“Neftçi”nin müdafiəçisi Elvin Bədəlovun QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 27-ci turunda “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub etdiniz. Oyunla bağlı fikirləriniz necədir?
- İlk dəqiqələrdən sürətli, baxımlı oyun sərgilədik. Temp çox yaxşı idi. Rəqib qapısı qarşısında qol epizodları yaradırdıq. İlk hissədə hesabı açdıq. Düzdür, qol epizodlarımız çox idi. Bu mövsüm bizim xəstəliyimiz qol epizodlarını boşa verməyimizdir. Şükürlər olsun ki, qələbə qazandıq.
- İkinci hissədə oyununuz elə də yaxşı alınmadı...
- Bəli, ikinci hissədə zəif oynadıq. İlk 45 dəqiqədəki kimi çıxış etsəydik, daha böyük hesablı qələbə qazanardıq. Lakin bu da futbolun tərəflərindən biridir.
- Rəqib hesab arasındakı fərqi azaltdıqdan sonra üzərinizdə gərginlik, yaxud uduzmaq qorxusu var idi?
- Gərginlik yox idi, sadəcə müdafiədə daha diqqətli oynamağa çalışdıq. Rəqibi əks-hücumda yaxalamaq istəyirdik. Daha bir qol buraxmaq istəmirdik.
- “Araz-Naxçıvan”la oyuna çıxarkən artıq “Zirə”nin xal itirdiyini bilirdiniz. Bu məqam motivasiyanızı daha da artırmışdı?
- “Zirə”nin nəticəsinə baxmayaraq, motivasiyamız onsuz da yüksəkdir. Çünki turnir cədvəlində yuxarı pillələrə daha yaxınlaşırıq. Hər matç bizim üçün motivasiyadır. “Zirə” xal itirdi. Amma qarşıda hələ oyunlar var.
- Bununla belə, hazırda sizi dördüncü pillədən cəmi 1 xal ayırır...
- Elədir. “Zirə”dən bir xal geri qalırıq. Növbəti turda da onlarla qarşılaşacağıq. Hazırlaşacağıq. Hər şey öz əlimizdədir. “Araz-Naxçıvan”a qarşı ilk hissədə göstərdiyimiz oyunu yenə də sərgiləsək, düşünürəm ki, hər şey yaxşı olacaq.
- Demək olar ki, qarşıdakı 3 matç – “Zirə” və “Qarabağ”la 2 oyun “Neftçi”nin avrokuboklara gedib-getməyəcəyinin böyük ölçüdə müəyyənləşdirəcək?
- Çətindir nəsə demək. Digər matçları da nəzərə almaq lazımdır. Amma real yanaşsaq, elədir, 60-70 faiz hər şey bu matçlarda müəyyənləşəcək. Sonra da 4 oyunumuz olacaq. Axıra qədər mübarizə aparacağıq. Son tura qədər əlimizdən gələni edəcəyik ki, avrokuboklara yollanaq.
- Bürünc medala ümidiniz qalıb, yoxsa əsas hədəf dördüncü yeri tutmaqdır?
- Hələ ki mübarizədəyik. Nə qədər irəli gedə bilsək, bir o qədər yaxşıdır.
- Üçüncü yeri ona görə soruşuram ki, “Zirə”nin kubokda finala yaxın olması “Neftçi”nin işini bir qədər çətinləşdirir, planları pozur. Dördüncü yeri tutub avrokuboklardan kənarda da qala bilərsiniz...
- Əslində bizim planımız hər oyunda qələbə qazanmaqdır. Biz ilk növbədə bunu düşünürük.
- Bassalu Sambu və Vensan Abubakarın zədələnməsindən sonra son oyunlar “Neftçi” nominal hücumçusuz oynayır, “yalançı 9 nömrə” ilə. Demək olar ki, bu taktika “Neftçi” üçün daha effektivdir?
- Meydana hücumçu ilə çıxdığımız matçlar da pis alınmırdı. Sambu yaxşı forma yığmışdı, qollar vururdu. Bunu deməmək olmaz. İndi “yalançı 9 nömrə” ilə oynayırıq. Bu da pis alınmır. Məncə, hər taktikanın öz üstünlükləri var. Sırf hücumçu ilə də yaxşı futbol oynayırsan, qabaqda top saxlayırsan. Bu tərəfdən də irəlidə daha hərəkətli olursan. Məncə, hər iki taktika bizim üçün yaxşıdır. Əsas qələbələrdir.
- “Araz-Naxçıvan”la oyunda stadiondakı azarkeş sayı əvvəlki matçlara baxanda bir qədər artıq idi. Lakin yəqin razılaşarsınız ki, 2200 nəfər də “Neftçi” kimi klub üçün azdır. Növbəti ev oyunu “Qarabağ”ladır. Vacib matç öncəsi azarkeşlərə hər hansı çağırış etmək istərdiniz?
- İnanıram ki, “Qarabağ”la oyunda stadion dolacaq. Sizin vasitənizlə də azarkeşləri hər ev oyununda bizə dəstək olmağa çağırıram. Yanımızda olsunlar, biz də əlimizdən gələni edəcəyik ki, onları sevindirək.