AZ

Sima Sami Bahous: AQEM Qadınlar Şurasının yaradılması yüksək qiymətləndirilməlidir

Bakı, 14 aprel, AZƏRTAC

AQEM Qadınlar Şurasının yaradılması yüksək qiymətləndirilməlidir. Bu mühüm təşəbbüs qadınların dayanıqlı inkişafın mərkəzinə çevrilməsi istiqamətində atılan əhəmiyyətli addımdır. İnanırıq ki, bu platforma qadınların səsinin daha aydın eşidilməsinə, onların qərarvermə proseslərində iştirakının genişlənməsinə və regional əməkdaşlığın güclənməsinə töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bunu “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransın açılış mərasimində “UN Women” təşkilatının İcraçı direktoru Sima Sami Bahous videomüraciətində deyib.

O qeyd edib ki, dünya əhalisinin yarıdan çoxunu qadınlar təşkil edir və onlar iqtisadi inkişafın ayrılmaz hissəsidir. Buna baxmayaraq, qadınlar hələ də əsasən qeyri-formal sektorda və aşağı maaşlı işlərdə təmsil olunurlar, biznes və sahibkarlıq fəaliyyətində isə onların iştirakı istənilən səviyyədə deyil.

“Qadınların iqtisadi cəhətdən gücləndirilməsi bu problemlərin aradan qaldırılmasının əsas yollarından biridir. Bu, qadınların daha layiqli və dayanıqlı iş imkanlarına çıxışını genişləndirəcək, onların sahibkarlıq fəaliyyətində iştirakını artıracaq və innovativ iqtisadi proseslərə inteqrasiyasını sürətləndirəcək. Nəticə etibarilə, qadınların iqtisadi və sosial həyatda daha fəal iştirakı cəmiyyətlərin dayanıqlı, inklüziv və balanslı inkişafına xidmət edir”, - deyə Sima Sami Bahous vurğulayıb.

Müxbir - Aytac Haqverdiyeva, Tərgül Babayeva, Fərid Səlimov
Fotoqraf - Azər İbrahimov
Operator - İlham Nadirov
Seçilən
11
1
azertag.az

2Mənbələr