texnikumuna daxil olur. Burada Aleksandr Tuqanovla, Cəfər Cabbarlı ilə tanış olur.

Fatmanın təhsil almasında baldızlarının və qayınlarının rolu çox böyük olur. Ailə və həyat yoldaşı onun təhsil almasını dəstəkləyir, ancaq onun aktrisa olmasını qəti şəkildə istəmirlər. Bir müddət sonra Axundzadə ilə Fatma arasında soyuqluq yaranır. Dörd ildən sonra isə cütlük yollarını ayırır. Fatma ərindən boşanır.
O, eyni zamanda paralel olaraq Ali Qadın Pedaqoji İnstitutunda da təhsilini davam etdirib. Səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb, burada Nübar ("Cancur Səməd", M.Əfəndiyev, J.B.Molyerin "Zorən xəstə" əsərinin təbdili), Sürucuin ("Hind qızı", Ə.Hamid), Oa-Şen ("Çin tanrısı", F.Pavlovun "Tunc büt" əsəri üzrə),Gülüş və Sevil ("Sevil", C.Cabbarlı), Xumar ("Şeyx Sənan", H.Cavid), Esmeralda ("Paris Notrdam kilsəsi", V.Hüqonun eyniadlı əsəri üzrə), Gülbahar ("Anamın kitabı", C.Məmmədquluzadə) kimi səhnə obrazları
yaradıb.
1932-1935-ci illərdə Bakı Rus Dram Teatrında fəaliyyətini davam etdirən aktrisa burada Janna Barbie ("İntervensiya"), Raya ("Özgə uşağı"), Solmaz ("Od gəlini"), Sona ("1905-ci ildə"), Baroneasa Ştral ("Maskarad") rollarınında oynayıb.
1933-cü ildən sonra Teatr Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasında, Teatr İnstitutunda aktyorluqdan dərs deyib.
1935-ci ildə respublikanın əməkdar artisti fəxri adına layiq görülən Fatma Qədiri elə həmin ildən fəaliyyətini Azərbaycan Milli Dram Teatrında davam etdirib. Burada Maşa ("Dubrovski", A.S.Puşkin), Xuraman ("Vaqif", S.Vurğun), Cülyetta,Emiliya ("Romeo və Cülyetta", "Otello", U.Şekspir), Luiza ("Məkr vəməhəbbət", F.Şiller), Larisa, Katerina ("Cehizsiz qız", "Tufan",A.Ostrovski), Polina ("Ögey ana", O.Balzak), Gültəkin ("Aydın", C.Cabbarlı), Məhəbbət ("Məhəbbət", M.İbrahimov) obrazlarında çıxış edib.
37-ci ilin repressiyasından Fatma Qədri də öz nəsibini alıb. Aktrisa Barat Şəkinskaya xatirələrində yazır:
"Fatma Qədri neçə il idi ərindən boşanmışdı. Onun keçmiş əri Əsəd Axundzadə mənim dayım idi. Təhlükəsizlik komitəsində, yüksək vəzifədə işləyirdi. Yadımdadır, Fatma Qədri hətta iclasda dedi ki, axı, mənim keçmiş ərim indi ailə qurub. Onun qanuni həyat yoldaşı Tamara adlı bir qadındır. Amma kim idi onların bu sözlərinə baxan.

Vaxtilə dayımla ailəli olması onu da təhlükə altında qoymuşdu. Biz Şəmsi ilə maddi cəhətdən o qədər əziyyət çəkmirdik. Qohumlarım bizə xəlvəti kömək edirdilər. Fatma Qədrinin vəziyyəti isə daha ağır idi. Yadımdadır, həmin vaxtlar Şəmsi ilə kitab pasajına daxil olmaq istəyirdik. Uzaqdan Fatma Qədrini gördüm. O, Şekspirin əsərini məhəcərə qoyub, müştəri gözləyirdi. Biz tez çevrilib getdik ki, o, bizi görüb utanmasın".
Gənclərlə işləməyi sevən aktrisa uzun illər hazırkı Bakı Dövlət Universitetində dram dərnəyinin rəhbəri olub dəfələrlə yerli sovetlərə deputat seçilib. Bir çox medallarla təltif olunan aktrisa Xalq artisti fəxri adına da layiq görülüb.
Azərbaycan teatrının inkişafında əvəzssiz rolu olan Fatma Qədiri 1968-ci ildə 60 yaşında Bakıda həyatla vidalaşıb.
Şahanə Rəhimli
Musavat.com